Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Trump-ın 24 aprel bəyanatı Amerika Erməni Assambleyasını məyus edib


Bryan Ardouny
Bryan Ardouny

ABŞ prezidenti Donald Trump aprelin 24-də 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş erməni qətliamının ildönümü günündə xüsusi bəyanatla çıxış edib.

Bu bəyanatda deyilir:

“Bugün biz Meds Yeğerni və 20-ci əsrin ən pis qırğınlarından birində iztirab çəkənlərin xatirəsini hörmətlə yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı imperiyasının son illərində milyon yarım erməni deportasiya olunub, qətliam edilib və ölümə göndərilib. Biz bu xatirə günündə bir daha Amerikadakı və bütün dünyadakı erməni icmasının itirilmiş həyatlar üçün tutduğu matəmə qoşuluruq”.

Donald Trump bunun ardınca öz bəyanatında həmin zorakılıqlara son qoyulmasına, bu qətliamların təkrar olunmasının qarşısının alınmasına çalışanların xatirəsinə də ehtiramını bildirib və insan haqları müdafiəçisi və vəkili Raphael Lemkinin adını çəkib:

“Biz keçmiş faciələrdən öyrənməliyik ki, onları bir daha təkrar etməyək. Biz ermənilərin və türklərin öz ağrılı tarixlərini qəbul etmələrini və qiymətləndirmələrini alqışlayırıq. Biz eyni zamanda Meds Yeğern zamanı itirilən həyatların yad edilməsində erməni xalqının yanındayıq və daha sülhsevər dünyaya can atdığımızı bildiririk”.

Lakin Amerikanın Erməni Assambleyası Donald Trump-ın aprelin 24-də verdiyi bəyanatdan, bəyanatda “soyqırım” sözündən deyil, Meds Yeğern (Böyük qırğın) erməni terminindən istifadə olunmasından məyus olub və bu bəyanatı “soyqırımın inkarına son qoyulması yolunda itirilmiş imkan” adlandırıb.

Amerika Erməni Assambleyasının icraçı direktoru Bryan Ardouny xatırladıb ki, “erməni soyqırımının” ildönümündə verilmiş builki prezident bəyanatı da əvvəlki ABŞ prezidentlərinin bu barədə bəyanatlarından fərqlənmir.

Bir ənənə olaraq və NATO müttəfiqi Türkiyənin mövqeyini nəzərə alaraq ABŞ prezidentləri 1915-ci il hadisələri barədə bəyanatlarında “soyqırım” sözünü işlətmirlər.

Ardouny deyib ki, “erməni soyqırımının” tanınmaması və bunun yaratdığı inkar ab-havası avtoritar rejimləri xristianların və başqa azlıqların təqibinə ürəkləndirir”.

Bryan Ardouny deyib ki, “soyqırımın inkarı təqib edilənlərin hamısına qarşı ədalətsizlikdir”.

Ankara da Donald Trump-ın 24 aprel bəyanatını sərt tənqid edib.

Türkiyə də narazıdır

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Donald Trump-ın bəyanatında tarixi faktlar təhrif olunub və “ermənilərin subyektiv bədiiləşdirməsindən” istifadə edilib.

Türkiyə tərəfi sözü gedən hadisələr zamanı qırılan ermənilərin sayının qat-qat az olduğunu və bu ölümlərin əksərən hərbi əməliyyatlara görə baş verdiyini bildirir.

Ankaranın bəyanatında deyilir ki, eyni tarixi zaman kəsiyində yarım milyon müsəlman erməni qiyamçı qrupları tərəfindən qətliam edilib.

***

Aprelin 24-də Ermənistanda 104 il öncə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsinin 104-cü ildönümü qeyd olunur.

Tsitsernakabert memorialı
Tsitsernakabert memorialı

Yerevanda yüzminlərlə adam Tsitsernakaberd xatirə abidəsinə yürüş edib, Ermənistanın “soyqırımı” adlandırdığı hadisə qurbanlarının xatirəsinə yanan əbədi məşəl önünə güllər qoyublar.

Baş nazir Nikol Pashinian və həyat yoldaşı, digər rəsmilər və siyasətçilər də aprelin 24-də memoriala baş çəkiblər.

“Birləşmiş Ştatlar tarixi faktları inkar eləmir”

ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracey tədbirə qatılıb. O, jurnalistlərə deyib ki, qurbanların xatirəsini anmaqdan ötrü memoriala gəlib.

Katolikos II Garegin dua mərasimi keçirir
Katolikos II Garegin dua mərasimi keçirir

“Birləşmiş Ştatlar tarixi faktları inkar eləmir. Fakt odur ki, 1915-ci ildə baş verənlər 20-ci əsrin ən kütləvi vəhşiliklərindən biridir. Ancaq erməni xalqının möhkəmliyi bizi ürəkləndirir və bu gün də məhz bu barədədir”, – Tracey söyləyib.

Ermənilər 1-ci Dünya müharibəsi zamanı Osmanlı İmperiyası parçalandığı dönəmdə 1,5 milyon erməninin öldürüldüyünü deyirlər. Bir çox ölkələr bu iddianı dəstəkləyir. Ermənistan və daha 30 ölkə həmin hadisələri “soyqırımı” kimi tanıyıb.

Türkiyə isə həmin dövrdə öldürülən ermənilərin sayının qat-qat az olduğunu, bunun iğtişaşlar zamanı baş verdiyini deyir, yəni Osmanlı hakimiyyətinin xristian azlığı məhv etməyə yönəlik sistematik cəhdi saymır.

Ankara bəzi ölkələrin bu hadisələri “soyqırımı” kimi tanımasına qarşı çıxır, onları iqtisadi və diplomatik əks-tədbirlərlə hədələyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG