Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:52

'Azərbaycanda mətbuatın durumu kritikdir'-Konfrans


Konfrans

Mayın 3-ü Bakıda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkilatçılığı ilə Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş «Azərbaycanda Mətbuat Azadlığı» adlı konfrans keçirilib.

Konfransda çıxış edən jurnalistlər, jurnalist təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri Azərbaycanda medianın durumundan danışaraq təkliflər səsləndiriblər.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda mətbuatın vəziyyətini «kritik» adlandırıb. Onun sözlərinə görə, qanunvericiliyə edilmiş çoxsaylı dəyişikliklər, saytların bloklanması, jurnalistlərin təqibləri və çoxsaylı məhkəmə proseslər sübut edir ki, ölkədə medianın vəziyyəti heç də yaxşı deyil. O qeyd edib ki, söhbət bütövlükdə söz azadlığından gedir: «Biz dəfələrlə vəziyyətdən çıxış yollarını təklif etmişik, lakin bu təkliflər nəzərə alınmadı».

Digər çıxış edənlər də qeyd etdilər ki, hal-hazırda ölkədə onlarla sayt bloklanıb və informasiya toplamaq imkanlar ciddi şəkildə məhdudlaşdırılıb.

Çıxışçılar Azərbaycanda mətbuat və söz azadlığı sahəsində ciddi islahatların lazım olduğunu qeyd ediblər. Onlar mövcud qanunvericiliyin liberallaşdırılmasının, jurnalistlərə qarşı baş vermiş qanun pozuntularına görə cəzasızlığa son qoyulmasının və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini vurğulayıblar.

Xatırlatma

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən etibarən hər il mayın 3-də qeyd edilir. Bu gün (mayın 3-ü) bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması və jurnalistlərə təzyiq edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

Amma rəsmilər Azərbaycanda mediaya basqılar və jurnalistlərə təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Rəsmilərin deməsinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur, bəzi jurnalistlərin də həbsi və onların istintaqa cəlb edilməsi peşə fəaliyyətləri ilə bağlı deyil. Rəsmilər habelə bildirirlər ki, bir sıra saytların bloklanması onların dövlətin təhlükəsizliyinə qarşı və böhtan xarakterli məlumatlar dərc etmələri ilə bağlıdır. Hərçənd, bloklanan saytlar bu deyilənləri əsaslı saymırlar.

Multimedia

XS
SM
MD
LG