Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Xurma ikiqat bahalaşıb-Media icmalı


Xurma
Xurma

Ölkədə sosial-iqtisadi infrastrukturun vəziyyəti, qiymət artımı, qazın keyfiyyətinin pisləşməsi ilə bağlı şikayətlər və başqa məsələlər medianını aparıcı mövzularındandır...

«Xurmanın qiymətini qaldırdılar»

YeniSabah.az saytında «Prezident süni qiymət artımını tənqid etdi, xurmanın qiymətini qaldırdılar» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanda xurmanın qiymətində kəskin bahalaşma baş verib: «Son günlərə qədər 1.6 manata satılan xurmanın qiyməti hazırda 2.8 manatdır. Qiymət artımı heç də təbii deyil, Ramazan ayı ilə bağlı olaraq süni olaraq qaldırılıb».

Müəllif bildirir ki, İrandan idxal edilən və kiloqramla satılan xurmaların qiymətində isə təqribən 3 manata qədər artım var.

Yazıda xatırlanır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Nazirlər Kabinetinin iclasında süni qiymət artımı ilə bağlı məsələyə toxunmuşdu. «Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır… Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar…», - prezident deyib.

Müəllif özü isə bunları yazıb: «Bəlli olur ki, xurma idxalı ilə məşğul olan sahibkarlar prezidentin xəbərdarlığından nəinki doğru nəticə çıxarmayıblar, əksinə, tapşırığa zidd olaraq xurmanın qiymətini təxminən iki dəfəyə qədər artırıblar».

Təbii qaz
Təbii qaz

Qazın keyfiyyəti aşağı düşüb?

Modern.az saytında «Qaz limiti artırıldı – bəs keyfiyyət aşağı düşdü?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirildiyinə görə, əhaliyə güzəştli qiymətlə verilən təbii qazın limitinin artırılmasından sonra bəzi abonentlərdə etiraz yaranıb: «Bu isə qazın keyfiyyəti ilə bağlıdır. Sosial şəbəkədə yazan abonentlər bildirirlər ki, qazın keyfiyyətində problemlər var».

«Azəriqaz» İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Modern.az-a açıqlamasında bildirib ki, təbii qazın verilməsində hər hansı məhdudiyyət yoxdur.

«Tarif Şurasının qərarı ilə limit artırıldı. May ayının 1-dən etibarən 500 kubmetr limit əlavə olundu ki, bununla da artıq istehlakçılarımız il ərzində 2200 kubmetr limitdən istifadə edə biləcəklər»,- İ.Kərbəlayev vurğulayıb.

O qeyd edib ki, qazın verilməsi əvvəlki qaydadadır və keyfiyyətində hər hansı bir problem yoxdur.

Yazıda xatırlanır ki, Tarif Şurasının aprelin 30-da verdiyi qərarla əhali üzrə təbii qazın aşağı qiymətlə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Yeni yol
Yeni yol

«Mükəmməl sosial infrastruktur…»

«Azərbaycan» qəzetində «Mükəmməl sosial infrastruktur ölkənin iqtisadi inkişafının təminatı və göstəricisidir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir ölkənin inkişafında infrastrukturun mühüm rol oynaması məlum həqiqətdir. Yazıda vurğulandığına görə, dayanıqlı infrastruktur yaradılmadan sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil: «Müstəqillik dövründə ölkəmizin neft gəlirlərindən ilk növbədə iqtisadi və sosial infrastrukturun yaradılmasına vəsait xərclənməsi də bu səbəbdəndir. Həmin proses bu gün də davam edir və bunun sayəsində indi Azərbaycanda mükəmməl infrastruktur formalaşır».

Müəllif xatırladıb ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Yazıda bildirildiyinə görə, prezident orada qeyd edib ki, Azərbaycanda icra edilən beynəlxalq əhəmiyyətli tranzit layihələri ölkəni nəinki region, hətta dünyadan ötrü əhəmiyyətli regiona çevirib.

«Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik», - prezident həmin iclasda deyib.

Müəllif yazının sonlarına doğru isə yazıb ki, təhsilin inkişafı da yaddan çıxmır: «Ölkədə yeni məktəblər tikilir, köhnələri əsaslı təmir edilir və onlar lazımi avadanlıqlarla təmin olunur. Cari ildə 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək. Eyni zamanda, şəhər və rayonlarda müasir standartlara cavab verən yeni xəstəxanalar tikilir və onlar dünya standartlarına cavab verən yeni avadanlıqlarla təmin olunur».

XS
SM
MD
LG