Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Rusiya Avropa Şurasından çıxa bilər – Qərb mediası


Kiyevdəki Almaniya səfirliyi qarşısında Rusiyaya qarşı etiraz aksiyası, 11 aprel, 2019-cu il
Kiyevdəki Almaniya səfirliyi qarşısında Rusiyaya qarşı etiraz aksiyası, 11 aprel, 2019-cu il

Rusiya Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Şurasından çıxa bilər. Bunu RIA Novosti agentliyinə Rusiyanın Avropa Şurasındakı daimi nümayəndəsi Ivan Soltanovsky deyib.

“Biz hadisələrin bütün mümkün inkişaf variantlarını nəzərdən keçiririk, həm onların Rusiya üçün xarici siyasi nəticələrinə, həm də Avropa qitəsində beynəlxalq münasibətlərə baxırıq”, – o deyib.

Soltanovsky onu da vurğulayıb ki, Moskva vaxtilə Avropa Şurasına girdiyinə görə peşman deyil, bu təcrübə Rusiyanın öz “hüquq sistemini modernləşdirməsinə, məhkəmə və penitensiar sistemini humanistləşdirməsinə kömək edib”.

AŞPA-da müzakirə, arxiv fotosu
AŞPA-da müzakirə, arxiv fotosu

Mümkün qərar Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyətlərindən məhrum edilməsinə cavabı ola bilər. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra bu yolla cəzalandırıldı. Bundan sonra Rusiya iclaslarda iştirakını dayandırdı, 2017-ci ildən isə təşkilata rüsum ödəmir. Rusiya tərəf yalnız konvensiya sənədlərinin ratifikasiyası üzrə işini davam etdirib.

Hazırda Moskvanın borcu 60 milyon avroya çatıb. Bu ilin aprelində AŞPA qətnamə qəbul edərək Rusiyanı nümayəndə heyətini formalaşdırmağa və borcunu bağlamağa çağırıb. Ancaq Rusiya XİN bunun yalnız bərabərhüquqlu üzvlük şərtilə baş tutacağını bildirib.

Avropa konvensiyası 1953-cü ildən fəaliyyətdədir, Avropa Şurası üzvlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətini mümkün edir. Ötən il AİHM Rusiyaya qarşı 238 qərar çıxarıb, ödənməli kompensasiyaların məbləği isə 12 milyon dolları aşıb.

Trump Çin məhsullarına rüsum qoyacağını deyir

Dünən – mayın 5-də ABŞ Prezidenti Donald Trump Çinlə ticarət sazişinin əldə olunması üçün təzyiqi kəskin artırıb. O deyib ki, bu həftə 200 milyard dollarlıq Çin məhsuluna rüsumları qaldıracaq, tezliklə yüz milyardlarla dollarlıq məhsul hədəfə alınacaq.

Donald Trump
Donald Trump

“Reuters” agentliyi Trump-ın tonunda kəskin dönüş yarandığını yazır, axı, o, cümə günü ticarət danışıqlarında proqresin olduğunu demişdi. Danışıqların taleyi şübhə altına alındığından səhm bazarlarında, neftin qiymətində düşüş yaranıb.

“The Wall Street Journal” Trump-ın sözlərindən sonra Çinin Vaşinqtonla bu həftəyə nəzərdə tutulmuş ticarət danışıqlarını ertələməyi nəzərdən keçirdiyini yazır. Prezidentin dediklərinin Çin rəsmilərini təəccübləndirdiyi vurğulanır.

ABŞ-ın Ticarət naziri Robert Lighthizer Çinin bəzi öhdəliklərindən çəkildiyini bildirincə Trump belə bir qərar verib.

“Çinlə ticarət sazişi davam edir, ancaq çox yavaş gedir, onlar bəzi məsələləri yenidən razılaşdırmağa çalışırlar. Xeyir!” – Trump tvitində yazıb.

Çinin bu həftəki danışıqlara qatılıb-qatılmayacağı bəlli deyil. Ağ ev və Ticarət nazirinin idarəsindən şərh almaq mümkün olmayıb. Çinin ticarət nazirliyi də məsələni şərh etməyib.

Ancaq Çinin nüfuzlu qəzetinin redaktoru Baş nazirin müavini Liu He-nin danışıqlara çox güman getməyəcəyini yazıb.

“Qoy Trump rüsumları qaldırsın. Görək ticarət danışıqları nə vaxt bərpa olunar”, – “Global Times” qəzetinin baş redaktoru Hu Xijin deyib.

Trump deyib ki, cümə günündən 200 milyard dollarlıq məhsula rüsum 10 faizdən 25 faizə qaldırılacaq. O, fevralda danışıqlarda əldə olunan irəliləyişə görə rüsumları 10 faiz səviyyəsində saxlamışdı. Prezident “tezliklə” daha 325 milyard dollarlıq Çin məhsuluna 25 faizlik rüsum qoyacağını bəyan edib. Yəni bu, əslində Çindən Birləşmiş Ştatlara ixrac olunan bütün məhsulların əhatələnməsi deməkdir.

Ət satışı
Ət satışı

Dünyada ətyeyənlər çoxalır

“The Economist” dərgisi dünyada ətyeyənlərin sayının artdığını yazır. Məsələn, 28 il öncə Çində Zhou Xueyu əri ilə Şandun sahil vilayətindən paytaxt Pekinə köçərək donuz əti satmağa başlayır və yalnız bayramlarda günə 100 kilodan artıq ət sala bilirdilər. O zaman donuz əti çox adam üçün dəbdəbə sayıla bilərdi. İndi isə xanım Zhou günə iki tonadək ət satır.

Dərgi 2017-ci ilədək on il ərzində qlobal ət istehlakının ilə ortalama 1,9 faiz yüksəldiyini yazır. Gündəlik süd məhsulları istehlakı isə 2,1% artıb. Bu, əhali artımından iki dəfə sürətlidir.

Kənd təsərrüfatı torpaqlarının beşdə dördü mal-qaranı yemləmək üçün istifadə olunur. Məqalədə deyilir ki, getdikcə Çin yeməkləri də Qərbdəkinə bənzəməyə başlayır, yəni yağ və proteinlə zənginləşir. Bu, özünü artıq çinlilərin görünüşündə də göstərir. 2010-cu ildə 12 yaşlı şəhər oğlanının boyu 1985-ci ildəkinə nisbətən doqquz santimetr uzun olub. Qızlarda isə boy artımı 7 sm-dir. Oğlanlar həm də kökəlməyə başlayıblar.

Ancaq dünyanın ən çox əhali yaşayan bu ölkəsində donuz ətindən mal ətinə transfer ətraf mühit üçün heç də yaxşı xəbər sayılmır. Çünki donuzlara otlaq lazım deyil, yeməyi sürətlə ətə çevirirlər. Mal-qara isə bu baxımdan daha səmərəsiz sayılır. 2014-cü ildə Amerikada aparılmış araşdırmada deyilirdi ki, mal əti istehsalı üçün donuz əti istehsalından üç dəfə artıq yem lazımdır. Həm də bu zaman ətrafa beş dəfə artıq istixana qazı buraxılır.

“The Economist” afrikalılar zənginləşdikcə dünyada ətyeyənlərin daha da artacağını yazır.

XS
SM
MD
LG