2016-cı ildə mavi qaza tətbiq edilən limitin ləğvi ilə bağlı son vaxtlar təkliflər səslənir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) də müzakirə edilən bu məsələni araşdırıb.
Bu barədə AzadlıqRadiosuna mərkəzin rəhbəri Vüqar Bayramov məlumat verib.
V.Bayramov deyir ki, qazın limitsiz olaraq hər kubmetrinin daha aşağı qiymətə, yəni əvvəlki kimi 10 qəpiyə satılmasından ötrü iqtisadi əsaslar var.
Hasilat artıb
İqtisadçı hesab edir ki, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır: «Ötən il ölkəmizdə 30.490 mlrd. kubmetr mavi qaz hasil edilib. Bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir».
Mərkəz rəhbəri vurğulayır ki, Dövlət Neft Şirkəti (SOCAR) BP-dən səmt qazı almaqda davam edir. O qeyd edir ki, 2018-ci ildə «Azəri»-«Çıraq»-«Günəşli» (AÇG) yataqlar bloku çərçivəsində SOCAR 2.3 milyard kubmetr səmt qazı alıb: «Səmt qazının, əsasən, daxili istehlak üçün istifadə edildiyini nəzərə alsaq, bu, əhaliyə satılan qaz limitini aradan qaldırmağa imkan yaradır».
Manat sabitdir
V.Bayramov limitin ləğvinə növbəti əsas kimi 2017-ci ilin fevralından sonra manatın məzənnəsinin sabit qalmasını, SOCAR-dan ötrü valyuta riski probleminin aradan qalxmasını göstərir: «2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman manatın məzənnəsi stabil deyildi və bu, şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır».
Mərkəz rəhbərinə görə, daha bir əsas Azərbaycanın qaz ixracatındakı artım tendensiyası və ölkəyə daha çox valyutanın daxil olmasıdır:
«Bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan verir. Artım tempi bu ilin birinci rübündə də davam edib... Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.5 dəfə artıb. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb».
V.Bayramov hesab edir ki, mavi qaza limitin ləğvi sosial baxımdan da əhəmiyyətlidir.
Xatırlatma
Tarif Şurası 2016-cı il noyabrın 28-də qazın və elektrikin qiymətinə yenidən baxıb. Bu zaman limit tətbiq edilib. Hazırda qazın illik istehlak həcminin 1700 kubmetrə qədər olan hissəsindən ötrü hər kubmetrin qiyməti 10 qəpik saxlanıb. İllik istehlak həcmi 1700-dən çox olan hissəsə üçün isə qiymət hər kubmetrə 20 qəpik müəyyənləşib.
Artıq 2 ilə yaxındır manatın məzənnəsi dəyişmir. 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.
«Dövlət Neft Şirkətinin müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulmuş və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə həmçinin qeyd edilir ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur»,- Tarif Şurası 2016-ci ildə qiymət artımını belə izah etmişdi.