Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:41

'Bir dəstə insan az qalıb barrikada qursun'-Media icmalı


O.Gündüz
O.Gündüz

Bakıda yaşıllıqların məhv edilməsi, vəkillərin durumu, sosial layihələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Haradadır səlahiyyətli qurumlar?»

YeniSabah.az saytında «Ağacları qorumağa da prezident müdaxilə etməlidir?» sualı gündəmə daşınır.

Sayt Bakıda yaşıllıqların qırılması ilə bağlı «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikirlərinə yer verib. «Xəbər lentinə baxıram, sanki küçə döyüşlərinə hazırlıq gedir. Anlamıram nə baş verir», - O.Gündüz yaşıllıqların qırılmasına belə münasibət bildirir.

O, özbaşınalıqların narahatlıq doğurduğunu vurğulayır: «Bir dəstə insan Xətaidə gecə ağacların kəsilməsinin qarşısını almaq üçün az qalıb barrikada qursunlar. Bir dəstə adam 28 May tərəfdə qədim binanın sökülməsinin qarşısını almağa çalışır. Bir neçə gün öncə də, yalnız birinci vitse-prezident İçərişəhər Qala Divarlarına baş çəkəndən sonra qanunsuzluq edənlər oradan çəkilib gediblər. Nə baş verir? Vətəndaşlar nə üçün gecə keşik çəkməlidirlər? Bunun adı ictimai nəzarət deyil. Bu, fərqli bir şeydir. Haradadır səlahiyyətli qurumlar?.. Ağacları qorumağa da prezident və ya birinci vitse-prezident müdaxilə etməlidir?».

O, suallarına davam edir. O.Gündüz soruşur ki, hər yerdə kameraların mövcudluğu, texnologiyanın inkişaf etdiyi və səlahiyyətli qurumların olduğu bir zamanda bu qədərmi çətindir qanun pozuntularını aşkar etmək?

«Biz hökumətdən ciddi səylər gözləyirik. Prezident Administrasiyası baş verən qanunsuzluqların qarşısını almaq, ... dövlət nəzarətini gücləndirmək üçün təsirli tədbirlər görməlidir».

A.İsmayılov
A.İsmayılov

Vəkil vəkilin müdafiəsində

Azadliq.info saytında «Vəkil vəkili müdafiə etməyə çağırır» sərlövhəli yazı oxumaq olar.

Sayt ölkədə bəzi vəkillərin durumu ilə bağlı vəkil Adil İsmayılovun dəyərləndirməsinə yer verib.

A.İsmayılov Penitensiar Xidmətin (PX) şikayəti əsasında Vəkillər Kollegiyasından (VK) çıxarılan Yalçın İmanovdan başlayır: «2017-ci ildə Penitensiar Xidmətin şikayəti əsasında Yalçın İmanov vəkillikdən uzaqlaşdırıldı. De-yure vəkil statusu saxlanılsa da, de-fakto artıq iki ildir ki, vəkillik edə bilmir. Bəziləri deyir ki, VK vəkillikdən çıxartmır, sadəcə təklif verir, vəkillikdən məhkəmə çıxarır. İki ildir Yalçının işi məhkəmələrdədir, belə getsə, bir iki il də məhkəmə bitməyəcək. Heç kim də narahat olmayacaq ki, bu illər adamın ömründən, kisəsindən gedir, özü də təkcə onun kisəsindən yox, bu illər ərzində adam neçə-neçə günahsız insana vəkillik edə, kömək göstərə bilərdi…».

A.İsmayilov yazıb ki, bu dəfə Penitensiar Xidmətin hədəfində digər hörmət etdiyi vəkil Fariz Namazlıdır: «Eşitdiyimə görə, bir-iki ay olar ki, Fariz Namazlı PX-nın qara siyahısına salınıb. Vəkillik fəaliyyətinə qadağa qoyulmasa da, onun türmələrə girişinə qadağa qoyulub. Yəqin, Yalçının işindən sonra PX əmindir ki, VK bu dəfə də onun sözünü yerə salmayacaq».

A.İsmayilovun fikrincə. F.Namazlı barəsində intizam işi başlanılması onun vəkillikdən uzaqlaşdırılması prosesinin başladığı deməkdir. O, daha sonra həmkarlarına üz tutaraq onları belə məsələlərdə bir-birlərini müdafiə etməyə səsləyir: «Sonralar müdafiəsiz qalmaq istəmiriksə, gəlin nə qədər gec deyil Farizi müdafiə edək...».

İ.Əliyev
İ.Əliyev

Sosial problemlərin həlli

«Azərbaycan» qəzetində «Ölkəmizdə sosial problemlərin həllinə kompleks yanaşılır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Yazıda vurğulandığına görə, dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini də hədəf götürür: «Cari ilin əvvəlindən də əhalinin sosial müdafiəsi istiqamətində mühüm işlər görülür. Prezidentin imzaladığı... fərmanlar sayəsində minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40, məcburi köçkünlərə verilən müavinət 50 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə... artıb».

Müəllifə görə, iş yerlərinin açılması davamlı prosesə dönüb. Yazıda iddia edilir ki, son 15 ildə 2 milyon iş yeri açılıb: «Amma əhalimiz də artır. İndi 10 milyonuq. Yəni açılan 2 milyon iş yerinin fonunda əhalimiz 1.7 milyon nəfər çoxalıb. Odur ki, artan əhalinin işlə təmin edilməsi üçün müxtəlif proqramlar hazırlanır. Məsələn, yaxın gələcəkdə 40 min ödənişli ictimai iş yerinin yaradılması, özəl sektorun bu işə daha fəal cəlb edilməsi nəzərdə tutulur».

Yazıda daha sonra prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışından sitat da gətirilir. Prezident orada əhalinin məşğulluğunun təminatı ilə bağlı həyata keçirilən daha bir layihə - özünüməşğulluq proqramı haqqında deyib: «İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur...».

XS
SM
MD
LG