Bu ilin əvvəlində Rusiyanın Çeçenistan regionundakı hakimiyyət gey və biseksual kişilərə qarşı qorxutma və işgəncə kampaniyasını bərpa edib. Bunu Human Rights Watch insan haqları qrupu bildirib. Bir neçə nəfər quruma təpikləndiyini, döyüldüyünü, elektroşoka məruz qoyulduğunu, əşyalarla zorlandığını bildirib.
HRW hesabatı mayın 8-də yayıb. Bundan öncə rusiyalı fəallar ötən ilin sonundan bu Şimali Qafqaz regionunun “geylərdən təmizlənməsi”nə başlandığını, bunun 2019-cu ilin əvvəlinədək davam etdiyini deyiblər.
2017-ci ilin əvvəlində də Çeçenistanda oxşar kampaniya aparılmışdı, bu, həm Rusiyada, həm də digər ölkələrdə qəzəb doğurmuşdu.
İşgəncə növləri
Apreldə isə Amnesty International təşkilatı bildirirdi ki, Rusiya hakimiyyəti qurbanlar üçün ədaləti təmin edə bilməyib, özlərini “bu ağır cinayətlərlə əlbir” kimi göstəriblər.
Rusiya Çeçenistanda lesbian, gey, biseksual və transgender icma ilə rəftara görə beynəlxalq təzyiqlə üzləşir. On ildən çoxdur bu regiona Kremlin dəstəklədiyi Ramzan Kadyrov başçılıq edir.
Human Rights Watch 2018-ci ilin sonunda və bu ilin əvvəlində saxlanmış dörd nəfərdən müsahibə aldığını bildirir. Onlar Çeçenistanın paytaxtı Qroznıda Daxili İşlər Departamentinə məxsus binada üç gündən 20 günədək saxlanıblar.
“Polis əməkdaşları onları çəkməli ayaqları ilə təpikləyib, çubuq və polietilen borularla döyüb, üçünə elektroşokla işgəncə verilib. Biri çubuqla zorlanıb”, – qurum bildirir.
Həmin şəxslərin deməsinə görə, polisin onlara işgəncə verməkdə məqsədi digər geylərin kimliyini müəyyənləşdirmək olub. Bəzi hallarda onlara gey, yaxud biseksual olmaqda şübhəli bilinənlərin fotoları göstərilib.
“Bir nəfər deyib ki, polis onu ailəsinə təhvil verib, seksual oriyentasiyasını ifşa edib və dolayısı ilə ailə üzvlərini onu öldürməyə həvəsləndirib”, – hesabatda vurğulanır.
Müsahibə verənlərdən bəziləri polisin onların buraxması üçün böyük məbləğdə pul tələb etdiyini bildirib.
Hakimiyyət bu dəfə kampaniyaya sanksiya veribmi?
Human Rights Watch Çeçenistan hakimiyyətinin 2017-ci ilin yazındakı kimi antigey kampaniyasına sanksiya verməsinə dəlil tapmadığını qeyd edir.
O zaman müstəqil “Novaya Gazeta” geylərə qarşı oğurlanma, işgəncə, qətl kampaniyasının aparıldığını yazırdı.
Human Rights Watch sonradan bu kampaniyanın aparılmasını təsdiqlədi, bunu “çeçen cəmiyyətini onlardan təmizləmək cəhdi” adlandırdı.
HRW-nın hesabatına hələlik, reaksiya verilməsə də, Kadyrov-un sözçüsü daha öncə yayılan məlumatları təkzib etmişdi.
Kadyrov özü də geylərə təzyiqləri danıb. O hətta Çeçenistanda geylərin yaşamadığını bildirib.
2017-ci ilin dekabrında ABŞ Xəzinədarlığı Kadyrov-u işgəncə və “qeyri-qanuni qətllər”də ittiham edərək maliyyə sanksiyalarına məruz qoyub.