Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünə həsr olunan iclası, əhaliyə aşağı tariflə verilən qaz həcminin artırılması, məktəblərdə dinin tədrisi və başqa məsələlər medianın aparıcı mövzularındandır...
Deputatlar din dərsinin ayrıca fənn kimi tədrisinin əleyhinədirlər
Modern.az saytında «Deputatlar dinin məktəblərdə ayrıca tədris olunmasını təhlükə saydılar» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, yeni tədris ilindən orta və ali məktəblərdə din dərslərinin keçiriləcəyi ilə bağlı açıqlama geniş müzakirələrə səbəb olub.
Müəllifin qeyd etməsinə görə, ictimaiyyət təhsil ocaqlarında din dərslərin keçirilməsinə birmənalı münasibət sərgiləmir.
Deputatlardan Kamilə Əliyeva din dərsinin ayrıca fənn kimi tədrisinin əleyhinə olduğunu deyib: «...Bu, ayrıca fənn olmayacaq, bildiyiniz kimi, orta məktəblərdə «Həyat bilgisi» fənni tədris olunur. Həmin fənnin içərisində dünya dinləri barədə məlumat verilirdi. Sadəcə, bir o qədər də geniş deyildi. Güman ki, Təhsil Nazirliyi proqramda dəyişiklik etməklə uşaqların bir az da geniş bilgi almasına yardımçı olacaq. Əgər uşaq məktəb yaşından müəyyən bilgilərə sahibdirsə, bu, müsbətdir».
K.Əliyeva deyib ki, dinşünaslıq fənni ayrıca fənn kimi tədris edilə bilməz. «Dinlərin tədris olunması uşaqları gözüaçıq edəcək ki, onlar pis vərdişlərə uymasınlar, təsir altına düşməsinlər. Bu mənada təklifi alqışlayıram. Dərsliklər sadə və anlaşıqlı dildə yazılmalıdır. Həmçinin, uşaqların yaş psixologiyasına uyğunluğu da nəzərə alınmalıdır», - o qeyd edib.
Deputat Asim Mollazadə də din dərslərinin tədrisində ciddi problem görmədiyini söyləyib: «Ümumi formada bütün dinlərlə bağlı bilik verilə bilər. Bütün dövrlərdə buna bənzər dini tədris olub...».
Qaz limiti 500 kubmetr artırıldı
YeniSabah.az saytında «Qaz limitinin artmasını kimlər hiss edəcək-açıqlama» sərlövhəli yazı diqqət çəkir.
Sayt Tarif Şurasının 2019-cu il aprelin 30-da əhaliyə aşağı qiymətlə verilən qaz limitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması qərarı barədə iqtisadçı-ekspert Rövşən Ağayevin dəyərləndirməsinə yer ayırıb. «Hökumətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək», - deyə ekspert limitin artırılmasını ümumilikdə belə dəyərləndirib.
R.Ağayevin bildirməsinə görə, bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında aparılan sorğuların nəticəsi göstərib ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombi ilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr qaz bəs etməlidir: «Mənzilin sahəsi 100 kvadratmetrdən üzü yuxarı getdikcə, illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir».
R.Ağayev rəsmi məlumatlara istinadən deyib ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kubmetr intervalındadır: «Məlumat üçün deyim ki, hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçisi var. Bu rəqəmlərdən çıxış etsək, deməli, indən sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30 faizi illik 2.2 min qaz istehlak edir».
Aparılan sorğuya istinad edən ekspertin deməsinə görə, bütün abunəçilərin 56 faizi (1.2 mln.) illik 1.7 min kubmetrdən az qaz istehlak edir.
R.Ağayev hesab edir ki, rəsmi statistikanın əhalinin gəlirləri, yoxsulluq səviyyəsi barədə etibarlı məlumatlar vermədiyi şəraitdə kommunal xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühümdür.
2016-cı il fevralın 28-də Tarif Şurası qazın qiymətini qaldırmışdı. Həmin qərarda qeyd edilirdi ki, illik istehlak həcimi 1500 kubmetrədək (sonra həmin il dekabrın 22-də bu 1700-ə qaldırıldı) olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanır. Ancaq illik istehlak həcimi 1500 (1700) kubmetri aşan hissəyə bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilir. Tarif Şurası aprelin 30-da verdiyi qərarla bu limiti 1700-dən 2200 kubmetrə qaldırıb.
İslahatların alternativsizliyi
«Azərbaycan» qəzetində «Prezidentin mövqeyi: İslahatlara alternativ yoxdur» sərlövhəli yazı dərc edilib.
Yazıda dövlət başçısı İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından bəhs edilir.
Müəllif hesab edir ki, iclasda dövlət başçısı «islahatlara alternativ yoxdur» bəyanatı ilə islahatçı lider kimi novatorluğa sadiq qalacağını birmənalı şəkildə bildirib.
Yazıda qeyd edilib ki, iclasda Azərbaycanın gələcək inkişafını özündə ehtiva edən yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığının elan olunması islahatların bundan sonra da iqtisadi siyasətin ana xətti olacağı deməkdir. «Artıq 16 ildir ki, Azərbaycan prezidenti İlham Əliyevin müdrik,... daxili və xarici siyasəti ölkəmizdə təhlükəsizliyin qorunmasına, sabitliyə və iqtisadi yüksəlişin dinamik artımına xidmət edir», -müəllif yazıb.
Müəllifin fikrincə, dövlət başçısı «Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik» deməsi ilə bir daha sadə vətəndaşların problemlərinin daim diqqət mərkəzində, gündəmdə olduğunu təsdiq edib.
Yazının sonunda isə oxuyuruq: «...Sonda Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə etdi».