Ermənistanın ilk qeydiyyatdan keçmiş transgender qadını parlamentdəki tarixi çıxışdan sonra ölüm hədələri almağa başlayıb. Bu haqda “The Guardian” qəzeti yazır.
İki həftə öncə Lilit Martirosyan lezbian, gey, biseksual, transgender və interseks (LGBTI) icmasının ilk nümayəndəsi kimi parlament kürsüsünə qalxıb. O, parlamentin insan haqları komitəsinin iclasında ayrıseçkilik əleyhinə daşınıb. Bu çıxışın videosu bütün dünyada paylaşılıb.
“İlk hal idi...”
Martirosyan “işgəncə verilən, zorlanan, oğurlanan, fiziki zorakılığa məruz qalan, yandırılan, bıçaqlanan, qətlə yetirilən, mühacirət edən və qarət olunan” icmayla həmrəylik ifadə edib. O deyib ki, Ermənistanda transgenderlər “sosial, tibbi, hüquqi, iqtisadi sahələrdə stiqma və ayrıseçkiliklə üzləşir... işsiz qalır, yoxsullaşır, mənən tərk edilirlər”.
Bu çıxış Ermənistanda böyük rezonans doğurub. Ölkədə homoseksuallıq dekriminallaşdırılıb, ancaq LGBTI-yə ayrıseçkilik qalır. Parlament qarşısında LGBTI-yə qarşı etirazlar keçirilib, bəzi deputatlar transgender fəalın diri-diri yandırılmasına çağırıb.
Baş nazir və əsas müxalifət qüvvələri Martirosyan-ın parlamentdə çıxışına icazə verildiyinə görə bir-birini suçlamağa başlayıb.
“Ermənistanda transgender bir qadının ali kürsüdən transgender adamlara qarşı zorakılıqdan danışması ilk hal idi. Transfobik bir şəxs parlamentə bıçaqla gələrək məni öldürəcəyini, mənim kimi digərlərinin də öldürülməli olduğunu dedi... Facebook-da mesajlar, müxtəlif adamlardan emaillər alıram, məni tapıb öldürəcəklərini deyirlər”, – Martirosyan “The Guardian”a deyib.
“İnqilabdan sonrakı Ermənistanda nifrətə yer yoxdur”, – o əlavə edib.
Qeyd edək ki, Baş nazir Nikol Pashinian ötən mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib.
Ev ünvanları internetdə yayılıb
Martirosyan deyir ki, 2016-cı ildə yaratdığı, transgender hüquqları təşkilatı olan “Right Side” üçün çalışanların ev ünvanları, eləcə də onun özünün ev ünvanı ekstremist qruplar tərəfindən internetdə yayılıb, “onları tapıb öldürmək” hədələri səsləndirilib. Onun sözlərinə görə, millətçilər evinin qarşısına yığışıb, Ermənistanın bayraqlarını qaldırıblar.
BMT-nin Ermənistandakı ofisi, Avropa İttifaqı trans fəalın ölümlə hədələnməsindən narahatlıq ifadə ediblər.
Müxalifətdə olan BHK partiyasından Vartan Ghukasian AzadlıqRadiosu-na deyib ki, “pozğunlar” Ermənistandan qovulmalıdır. “Onu Hollandiyaya göndərin. Biz qadınların qadın, kişilərin kişi olmasını istəyirik. Qadını kişi ilə qarışdıra bilməzsən. Bu biabırçılıqdır”, – o deyib.
Göy Qurşağı Ermənistan Təşəbbüsünün yaradıcısı Hayk Hakobyan ötən il bir dəstə adamın hücumuna məruz qalmış LGBTI fəallarındandır. Onları daşa tutublar və o, xəsarət alıb. O vaxtdan ölkədən çıxmalı olub və hazırda Niderlanddan sığınacaq istəyir. Hakobyan qəzetə Ermənistan cəmiyyətinin onlara düşmən kimi yanaşdığını deyib, Pashinian hakimiyyətə gələndən sonra da LGBTI icması üçün müsbət bir şey baş vermədiyini söyləyib.