Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

Rusiyada siyasi repressiya qanunlarının ‘sayı artır’


Rusiyada LGBT fəallarının etirazı, 17 aprel, 2019-cu il
Rusiyada LGBT fəallarının etirazı, 17 aprel, 2019-cu il

Rusiyada siyasi məhbusların sayı 230-u keçib. Prezident Vladimir Putin “gündəlik hərəkətləri kriminallaşdırmaq üçün hazırlanan qanunlar toplusunu gücləndirir”. Moskvada mənzillənən Memorial insan haqları qrupunun köməyi ilə hazırlanan yeni hesabatda belə deyilir.

“Bu, dəyişilməlidir”

Aprelin 29-da açıqlanmış hesabata görə, hökumətin siyasi opponentləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər özəlliklə hədəfə alınmaq riskiylə üz-üzədirlər. Ukraynalı fəalların, dini və etnik azlıqların, lesbian, gey, biseksual və transgender (LGBT) fəalların da təzyiqə məruz qaldığı, “hakimiyyətə istədikləri adamı həbs etmək, saxlamaq, məhbəsə göndərməyə imkan verən” qanunlara uyğun olaraq potensial təqib qarşısında olduğu vurğulanır.

“Siyasi məhbusların təqibinə görə məsuliyyət daşıyanlara sanksiya tətbiq etmək üçün davamlı cəhd göstərilməyib. Bu, dəyişilməlidir. Bu məmurlar ciddi fəsadla üzləşməsələr, Kreml tam cəzasız qalacağına inanacaq”, – hesabatda vurğulanır.

Moskvada internet azadlığı yürüşü
Moskvada internet azadlığı yürüşü

“Kremlin siyasi məhbusları: narazıları susdurmaqla siyasət yürütmək” adlı hesabatı Vaşinqtonda mənzillənən Perseus Strategies hüquq firması Memorial İnsan Haqları Mərkəzinin dəstəyilə yazıb.

Hesabatda Kremlin və parlamentdəki deputatların yeni qanunvericilik, mövcud qanunlara əlavələr, administrativ qaydalara dəyişikliklərlə dissidentləri və siyasi opponentləri necə hədəfə almasından söz açılır.

Qeyd olunur ki, 2012-ci ildən bəri ölkənin cinayət məcəlləsinə və inzibati xətalar məcəlləsinə bir sıra yeni cinayətlər və pozuntular salınıb. Məsələn, kriminal defamasiya, dövlət sirrinin qanunsuz əldə olunması, dindarların dini hisslərinin təhqiri, azyaşlılar arasında “qeyri-ənənəvi” seksual münasibətlərin təbliği, Rusiyanın ərazi bütövlüyünü pozmağa ictimai çağırış və sairə bu sıradadır.

Almaniyada Oleh Sentsova azadlıq tələb edən etirazçılar
Almaniyada Oleh Sentsova azadlıq tələb edən etirazçılar

Qanunlar

Hesabatda iki qanuna xüsusi diqqət ayrılır: 2012-ci ildə qəbul olunmuş Xarici Agent Qanunu Rusiya təşkilatlarından tələb edir ki, xaricdən maliyyələşdirlərsə və “siyasi fəaliyyət”lə məşğul olurlarsa, Ədliyyə Nazirliyində qeydiyyatdan keçsinlər.

Bu qanundan üç il sonra isə Arzuolunmaz Təşkilatlar Qanunu qəbul olundu. Bu qanun Baş Prokurorluğa “Rusiyanın müdafiəsinə, təhlükəsizliyinə və konstitusiya sistemi”nə təhlükə yaradan təşkilatları “arzuolunmaz” elan edərək fəaliyyətlərini yasaqlamaq imkanı verir.

Hesabatda adı çəkilən siyasi məhbuslar sırasında Aleksei Pichugin-in adı çəkilir. O, Mikhail Khodorkovsky-nin iflas etmiş neft nəhəngi Yukos şirkətinin keçmiş təhlükəsizlik şefidir, Memorialın mövqeyincə, Rusiyada ən uzunmüddətli məhbəs həyatı yaşamış məhbusdur. O, 2003-cü ildə saxlanıb, daha sonra qətl ittihamları üzrə təqsirli bilinib. İnsan haqları qrupları prosesin çoxsaylı pozuntularla keçdiyini bildiriblər.

Daha bir siyasi məhbus isə Rusiya həbsxanasında 20 illik həbs cəzası çəkən ukraynalı kinorejissor Oleh Sentsov-dur. O, terror hücumları planlaşdırmaqda təqsirli bilinib, tərəfdarları isə bunu absurd və siyasi motivli adlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG