Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyeva aprelin 26-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub.
Bu barədə Mehriban Əliyevanın internet saytında dərc olunmuş məlumatda xəbər verilir.
Xatırladaq ki, bir neçə gündür sosial mediada xəbərlər və fotolar yayılır, İçərişəhərdə qala divarlarına təhlükə yaradan restoran tikildiyi bildirilir.
Mehriban Əliyeva İçərişəhərdə müxbirlərlə söhbəti zamanı gəlişinin bu narazılıq və müzakirələrlə bağlı olduğunu təsdiqləyib:
“Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verərək deyib ki, “hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir”.
Əsgər Ələkbərov bunu da bildirib ki, “aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq”.
Bunlara da bax: Içərişəhərdə nə baş verir?