Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Avropa Zelenskiy-yə kömək edəcəkmi – Qərb mediası


Karikatura. Moskva Ukraynanın şərqində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdırır
Karikatura. Moskva Ukraynanın şərqində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdırır

Karnegi Fondunun saytında Judy Dempsey bu sualı bir neçə ekspertə verib.

Jamestown Fondunun aparıcı əməkdaşı Margarita Assenova deyir ki, Volodymyr Zelenskiy-nin Ukrayna prezidenti seçilməsi Avropa İttifaqının Ukraynayla işləməsinə, ona yardımına təsir göstərməyəcək. “Ukrayna Aİ ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyaya sadiq qaldıqca Brüssel uzunmüddətli proqramlarını davam etdirəcək, Kiyevin güclü dövlət qurumları yaratmasına, iqtisadiyyatın maliyyə sektoru daxil, bütöv sektorlarında islahat aparmasına kömək edəcək. Ukrayna bu islahatların gerçəkləşdirməyə misilsiz bir öhdəlik götürüb. Adətən, belə bir öhdəlik Aİ-yə namizəd ölkələrdən gözlənir, halbuki Ukraynanın indilik belə bir perspektivi yoxdur”, – o bildirib.

“Məncə, yeni prezident kursu dəyişməyəcək, çünki bu, Ukrayna xalqının strateji seçimidir. Ukraynanın həqiqətən də Qərb institutları ilə işləməkdən başqa alternativi yoxdur”, – Assenova əlavə edib.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

“Ukrayna liderlərinə böyük sayqı göstərmir. Petro Poroshenko da müstəqillik sonrası prezidentlərin cərgəsinə qoşuldu, seçicilər onu sadəcə, rədd elədilər”, – bunu isə Karnegi Avropa fondunun aparıcı əməkdaşı Thomas De Waal deyir.

Volodymyr Zelenskiy vəzifəyə nəhəng etiraz səsləri üzərindən gəlib. Nəsə müsbət bir iş görmək çox çətin olacaq. Ona peşəkar hökumət və yeni siyasi partiya lazımdır.

Onu əngəlləyəcək saysız qüvvələr var. Məsələn, Zelenskiy Donbasda münaqişəni zəiflətmək istəyir, Poroshenko da bunu istəyirdi. 2017-ci ildə ifrat-sağçılar və veteran qrupları Donetsk və Luqanskda separatçıların əlində olan ərazilərin iqtisadi blokadasına başladılar. Poroshenko öncə buna qarşı çıxsa da, sonradan təslim olaraq bunu qüvvəyə mindirdi, bununla da barışıq prosesi dayandı”, – ekspert vurğulayır.

Rusiya şirkəti Sudanda etirazları necə yatırıb

Ötən ilin sonunda Sudanda antihökumət etirazları baş qaldıranda Prezident Omar al-Bashir amansız hücuma keçərək etirazçılara divan tutdu, onlarla dinc sakin öldürüldü. Eyni zamanda sosial mediada dezinformasiya kampaniyası aparıldı, iğtişaşlara görə İsrail suçlandı, “qarətçi”ləri cəzalandırmaq üçün əhalinin gözü qarşısında edamlar gerçəkləşdirildi.

Sudanda nümayişçilər, 25 dekabr, 2018-ci il
Sudanda nümayişçilər, 25 dekabr, 2018-ci il

“CNN” bu strategiyanın müəllifinin Sudan hökuməti deyil, bir Rusiya şirkəti olduğunu yazır. CNN-in gördüyü sənədlərə əsasən, həmin şirkət Kremlə yaxın oliqarx Yevgeny Prigozhin-ə bağlıdır.

Paytaxt Xartumda saysız hökumət və hərbi mənbələr CNN-ə təsdiqləyiblər ki, Bashir şirkətin təkliflərini qəbul edərək onlarla hərəkət etməyə başlayıb. Keçmiş rejimin bir rəsmisinin deməsinə görə, rusiyalı müşavirlər etirazların monitorinqini aparıb, onları “minimum, ancaq qəbul edilən səviyyədə həyat itkisi” ilə yatırtmaq planı hazırlayıb.

CNN sənədlərin Kremlin Sudandakı maraqlarını qorumaq, Bashir-i hakimiyyətdə saxlamaq məqsədi güddüyünü yazır.

Telekanalın gördüyü sənədlərə şirkətin daxili yazışmaları, məktublar daxildir. Bir neçə min belə sənədi Londonda mənzillənən Dosye Mərkəzi əldə edərək araşdırır. Bu mərkəzi rusiyalı biznesmen Mikhail Khodorkovsky idarə edir.

CNN sənədlərin etibarlı olması qənaətinə gəlib. Onlar şahidlərin dediklərinə də uyğun gəlir. Şahidlər Sudanda son etirazlar zamanı rusiyalı müşahidəçiləri görüblər.

Əfqanıstan, arxiv fotosu
Əfqanıstan, arxiv fotosu

İranın iqtisadi təcridinin Əfqanıstana təsiri

“Reuters” agentliyi İranın iqtisadi problemlərinin Əfqanıstandakı əks-sədasından yazır. Abdul Saboor üç il öncə həyat yoldaşı və üç uşağı ilə birlikdə Əfqanıstanda yoxsulluq və sabitsizlikdən qaçıb, qonşu İranda iş tapıb. İndi isə ölkəsinə qayıdıb, baxmayaraq ki, həyat şəraiti düzəlməyib.

Saboor İranın mərkəzindəki İsfahan şəhərində ərzaq mağazasında çalışır, aya 280 dollar qazanır və bu, ailəsini dolandırmağa bəs edirdi. Ancaq ötən il rial ucuzlaşmağa başladı və dükan sahibi onun maaşını ayda 100 dollardan da aşağı saldı.

“İranda iqtisadi durum çox pisdir. Ötən ildən maaşlar azalıb və bir çox ailələr Əfqanıstana qayıtmalı olub”, – 28 yaşlı Saboor deyib.

Əfqanlar İrana 1979-cu ildə sovet işğalından sonra getməyə başlayıblar. O vaxtdan miqrasiya davam edib. Qohumlara göndərilən pullar isə Əfqanıstanın çabalayan iqtisadiyyatına yardım etmiş olub.

2017-ci ildə İranda 2,5-3 milyonadək əfqan yaşayırdı. Bunu BMT İran hökumətinin informasiyasına əsasən bildirirdi.

Ancaq “Reuters” yazır ki, bu ilin sonunadək bu rəqəm yarıbayarı azala bilər. Ötən il İranı 770 min əfqan tərk edib, bu il isə əlavə 570 min əfqanın ölkəsinə qayıdacağı gözlənir. Məlumatı yanvarda Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

XS
SM
MD
LG