Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:13

Azərbaycan və Rusiya prezidentləri görüşüb


İ.Əliyev və V.Putin

Aprelin 26-da Pekində Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçıları əvvəlcə çıxış ediblər.

Rusiya prezidenti V.Putin deyib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir.

«Biz hətta sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq», -V.Putin deyib.

Azərbaycan prezidenti İ.Əliyev də qeyd edib ki, münasibətlərin inkişafından çox məmnundurlar: «Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəliləməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir…».

Putin: «Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur»

V.Putin əlavə edib ki, keçən il əmtəə dövriyyəsi 14 faiz artıb və 2.5 milyard dollara çatıb: «Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək».

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlıq məsələlərindən bəhs edilib.

Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Xəbərdə qeyd edildiyinə görə, prezident V.Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan prezidenti İ.Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Bu münaqişə ilə bağlı tənzimlənmə prosesini ATƏT-in Minsk qrupu aparır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

«Bir kəmər, bir yol» forumu keçirilir

Aprelin 26-da Pekində 2-ci «Bir kəmər, bir yol» Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.

Məlumata görə, foruma 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.

Prezident İ.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti bu forumda iştirak üçün aprelin 24-də Çinə səfər edib.

Multimedia

XS
SM
MD
LG