Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:43

Bağçada uşağı diz üstə torpağı öpməyə məcbur elədi [Video]


Rusiyada uşaq bağçası
Rusiyada uşaq bağçası

Krasnodarda “Zvyozdoçka” uşaq bağçasının rəhbəri işdən çıxarılacaq. Səbəb onun uşaqlardan birini diz üstə çökərək torpağı öpməyə məcbur etməsidir. Xəbəri “Kubanskiye novosti” nəşrinə şəhər təhsil departamentinin direktoru Aleksei Nekrasov təsdiqləyib.

Onun sözlərinə görə, pedaqoq ən yaxın iş günündə kənarlaşdırılacaq. Direktor əlavə edib ki, qurum valideynlər və hüquq-mühafizə orqanlarının müəlliməylə bağlı ittihamlarını dəstəkləyir.

“Müdirə özünü yaramaz aparır, uşağı alçaldır, ona həm psixoloji, həm də fiziki təzyiq göstərir. Bundan başqa, faktiki olaraq, o biri uşaqları da alçaldır”, – Nekrasov bildirib.

Deputat prokurorluğa müraciət edib

Bu günlərdə YouTube sosial şəbəkəsinə yerləşdirilmiş videoda uşaq bağçasının müdirəsi uşağı diz üstə çökdürür, onun başını zorla torpağa əyir və torpağı öpməyə məcbur edir. Müdirə bunu uşağın Rusiyanı sevməməsi ilə izah edir. O, oğlanı dəfələrlə təhqir edir.

“Diz üstə çök, yaramaz! Səni yedirdib içirdən torpağı öp”, – o qışqırır. O, vətənpərvərliyin olmamasını “alçaqlıq” adlandırır, digər tərbiyəçilərin uşaqlara yanlış əxlaqi tərbiyə verdiyini deyir.

Müdirə daha sonra öz hərəkətini uşağın “çətin” olması, guya onun “Rusiyaya nifrət etdiyini” deməsi ilə izah edib.

Polis insidentin baş vermə şəraitini araşdırır. Krasnodarsk diyarından Rusiya Dövlət Dumasının üzvü Sevatlana Bessarab prokurorluğa müraciət edib, müdirənin hərəkətini vəhşilik, orta əsrlərdən qalma adlandırıb. Vilayətin uşaq hüquqları üzrə səlahiyyətlisi Tatyana Kovaleva da xidməti araşdırma aparır.

2018-ci ilin fevralında Volqoqrad vilayətinin Mixaylovka şəhərində “vətənpərvər aksiya” keçirilmişdi, uşaq bağçasında uşaqlar diz üstə çökərək “75” rəqəmini formalaşdırmışdılar. Bu aksiya Stalinqrad döyüşündə sovet ordusunun qələbəsi münasibətli təşkil olunmuşdu.

XS
SM
MD
LG