Qazaxıstanın iki şəhərində onlarla etirazçı siyasi məhbusların hamısını azadlığa buraxmağa, qarşıdan gələn prezident seçkisini boykot etməyə çağırıb.
Nursultan Nazarbaev martda istefa verəndən sonra iyunun 9-na növbədənkənar prezident seçkisi təyin olunub.
Ölkənin ən böyük şəhəri olan Almatıda etirazçılar Mərkəzi Parka yığışıb, “Utanın”, “Boykot”, “Mənim seçimim var”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriblər.
Paytaxt Nur-Sultanda isə nümayişçilər Astana Konsert Zalı yaxınlığında yürüş edərək oxşar çağırışlar səsləndiriblər.
“Adamlar yorulub”, “Hökumət rədd olsun” kimi şüarlar da eşidilib.
İcazəsiz nümayişlər keçirilən yerlərdə polis əməkdaşlarının sayı artırılıb. Hüquq-mühafizə əməkdaşları etirazçıları dağılışmağa çağırıb.
Nur-Sultanda polis dəyənəklərə əl atıb, bir neçə etirazçı saxlanıb, sonradan polis avtobusundan buraxılıb.
Həbslər davam edir
Nazarbaev hakim Nur Otan partiyasına rəhbərlik edir. Partiya aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev-in seçkiyə namizədliyini irəli sürüb.
Ciddi nəzarət altında olan ölkədə Toqaev-in seçkini udacağı gözlənir.
Özünü hökumətin opponenti kimi təqdim edən yeganə qeydiyyatdan keçmiş müxalifət partiyası seçkini boykot edəcəyini deyib.
Tənqidçilər Nazarbaev-in 30 illik hakimiyyəti dövründə tənqidçiləri susdurduğunu, vətəndaşları təməl hüquqlardan məhrum etdiyini deyir.
Aprelin 21-də Asiya Tulesova və Beibarys Tolymbekov adlı iki fəal saxlanıb və 15 günlük həbsə məhkum edilib. Bundan öncə onlar Almatıda marafon zamanı azad seçki şüarı yazılmış plakat qaldırıblar.
Aprelin 28-də Nur-Sultanda həmin iki fəala dəstək yürüşü keçirən bir qrup şəxs saxlanıb.
Aprelin 29-da isə daha bir fəal beş günlük həbsə məhkum edilib. O, Almatının mərkəzindəki körpünün üstündə ölkə konstitusiyasından sitat – “Hakimiyyətin yeganə mənbəyi xalqdır” yazılmış plakat qaldırıb.
Apellyasiya məhkəməsi isə Roman Zakharov-un həbs cəzasını 12 min 650 tenge (33 dollar) cəriməylə əvəzləyib.