Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Supermarketlərin bəziləri məhsul istehsal edib satırlar'-Media icmalı


V.Əhmədov
V.Əhmədov

Azərbaycanda yeni iqtisadi inkişaf modeli ilə bağlı gözlənti, qida təhlükəsizliyi sahəsində vəziyyət, qazın aşağı tariflə satışı ilə bağlı limitin artırılması və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

«Sərhəddən başlamış istehlakçıya çatana qədər...»

Modern.az saytında «Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər var – deputat» sərlövhəli yazı oxumaq olar.

Müəllif dövlət başçısının bugünlərdə təsdiqlədiyi «Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı»nı deputat Vahid Əhmədovla müzakirə edib.

V.Əhmədov açıqlamasında proqramın təsdiqini vaxtında verilmiş qərar adlandırıb: «Çünki Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, bu sahəyə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi müəyyən nöqsanları aşkarlayır, ümumilikdə problemlər həddindən çoxdur... Son vaxtlar qidadan zəhərlənmələr artıb, supermarketlərdə yararsız məhsullar baş alıb gedir, istehlakçıların aldıqları məhsulların tərkibində sağlamlığa zərərli maddələr aşkarlanır. Belə faktlar var, ona görə də bu məsələlərə diqqət artırılmalıdır».

V.Əhmədov hesab edir ki, neqativ halları mümkün qədər tez bir zamanda aradan qaldırmaqdan ötrü Proqramın icrasına nəzarət gücləndirilməlidir: «...Sərhəddən başlamış istehlakçıya çatana qədər bütün qida məhsulları nəzarətdən keçirilməlidir. Məhsullar lazımi laborator müayinələr aparıldıqdan sonra istehlakçıların ixtiyarına buraxılmalıdır. Hazırda Qida Təhlükəsizliyi Agentliyində müəyyən kadr problemləri var və bunu aradan qaldırmaq üçün kifayət qədər vaxt lazımdır».

Deputat vurğulayıb ki, supermarketlərin sayı getdikcə artmaqdadır: «Hətta bəziləri özləri məhsul istehsal edib satırlar. Onların fəaliyyətinə nəzarət etmək tələb olunur».

F.Ağamalı
F.Ağamalı

Deputat: «Limit tam ləğv olunmalıdır»

«Yeni Müsavat» qəzetində «Fəzail Ağamalı: Limitlərin tamamilə ləğv olunması ölkə prezidentinin islahatları ilə üst-üstə düşərdi» sərlövhəli yazı yer alır.

Müəllif Tarif Şurasının bu il aprelin 30-da əhaliyə aşağı qiymətlə verilən qaz limitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılmasını deputat və ekspertlərlə müzakirə edib.

İqtisadçı-ekspert Rövşən Ağayev apardıqları araşdırmalara istinadən deyib ki, hazırkı sosial standartlar ilə yoxsul ev təsərrüfatlarından ötrü bu hədd əsasən kifayət edəcək.

Yazıda qeyd edilməsinə görə, başqa bir iqtisadçı Qubad İbadoğlu isə təklif edib ki, qaz limiti tamam ləğv edilsin: «Hesab edirəm ki, xüsusilə də region əhalisi üçün bu vacib məsələ növbəti qış mövsümünə qədər həllini tapmalıdır. Yanlış siyasətə görə «Azəriqaz» son 2 ildə 1700 kubmetrdən yuxarı qaz istehlak edənlərin ödənişlərini ya geri qaytarmalı, ya da cari və növbəti ilin ödənişlərindən çıxmalıdır».

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Tarif Şurasının bu qərarını şərh edərkən deyib ki, limitin tam ləğv olunması ilə bağlı mövqeyində qalır: «Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatının sənaye üsulu ilə çalışan müəssisələrinin stimullaşmasına səbəb olardı».

Deputat hesab edir ki, təbii qazın və elektrik enerjisinin limitinin tamamilə ləğv olunması vətəndaşların maraqlarına uyğundur və ölkə prezidentinin islahatları ilə tamamilə üst-üstə düşərdi.

F.Ağamalının vurğulamasına görə, təbii qaz və elektrik enerjisinə aşağı qiymətlə bağlı qoyulan limitin ləğvi məsələsi hələ də aktuallığını saxlayır.

İ.Əliyev
İ.Əliyev

Yeni iqtisadi inkişaf modeli

«Azərbaycan» qəzetində «İlham Əliyevin yeni hədəfləri» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, prezidentin sədrliyi ilə keçirilən hökumətin son iclası (aprelin 30-da) ənənəvi mahiyyətindən bir qədər fərqlənib.

Yazıda vurğulandığına görə, Azərbaycanın yeni iqtisadi inkişaf modelinin hazırlanması xəbəri hesabat tədbirinə əlahiddəlik gətirib: «Ən əsası isə, prezident bu dəfə yalnız qarşıdakı bir rübün, bir ilin hədəflərini deyil, ümumilikdə uzun müddəti əhatə edəcək yüksəliş strategiyasının - yeni iqtisadi modelin müəyyən istiqamətlərindən bəhs etdi».

Müəllifə görə, Azərbaycanın inkişaf modelinin hazırlanması informasiyası yeni olduğundan onun haqqında geniş şərh vermək mümkün deyil: «Ancaq nəzərə alaq ki, hazırlanan model, əslində, əvvəlki modelin və inkişaf proqramlarının məntiqi davamıdır, həmçinin dövrün çağırışları ilə təkmilləşdirilmiş, daha da modernləşdirilmiş, ən müasir hədəfləri ehtiva edəcək yeni mərhələsidir».

Müəllifin fikrincə, 2003-cü ildən həyata keçirilən yeni iqtisadi siyasət nəticəsində isə ölkə «Qafqazın lideri» çərçivəsindən çıxaraq MDB və Şərqi Avropa məkanında ən güclü iqtisadi inkişaf göstəricilərinə yiyələnib...

XS
SM
MD
LG