Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:14

Demokratiyanın necə işləməsindən narazıdırlar


Ukraynada prezident seçkisi, 21 aprel, 2019-cu il
Ukraynada prezident seçkisi, 21 aprel, 2019-cu il

Son illər dünyanın müxtəlif yerlərində siyasi elitaya qəzəb, iqtisadi narazılıq, sürətli sosial dəyişikliklərdən narahatlıq siyasi kataklizmləri gücləndirib. Siyasi spektrin həm sağ, həm də sol qanadlarında isteblişmentə qarşı liderlər, partiyalar, hərəkatlar peyda olub, bəzən onlar liberal demokratiyanın fundamental norma və institutlarına qarşı çıxıblar. Freedom House, Economist Intelligence Unit, V-Dem demokratiyanın durumunda qlobal miqyasda geriləmə qeydə alıb. “Pew” araşdırmaq mərkəzinin sorğu keçirdiyi 27 ölkədə isə ortalama 51 faizin ölkələrində demokratiyanın necə işləməsindən narazı olduğu üzə çıxıb. Yalnız 45 faiz razı olduğunu bildirib.

Ölkələr üzrə demokratiyanın necə işləməsinə dair dəyərləndirmələr dəyişir. Məsələn, Avropada hər 10 isveçli və niderlandlının altısı demokratiyanın hazırkı durumundan məmnunluğunu söyləyib. İtaliya, İspaniya və Yunanıstanda isə çoxluq narazıdır.

İtaliyanın paytaxtında etirazçılar Moskvanın Ukraynaya qarşı hərəkətlərini pisləyirlər, arxiv fotosu
İtaliyanın paytaxtında etirazçılar Moskvanın Ukraynaya qarşı hərəkətlərini pisləyirlər, arxiv fotosu

Korrupsiya, söz azadlığı, iqtisadiyyatın durumu

Adamların demokratiyadan narazılığını anlamaqdan ötrü sorğu keçirilən 27 ölkədə bir sıra iqtisadi, siyasi, sosial və təhlükəsizlik məsələləri barədə soruşublar. İctimaiyyətin məyus qaldığı əsas sahələr üzə çıxıb. Məsələn, çoxları inanır ki, seçkilər elə də böyük dəyişikliyə səbəb olmur, siyasətçilər korrupsiyaya uğrayıb və toxunulmazdırlar, məhkəmələr adamlarla ədalətli rəftar etmir.

Digər tərəfdən, adamlar ölkələrində söz azadlığının qorunması, iqtisadi imkanların yaradılması, ictimai təhlükəsizliyin təminatı barədə müsbət düşünürlər.

Rəyi soruşulan yunanların 89 faizi siyasətçilərini korrupsioner kimi qələmə verib. Rusiya, Cənubi Koreya, Nigeriya və Cənubi Afrikada isə 75 faiz, yaxud daha artığı ölkələri haqda oxşar düşünür. Yunanların (82%) fikrincə, seçkini kimin udmasından asılı olmayaraq, bu ölkədə dəyişən bir şey yoxdur. Avstraliyalıların 75, rusiyalıların 72, tunislilərin 67 faizi bu fikirdədir. Tunis və Yunanıstanda respondentlərin yarıdan çoxu bu bəyanatın ölkələrini çox yaxşı təsvir etdiyini deyib.

İqtisadiyyat və demokratik göstəricilər arasında əlaqə də güclüdür. Sorğu keçirilən 27 ölkədən 25-də iqtisadiyyatın durumundan narazı olanlar demokratiyanın necə işləməsindən də məmnun deyillər.

Məsələn, iqtisadi vəziyyətdən narazı hər 10 macarıstanlının səkkizi ölkədə demokratik perfomansdan da narazıdır.

Demokratik dəyərləndirmədə qeyri-iqtisadi faktorlar da vacib rol oynayır. Ölkədə demokratiyanın işləməsinə dair fikirlərlə adamların ən fundamental hüquqlarının necə qorunması barədə düşüncələrinin əlaqəli olması üzə çıxıb.

XS
SM
MD
LG