Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:13

Nazarbaev-in təyyarəsi prezidentkindən niyə böyükdür – Qərb mediası


Qasym-Zhomart Toqayev (ortada), Nursultan Nazarbaev (sağda) və Dariga Nazarbaeva
Qasym-Zhomart Toqayev (ortada), Nursultan Nazarbaev (sağda) və Dariga Nazarbaeva

Qazaxıstanın yeni prezidenti Qasym-Zhomart Toqayev səfərlərə təvazökar A321 aerobusu ilə gedir. Sələfi və patronu Nursultan Nazarbaev isə daha böyük A330-200 aerobusundan istifadə edir. “Reuters” agentliyi yazır ki, keçmiş prezidentin hələ də üstünlüyünü saxladığı açıq-aşkar ortada olsa da, bu ikili hakimiyyət həm qazaxları, həm də neftlə zəngin ölkənin xarici investorlarını çaşdırır. Axı, onlar konkret hakimiyyət zənciri ilə işləməyə alışıblar.

78 yaşlı Nazarbayev ötən ay istefa verib və o zaman senatın spikeri olan Toqayev vəzifə başına keçib. Ancaq Nazarbaev bir sıra vəzifələrini, hakim partiyaya liderliyi saxlayıb. İyunun 9-na təyin olunmuş prezident seçkisinə də hakim partiyadan Toqayev-in namizədliyi verilib.

Agentlik yazır ki, Toqayev və Nazarbaev vətəndaşlara və xarici tərəfdaşlara iş bölgüsünü necə aparıdıqlarını hələ izah etməyiblər. Bu həftə ölkəyə səfər edən Macarıstanın Baş naziri Viktor Orban və Cənubi Koreya Prezidenti Moon Jae-in hər iki liderlə ayrı-ayrılıqda görüşüblər. Bundan sonra Nazarbaev Çində Kəmər və Yol forumuna yollanıb, Toqaev isə ölkədə qalıb.

Nazarbayev (sağda) Pekində Çin Prezidenti Xi Jinping ilə
Nazarbayev (sağda) Pekində Çin Prezidenti Xi Jinping ilə

​Ölkəiçi cəbhədə son həftələr hər ikisi bir sıra rəsmilərlə görüşərək onlara göstərişlər verib. Hələlik, heç bir narazılıq əlaməti görünməsə də bəzi biznesmenlər mümkün maraqlar toqquşması yarana biləcəyindən narahatdır.

“Tutaq ki, baş nazir bir vilayət qubernatoruna nəyisə təcili etməyi tapşırıb. Bu zaman prezidentin qızı, senatın spikeri Dariga Nazarbaeva ona başqa bir iş tapşırır. Daha sonra isə birinci prezidentin idarəsindən zəng gəlir və başqa tapşırıq alır. Bu adam neyləməlidir?” – hökumətlə işləyən qazaxıstanlı biznesmen deyib.

Başqa bir biznesmeninin sözlərinə görə, onun əməkdaşlıq etdiyi dövlət qurumlarında bəzi tenderlər təxirə salınıb, çünki yeni hakimiyyət bölgüsündən dolayı qeyri-müəyyənlik var, həm də yeni yerdəyişmələr ola bilər. Axı, Toqaev bəzi əsas nazirliklərə yeni müavinlər təyin edib.

Hamı iyunun 9-dan sonra nə baş verəcəyini ayıq-sayıqlıqla gözləyir”, – o deyib.

Putin Ukraynada nəyi itirə bilər

Ukraynada şoumen Volodymyr Zelenskiy-nin prezident seçilməsini bəziləri Rusiya Prezidenti Vladimir Putin üçün böyük qələbə sayırlar. Ancaq “Politico” dərgisində Vijai Maheshwari reallıqda durumun qat-qat mürəkkəb olduğunu yazır.

Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy
Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy

“Zelenskiy idarəçilikdə təcrübəsiz ola bilər, amma kommunikasiya üzrə veterandır, Petro Poroshenko-nu hakimiyyətdən sıxışdırıb çıxarması da buna sübutdur. Onun ruscanı bilməsi, eləcə də rusiyalıları tanıması yolunu daha da açır.

Ukrayna millətçiliyini seçən, yalnız ukraynaca danışan Poroshenko-dan fərqli olaraq, Zelenskiy rusiyalılarla öz dillərində danışa bilir, özünün Instagram səhifəsi, digər sosial media kanalları vasitəsilə onlarla əlaqə saxlayır. Putin üçün demokratik Ukraynada rusdilli prezidentin olması səkkizayaqlı ilbizi diri-diri yemək kimi bir şeydir – həm ovqat yaradır, həm də qorxuludur”, – müəllif yazır.

Müəllifin fikrincə, Zelenskiy-nin qələbəsi Putinin üzərinə xüsusi yük qoyur. Bir tərəfdən o, televiziya şousunda açıq-aşkar Putinin istefasını çağırmış siyasətçini qəbul edə bilməz. Digər tərəfdən, bilir ki, bu komediyaçı son beş ilin ədavətindən sonra Rusiya-Ukrayna münasibətlərini yenidən qurmağa nadir fürsət yaradır. Bu səbəbdən yeni prezidenti təbrik, münasibətlərin yaxşılaşmasına ümid ifadə etməyi Baş nazir Dmitry Medvedev-in öhdəsinə buraxıb. Bu arada Putin ən yaxşı etdiyi işi görür: sərt davranaraq opponentini küncə sıxışdırmağa çalışır.

Təbiəti xilas planı hazırlayırlar

Dünən – aprelin 29-da dünyanın 130 ölkəsinin diplomatları Parisə yığışıb. Onlar BMT-nin təbiətini durumuyla bağlı dəyərləndirməsini nəzərdən keçirməli, Yer planetindən həyatın xilası planını hazırlamalıdırlar.

Arxiv fotosu
Arxiv fotosu

“Təbiətin dağıdılması bəşəriyyətə azından insanın səbəb olduğu iqlim dəyişikliyi qədər təhlükə yaradır”, – BMT-nin biomüxtəliflik üzrə rəhbəri Robert Watson beşgünlük toplantının açılışında deyib.

“Bizim üçün imkanlar pəncərəsi qapanır, seçim azalır”, – o, sözlərinə əlavə edib.

44 səhifəlik “Siyasətçilər üçün Xülasə” adlı sənəd layihəsində insan növünün planeti talan etməsinin 1001 yolu göstərilir. İnsanın asılı olduğu təmiz hava, içməli su, məhsuldar torpaq kimi resursların yenilənmə imkanlarına da ziyan vurulduğu qeyd olunur.

Hesabatda deyilir ki, bir neçə on il ərzində bir milyonadək növün kökü kəsilə bilər. Yer kürəsinin torpaq örtüyünün 75 faizinin isə “ciddi dəyişdiyi” vurğulanır.

Okeanların balıq ehtiyatının üçdə bir hissəsinin azalmaqda olduğu bildirilir.

Bitkiləri tozlandıran böcəklərin, özəlliklə arıların azalması ildə yarım trilyon dollarlıq əhəmiyyətli məhsula təhdid yaradır.

BMT-nin biomüxtəliflik sazişinə uyğun olaraq 2010-cu ildə 20 onillik hədəf qəbul olunub. Buraya qorunan ərazilərin genişləndirilməsi, növ və meşə itkisinin yavaşıdılması, çirklənmənin azaldılması daxildir. Ancaq hesabatda bu hədəflərin bir-ikisini çıxmaqla, alınmayacağı qeyd olunur.

XS
SM
MD
LG