Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:09

'Onlar vəzifələrini itirmək istəmir'-deputat (Media icmalı)


Odun sobası
Odun sobası

«Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsinin yeni mərhələsi, qaz olmayan kəndin qayğıları, ölkədə ictimai-siyasi vəziyyət medianın diqqət ayırdığı mövzulardandır...

3500 sakini olan kənddə qaz yoxdur

Moderator.az saytında «Salyan rayonunun Xıdırlı kəndinə hələ də qaz çəkilməyib...» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki. Salyan rayonunun Xıdırlı kəndinin sakinləri hələ də qış aylarında evlərini, məktəblərini baha qiymətə aldıqları odun vasitəsilə qızdırırlar. Bu barədə kənd sakinləri məlumat veriblər.

«İşıqlarımız, şükür Allaha, son illər yaxşı yanır. 4-5 il əvvəl su da çəkilib. Ancaq Xıdırlıda hələ də təbii qaz yoxdur. Ümumiyyətlə, kənddə sovet dövründə də qaz olmayıb... Qışda yanacaq sarıdan çox əziyyət çəkirik. Qış ərzində oduna 300 manatadək pul veririk. Çoxuşaqlı ailələr, körpə uşaqları olanlar isə yanacağa, azı, 400-500 manat xərcləyir. İlboyu çay, xörək üçün qaz balonu almağa da xeyli pul gedir», - kənd sakinlərindən biri söyləyib.

Kənd sakinlərinin deməsinə görə, Salyan Rayon İcra Hakimiyyətinə, rayondan seçilən deputata müraciət etsələr də, hələ ki, bir nəticə yoxdur. Yazıda habelə qeyd edildiyinə görə, sakinlərindən biri daha sonra da əlavə edib: «Maraqlısı odur ki, qonşu Kürsəngi kəndində, Ələt qəsəbəsində qaz var. Ən başlıcası və təəccüblüsü isə, Xıdırlıdan cəmi 5 km məsafədə qaz quyusu, qaztəmizləmə aqreqatları var, qonşu kəndlərə də qaz oradan gedir, ancaq hansı səbəbdənsə bizim kəndə verilmir...».

Müəllif vurğulayır ki, rayon mərkəzindən 45 km məsafədə yerləşən, 3500-ə yaxın sakini olan Xıdırlı kəndinin sovet dövründən bəri problemləri çox olub.

Yazıda sonda isə oxuyuruq: «Ümid edirik ki, müvafiq hökumət qurumları Xıdırlı kəndinin problemləri ilə daha yaxından maraqlanacaq və bu kənd də tezliklə mavi yanacaqla təmin olunacaq».

V.Əhmədov
V.Əhmədov

«Qala divarlarına toxunmaq olmaz»

Azpolitika.info saytında «Artıq gecdir, saziş yaxınlarda imzalanacaq» sərlövhəli yazı yer alır.

Müəllif ölkə gündəmini deputat Vahid Əhmədovla dəyərləndirib.

V.Əhmədov öncə Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən sazişin ölkəyə əhəmiyyətindən danışıb. O iddia edib ki, bu sazişin imzalanmasına mane olan qüvvələr var: «... istər Rusiya olsun, istər Ermənistan, istərsə də inkişaf etməyimizi istəməyən digər ölkələr olsun. Onlar istəməz ki, Avropa İttifaqı ilə normal əlaqələrimiz olsun, ərazi bütövlüyümüz məlum sazişdə öz əksini tapsın. Çünki rıçaq kimi bu məqamlardan istifadə edirlər. Ancaq hesab edirəm ki, artıq gecdir, cənab Məmmədyarovun (xarici işlər naziri Elmar Məmmədyarov nəzərdə tutulur-red.) dediyi kimi, sazişin 90 faizi uzlaşdırılıb, digər 10 faizi də razılaşdırılacaq».

Ölkə daxilində islahatlar barədə danışan deputat iddia edib ki, buna da mane olmaq istəyən maraqlı qüvvələr var: «Elə qüvvələr var ki, onlar vəzifələrini itirmək istəmir, maraq dairələrindən nələrinsə çıxmasını arzu etmirlər».

V.Əhmədovun fikrincə, mane olmağa çalışan qüvvələr başa düşməlidir ki, bu, artıq hərəkatdır və onun qarşısını almaq mümkün deyil.

Deputat hesab edir ki, hazırda parlament normal fəaliyyət göstərir, fikirlərini azad ifadə edə bilirlər, dövlət və xalqın mənafeyi parlamentdə müdafiə olunur. «Bəzən söz-söhbətlər gəzir ki, yeni parlament seçkiləri ola bilər. Açığı, buna ehtiyac görmürəm. Vaxtı gələndə, yəni 2020-ci ildə parlament seçkiləri keçiriləcək».

Deputat vurğulayıb ki, vaxtından əvvəl parlament seçkiləri keçirilməsinə hər hansı zərurət yoxdur.

V.Əhmədov İçərişəhərdə Qala divarları ilə bağlı gedən müzakirələrə də toxunub: «İndi Qala divarlarına bitişik hər hansı bir obyekt tikintisindən söhbət gedə bilməz. Ancaq ora gələn qonaqlar var. Xaricdən ölkəmizə gələnlər daha çox İçərişəhərə gedir, oraları gəzirlər, tariximizlə tanış olurlar. İçərişəhərdə müəyyən iaşə obyektləri ola bilər və bu normaldır. Amma Qala divarlarına toxunmaq olmaz».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

AÇG yataqlarının növbəti mərhələsi

«Azərbaycan» qəzetində «AÇG yataqlarının işlənməsinin növbəti mərhələsi başlayır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsinin növbəti mərhələsi olan «Azəri-Mərkəzi-Şərqi» layihəsi təsdiqlənib. Yazıda vurğulandığına görə, AÇG-nin işlənməsi üzrə Rəhbər Komitənin təsdiq etdiyi 6 milyard dollarlıq bu layihəyə yeni dəniz platforması və gündə 100 min barel neft hasilatı təmin edəcək qurğular daxildir: «Platformanın istismar müddəti ərzində 300 milyon barel neft çıxarılması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilin sonuna qədər artırılmasından sonra ilk böyük investisiya qərarıdır».

Yazıda bildirilir ki, layihə üzrə tikinti işlərinə bu il başlanacaq: «2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi qüvvəsindən istifadə olunacaq. İnşaat işlərinin ən qızğın dövründə işə 8 min nəfərin cəlb olunacağı gözlənilir».

Müəllifin qeyd etməsinə görə, hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat, 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Yazının sonunda da vurğulanıb ki, 1994-cü AÇG ilə bağlı imzalanan müqavilədən ötən 25 il ərzində onun işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya yönəldilib: «Yeni «Azəri-Mərkəzi-Şərqi» layihəsinin başlanğıcı da məhz «Əsrin müqaviləsi»nin 25-ci ildönümünə təsadüf edir».

XS
SM
MD
LG