Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Zelenskiy üçün əsl savaş indi başlayır – Qərb mediası


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukraynanın yeni seçilmiş prezidenti Volodymyr Zelenskiy özünün ideal ölkəsini “Qərbin korrupsioner tərəfdaşı”, yaxud “Rusiyanın kiçik bacısı” kimi görmədiyini deyir. Bu, praqmatik vətənpərvərlik ukraynalıların çoxunun qəlbinə toxunur, çünki çoxlarından ötrü indi ən vacib iş Petro Poroshenko-nun səlib yürüşünə bənzər prezidentliyindən sonra ölkənin daxili problemlərini yoluna qoymaqdır. “Karnegi” fondunun saytında Konstantin Skorkin bunun asan olmayacağını yazır.

Müəllif komediya ustası Zelenskiy-nin seçkidə səslərin 73 faizini qazanmasını gözlənilən, ancaq istənilən halda sensasion sayır. Onun fikrincə, bu nəticə təkcə aktyorun şəxsi qələbəsi deyil, köhnə elitaya inamsızlığın göstərcisidir. Digər tərəfdən bu seçki milli intelligensiyanın iflasını ortaya qoydu. Ziyalıların çoxu Poroshenko-nu dəstəkləsə də, sıravi vətəndaşları tərəflərinə çəkə bilmədilər.

Petro Poroshenko və Volodymyr Zelenskiy (sağda) seçkiqabağı debatda
Petro Poroshenko və Volodymyr Zelenskiy (sağda) seçkiqabağı debatda

“Bu 73 faizlik dəstəyin reallıqda nə demək olması barədə düşünməyə dəyər. Bir tərəfdən bu, radikal islahatları gerçəkləşdirməyə, dövlət aparatını köhnə elitadan təmizləməyə inam kartıdır. Digər tərəfdən, bu göstəricini real siyasətə necə tətbiq etmək olar? Həm də saysız-hesabsız siyasi qüvvələrin iş başında olduğu, prezidentin məhdud səlahiyyət daşıdığı parlament-prezident respublikasında? Özəlliklə də, Ukrayna kimi yüksək inkişaf etmiş dərin dövlətin mövcud olduğu postsovet respublikasında: zəif məhkəmə sistemi və dövlət siyasəti ilə yanaşı hakimiyyətə qaranlıq klanlar sisteminin real nəzarət etdiyi bir ölkədə. Bu, Pirr qələbəsinə çevrilə bilərmi?” – müəllif sual edir.

Zelensky-yə qalan hökumətin başında Volodymyr Groysman durur, ancaq hökumətdə Daxili işlər naziri Arsen Avakov kimi güclü müttəfiqi var. Amma köhnə qvardiyanın hansısa sabotaj cəhdini əzə bilmək üçün özünün “silovik”lərini təyin etməkdən ötrü Zelenskiy-yə Verkhovna Rada-nın dəstəyi gərəkdir.

“Parlamentdəki mövcud çoxluq Poroshenko zamanında yaradılıb və şübhəsiz, o gedəndən sonra bir çox deputat qalibin tərəfinə keçəcək. Di gəl, Zelenskiy-in öz fraksiyası yoxdur və sövdələşməyə getməli olacaq”, – müəllif yazır.

Rumıniyada tibb işçiləri çatışmır

“The Guardian” qəzeti Rumıniyada tibb ocaqlarında həkim, tibb bacısı çatışmazlığından yazır. Bu səbəbdən iki il öncə təqaüdə çıxmalı olan 65 yaşlı Gabriela Dumitru hələ də iş başındadır, həm də həmişəkindən daha artıq işləməli olur.

Rumıniya, arxiv fotosu
Rumıniya, arxiv fotosu

Son illər minlərlə həkim və tibb bacısı Rumıniyanı tərk edərək Qərbi Avropaya daha yüksək maaşlı işlərə üz tutur. Həm də bu böhranı təkcə Rumıniya yaşamır, Avropanın mərkəzində və şərqindəki ölkələr Avropa İttifaqına üzvlük əldə edəndən əhalinin böyük köçü ilə üzləşiblər.

Hökumətlər gənc və istedadlı şəxslərin köçünün yaratdığı problemləri aradan qaldırmağa çalışır, siyasətçilər əhalinin immiqrasiya qorxularından yararlanaraq dəstək qazanır. Amma son tədqiqatlar emiqrasiyadan narahatlığın kəskinləşdiyini göstərir.

Son rəy sorğusuna görə, rumıniyalıların 50 faizindən artığı emiqrasiyanın ölkəyə təsirindən narahatdır.

Aİ-yə qoşulandan bəri 3,4 milyon rumıniyalı ölkəni tərk edib. Səhiyyə Nazirliyi isə bu müddətdə 43 min həkim getdiyini açıqlayıb. Başqa bir araşdırma 2050-ci ilədək ölkə əhalisinin 22 faiz azalacağını ortaya qoyub. Qəzet qonşu Bolqarıstanda da oxşar tendensiyanın mövcud olduğunu vurğulayır.

Malavidə malyariyaya qarşı vaksin sınaqdan keçirilir

Dünəndən – aprelin 23-dən Malavidə dünyada malyariyaya qarşı ən qabaqcıl eksperimental peyvəndin irimiqyaslı sınağına başlanıb. Məqsəd hər il Afrikada yüzminlərlə adamın ölümünə səbəb olan bu xəstəliyi önləməkdir.

Malyariya regionu
Malyariya regionu

Peyvənd 30 ildən artıqdır hazırlanma mərhələsindədir və ona 1 milyard dollaradək sərmayə qoyulub. Gələn həftədən Keniya və Qanada da tətbiq olunacaq.

2 yaşınadək 120 min uşağa peyvənd vurulacaq. Pilot vaksinin səmərələliyi və çatdırılma prosesinin əlçatımlığı dəyərləndiriləcək.

“Mosquirix” adlı dərmanı Britaniyanın GlaxoSmithKline şirkəti PATH Malyariya Vaksin Təşəbbüsü ilə tərəfdaşlıq çərçivəsində hazırlanıb.

Daha öncə peyvənd elmi sınaqdan keçirilib – beş il ərzində yeddi ölkədə 15 min adam üzərində klinik yoxlama aparılıb və nəhayət 2015-ci ildə pilot proqram üçün təsdiqlənib.

Sınaqlar zamanı malyariyaya yoluxma hallarının 40 faiz azaldığı bildirilir.

Potensial peyvənd ağcaqanadların yaratdığı bu xəstəliyə qarşı tam qoruma təmin etməyəcək. Ancaq yenə də indiyədək hazırlanmış ən səmərəli dərman hesab olunur.

Alimlər deyirlər ki, tətbiq miqyası böyüyərsə, yüzminlərlə həyat xilas oluna bilər.

XS
SM
MD
LG