Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:02

Neft bahalanır, kimi nə gözləyir – Qərb mediası


Tehranda mağaza, 23 aprel, 2019-cu il
Tehranda mağaza, 23 aprel, 2019-cu il

Mayın əvvəlindən Birləşmiş Ştatlar İrandan neft idxal edən ölkələrə sanksiyalardan möhlət verməyəcək. Prezident Donald Trump-ın bu qərarından sonra dünyada neft bahalanmaqdadır. “The Associated Press” agentliyi yazır ki, neftin qiymətləri amerikalı istehlakçılara təsir göstərəcək səviyyədə yüksələ bilər.

Təhlilçilərin bildirməsinə görə, İranın xam nefti bazardan çıxarılarsa, beynəlxalq səviyyədə alınıb-satılan Brent markalı xam neftin barreli 80 dollara, yaxud ondan da yuxarı qalxa bilər.

“Bu əlbəttə ki, ABŞ istehlakçıları tərəfindən hiss olunacaq, özəlliklə də yay yaxınlaşdıqca sürücülük mövsümünün artdığı bir dönəmdə”, – S&P Global Platts Analytics şirkətinin baş geo-siyasi müşaviri Paul Sheldon deyib.

Birləşmiş Ştatların neft idxalı
Birləşmiş Ştatların neft idxalı

Bu həftə Brent neftinin barreli 47 sent bahalanaraq 74,51 dollara qalxıb. U.S. West Texas Intermediate neftinin barreli isə 75 sent yüksələrək 66,30 dollar olub.

ABŞ sanksiyaları noyabrda açıqlamışdı, ancaq bəzi ölkələrə İrandan idxalı davam etdirməyə möhlət vermişdi. Möhlətin vaxtı mayın 2-də bitir.

Qiymətlər oktyabrın sonundan bu səviyyəyə yüksəlməyib.

“Təchizat zəifləyəcək”

Raymond James-in enerji təhlilçisi Pavel Molchanov deyir ki, hətta son qərardan öncə belə neft bazarı yaxşı təchiz olunmamışdı. İndi möhlət qaldırılır və “fikrimizcə, təchizat daha da zəifləyəcək”, – o vurğulayıb.

Arxiv fotosu
Arxiv fotosu

Molchanov-un fikrincə, 2020-ci ildə Brent neftinin barreli 100 dollaradək yüksələ bilər və bunun da ABŞ iqtisadiyyatına daha əhəmiyyətli təsiri olacaq.Ancaq onadək, iqtisadiyyatı və valyutası daha zəif, Pakistan, Banqladeş, Saharaaltı Afrika ölkələri kimi özlərinin neft təchizatı olmayan ölkələr qiymətlərin yüksəlişinin ağrısını daha çox hiss edəcəklər, təhlilçi belə düşünür.

ABŞ son qərarını açıqlamazdan öncə Raymond James dünyada neft təchizatının bu il günə 740 min barrel, 2020-ci ildə isə əlavə 460 min barrel az olacağını proqnozlaşdırmışdı. Molchanov-un deməsinə görə, sanksiya möhlətinin bitməsi neft təchizatının günə daha 300 min barrel azalması deməkdir.

Prezident Donald Trump qərarını administrasiyasının İrana “maksimum təzyiq” kampaniyası ilə izah edir. Vaşinqton deyir ki, bununla İranın Yaxın Şərq və başqa yerlərdə sabitsizlik yaratmaq fəaliyyətinə maliyyəni kəsmək istəyir.

ABŞ Səudiyyə Ərəbistanı və digər neft hasilatçılarının təchizatı yetərli səviyyədə saxlayacağına bel bağladığını bildirir.

Təhlilçilərin fikrincə, Səudiyyə boşluğu ehtiyatla doldurmalıdır, təchizatı sürətlə yüksəltməyə çalışarsa, neftin qiyməti tənəzzül edər.

Tehranda valyutadəyişmə məntəqəsi
Tehranda valyutadəyişmə məntəqəsi

İranlıların dolanışığı ağırlaşır

Bu arada İranda alıcılar deyirlər ki, inflyasiya ərzaq və evlərin qiymətinə təsir göstərir. “Frans Pres” agentliyi iranlıların ABŞ-ın yeni sanksiyalarını əndişə ilə gözlədiyini yazır.

“Sonucda Amerikanın təzyiqini xalq öz üzərində hiss edir”, – 28 yaşlı bir iranlı deyib.

“Bəziləri iflas edib, hələ ayaq üstdə duranlar isə durum pisləşdikcə təslim olacaq”, – o deyib, ancaq adının çəkilməsini istəməyib.

Trump ötən ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

O vaxtdan İran iqtisadiyyatına sanksiyalar təsirini göstərib, inflyasiya kəllə-çarxa vurub, milli valyuta çöküb, idxal xeyli bahalanıb.

“Ölkənin gəlirləri təbii ki, azalacaq və ola bilsin, rial daha da düşəcək”, – həmin iranlı agentliyə deyib.

Tehranda ABŞ əleyhinə böyük divar rəsmi
Tehranda ABŞ əleyhinə böyük divar rəsmi

Təhlilçilər İranın martda günə 1,9 milyon barrel neft ixrac etdiyini deyirlər. Mərkəzi Bank bu il neft satışından 10,57 milyard dollar gəlir əldə olunacağını proqnozlaşdırıb.

“Maaşımız azdır. Sanksiyalar qayıdandan ərzaq və ətə xərclədiyimizi kirayə haqqına ödəyirik”, – 55 yaşlı bir evdar qadın deyib.

İranın Statistika Mərkəzinin məlumatına görə, Fərvərdin ayında (21 mart-20aprel) inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 51,4 faiz qalxıb.

Ərzaq və xidmətlər isə həmin ayda uyğun olaraq 85 və 37 faiz bahalanıb.

“Bu, siniflərarası uçurumu dərinləşdirib. İndi yalnız zənginlər və yoxsullar var, ortada bir şey qalmayıb”, – həmin evdar qadın gileylənib.

İranlılar səyahətləri də azaldıblar. “Durum sarsıdıcıdır. İrandan xaricə, yaxud ölkəiçi səfərlər əməlli-başlı azalıb”, – Tehranın səyahət agentlikləri assosiasiyasının rəhbəri Amir Pooyan Rafishad bu yaxınlarda ISNA agentliyinə deyib.

XS
SM
MD
LG