Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:12

'Yalançı məlumat bazası toplayırlar'-Media icmalı


Günəş panelləri və külək turbinləri
Günəş panelləri və külək turbinləri

Azərbaycanda multikultural ənənələr, icbari tibbi sığortanın tətbiqində gözlənən çətinliklər, alternativ enerji mənbələrinə olan ehtiyac və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Günəşin və küləyin payı

Moderator.az saytında «Alternativ və bərpaolunan səriştəsizlik, yoxsa?-Azərbaycan hər il milyonlar itirir...» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkədə alternativ elektrik enerjisi mövzusunu deputat Əli Məsimli ilə müzakirə edib.

Yazıda bildirilir ki, bu məsələ hələ 2018-ci ilin iyulunda Mingəçevirdə baş vermiş məlum elektrik açılmalarından sonra əhəmiyyət kəsb edib. Müəllif vurğulayır ki, 2019-cu ilin I rübündə ixracla bağlı qeyri-neft sektorunda elektrik enerjisi (38.4 milyon ABŞ dolları) birinci yeri tutub. Yazıda bildirildiyinə görə, ixracatçı olmaq yaxşıdır, amma digər tərəfdən, ölkə daxilində istehlakçıların fasiləsiz enerji təminatı nəinki qənaətbəxş deyil, əksinə, bir çox hallarda təəssüf doğurur.

Müəllif 2018-ci ilin iyulunda Azərbaycanın enerji şəbəkəsində baş verən böhranı yada salır: «Məhz həmin olay bir mühüm məsələni də gündəmə gətirdi. Əcəba, milyonlarla dövlət vəsaiti sərf olunan alternativ enerji mənbəsi ilə məmləkəti qismən də olsa, təmin etməli olan şəbəkədə - Alternativ və Bərpa Olunan Enerji Mənbələri ilə təminatda vəziyyət necədir? Bəlli oldu ki, bu şəbəkənin adından başqa heç nəyi yoxdur».

Ə.Məsimli də sayta deyib ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan nəzərə alınaraq dünyanın inkişaf etmiş ölkələri alternativ enerji mənbələrinə üstünlük verirlər: «Ekoloji cəhətdən təmiz texnologiyaya əsaslanan bərpaolunan enerji mənbələri arasında günəş və külək enerjisi mühüm yer tutur… Azərbaycanda günəşli günlərin sayı əksər ölkələrdəkindən çoxdur. Bakı isə küləklər şəhəridir. Amma son illərin statistikası göstərir ki, hələ ki, ölkədə istehsal olunan elektrik enerjisinin 90 faizindən çoxu istilik elektrik stansiyalarının, 9.5 faiz su elektrik stansiyalarının, 0.5 faizindən azı isə günəş və küləyin payına düşür».

N.Bəydəmirli
N.Bəydəmirli

«Şəffaf olmayan iqtisadiyyatda…»

Bizimyol.info saytında «Şəffaf olmayan iqtisadiyyatda icbari tibbi sığortanın yeni fəsadlarını görürəm» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə icbari tibbi sığortanın mümkün tətbiqi və inkişafı barədə tibbi klinika sahibi Nazim Bəydəmirli ilə söhbət edib.

N.Bəydəmirliyə görə, hələ ki, ölkədə dövlət və özəl tibbi sektor arasında sağlam rəqabət yoxdur: «İldə bir neçə milyon nəfərin pulsuz müayinədən keçirilməsi ilə bağlı səslənən rəqəmləri bir neçə dəfə eşitmişik. Mən buna şübhə ilə yanaşıram. Müşahidələrimiz də onu göstərir ki, bu rəqəmlər heç də həqiqət deyil, əslində yerdə olan dövlət səhiyyə müəssisələri bu və ya digər formada müxtəlif statistik rəqəmlərlə manipulyasiya edirlər. Bununla da yuxarılara öz işlərini yaxşı göstərmək üçün yalançı məlumat bazası toplayırlar».

Yazıda qeyd edilir ki, Prezident İlham Əliyev bu il 6 milyona yaxın insanın dövlət xətti ilə müayinədən keçəcəyini bildirib.

N.Bəydəmirli hesab edir ki, bu, real rəqəm deyil: «Hətta vətəndaşların müayinədən keçirilməsi heç bir avadanlıqdan istifadə etmədən vizual baxışla təşkil edilsə belə, bu qədər tibbi personal onları müayinə edə bilməzdi. Ölkədə həkim sayını həmin rəqəmə böldükdə, bu mümkünsüz olur».

İcbari tibbi sığorta ilə bağlı N.Bəydəmirli deyib ki, sığortanın tətbiqi yaxşı hal olsa da, onun necə idarə olunmasından çox şey asılıdır. İşadamının deməsinə görə, neft şirkətində neçə il əvvəldən icbari tibbi sığorta həyata keçirilib, amma sığorta olunan şəxslər məhdud sayda tibb müəssisələrinə müraciət hüququna malikdirlər . Bu da, onun fikrincə, inhisarın bir növüdür. «İcbari tibbi sığortanın tətbiqi özlüyündə müsbət olsa da, indiki durumda-Azərbaycan iqtisadiyyatında məmur sahibkarlığı, inhisarçılıq davam etdikcə, dövlət vəsaitlərinin yenə də məhdud sayda kimlərəsə məxsus özəl klinikalara yönləndirilməsi baş verəcək… Ona görə də şəffaf olmayan iqtisadiyyatda bunun yeni fəsadlarını görürəm», – N.Bəydəmirli bildirib.

Azərbaycanda pravoslav xristianlar Milad bayramını qeyd edirlər. 7 yanvar 2018
Azərbaycanda pravoslav xristianlar Milad bayramını qeyd edirlər. 7 yanvar 2018

Çoxmədəniyyətlilik

«Azərbaycan» qəzetində «Çoxmədəniyyətlilik Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanın dünyanı silkələyən terrorizm və ekstremizmlə birgə mübarizənin önündə getməsi, bu məsələlərdə beynəlxalq təşkilatları bir araya gətirməsi artıq ənənə halını alıb.

Yazıda vurğulandığına görə, bu mənada Bakıda tərəfdaşlıq, əməkdaşlıq ruhu, böyük imkanlar var.

Müəllifin fikrincə, çox da uzaq olmayan tarixə nəzər salmaqla demək olar ki, terrorizmin konkret təzahürü «Ərəb baharı» inqilablarının iflası ilə başlayıb: «Yaxın Şərq və Şimali Afrikada vətəndaş müharibələrinin şahidi olduq. Suriya, İraq, Yəmən, Somali, Sudan, Liviya, Sinay və Afrika səhrası kimi yerlərdə sözlə ifadə edilə bilməyən dəhşətlər törədildi. Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, həm də İslamın ikinci din kimi qəbul edildiyi Qərbi Avropa ölkələrində Qərb və müsəlman icmaları arasındakı uçurum dərinləşir ki, bu da çox təhlükəlidir».

Yazıda daha sonra mayın 2-də «Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq» şüarı ilə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edilir. Müəllifin fikrincə, bəşəriyyəti narahat edən problemlərin həlli yollarının araşdırılması baxımından bu tədbirin əhəmiyyəti çox böyükdür.

Yazıda habelə bildirilir ki, tədbir iştirakçıları Azərbaycanın multikulturalizm ənənələri barədə ətraflı məlumatlandırılıblar: «Ölkəmizdə mövcud müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən bəhs edildi».

XS
SM
MD
LG