Tacikistan İraqdan 84 azyaşlını repatriasiya edib. Həmin uşaqların tacik anaları İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına üzvlükdə təqsirli bilinərək həbsə atılıb, yaxud məhkəməsini gözləyir.
Aprelin 30-da Düşənbə aeroportuna enən Fly Erbil təyyarəsi 84 uşaq və yeniyetməni gətirib.
Uşaqlar qohumlarına verilməzdən öncə tibbi müayinədən keçiblər.
Tacikistan hökuməti Küveyt və İraqın xarici işlər nazirliklərinə, eləcə də UNICEF-in Bağdaddakı ofisinə repatriasiya üçün təşəkkür edib.
Yüzlərlə tacikistanlı İŞİD-ə qoşulmağa İraq və Suriyaya gedib. Düşənbə dəfələrlə bildirmişdi ki, heç bir tacik uşağı bu iki Yaxın Şərq ölkəsində başlı-başına buraxan deyil.
Tacikistanın Xarici İşlər Nazirliyi bəyanatında İraq həbsxanalarında 43 tacik qadının və 95 uşağın olduğunu bildirib.
Ölkənin İraq və Küveytdəki səfiri Zubaidullo Zubaidzoda ilin əvvəlində AzadlıqRadiosu-na demişdi ki, bəzi tacik uşaqlar indilik İraq həbsxanalarında qalacaq, çünki anaları onların repatriasiyasına icazə verməyib.