Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Çin qara kürünü ‘ceyran beli’ndən salır


Qara kürü
Qara kürü

1980-ci illərdə Birləşmiş Ştatlarda, Uol Strit biznes mərkəzində Xəzər dənizindən gətirilmiş qara kürü dəbdəbəli bir qəlyanaltı sayılardı. 2019-cu ildə isə kürünün imici xeyli dəyişib. “The Washington Post” qəzeti ABŞ bazarına ucuz Çin kürüsünün ayaq açdığını, bunun da qiymətləri ucuzlaşdırdığını yazır.

2012-ci ildən topdansatış qiymətləri 50 faizdən artıq, ötən il isə 13 faiz düşüb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2012-ci ildə bir ton kürünün idxal qiyməti 850 min dollardan 2018-ci ilin noyabrında 350 min dollara düşüb.

Çin dominant mövqeyini saxlayır

Məqalədə vaxtilə Xəzər dənizində ticarətin sərhəd ölkələrin nəzarətində olduğu qeyd olunur. Sovet İttifaqı dağılandan sonra dənizdə balıq azalmağa başladı. Ağ balıq kimi nadir növlərə təhlükə yarandı. 2005-ci ildə isə ABŞ-ın Balıq və Vəhşi Təbiət Xidməti onun idxalını qadağan elədi.

Sibirdə kürü satan, arxiv fotosu
Sibirdə kürü satan, arxiv fotosu

O vaxtdan Birləşmiş Ştatlarda dəfələrlə kürü əldə etməyə cəhd olunub, ancaq əsasən uğursuzluqla nəticələnib. Çin bu dönəmdə üstün mövqeyə keçib: 2017-ci ildə 130 metrik ton kürü ixrac edib. Birləşmiş Ştatlar isə 16 metrik tondan az kürü istehsal edib.

ABŞ 2017-ci ildə 7 milyon dollarlıq Çin kürüsü idxal edib ki, bu da 2012-ci ildəkindən beş dəfə çoxdur.

Bəzi yerli istehsalçılar ümid edirdilər ki, ötən il Trump administrasiyasının Çinin dəniz ərzağına qoyduğu 10 faizlik tarifin onlara köməyi dəyəcək, ancaq ABŞ şirkətlərinin hələ də bu sahədən mənfəət götürmədiyi bildirilir.

Yerli distributorlar arasında narahatlıq doğuran bir tendensiya da yayılıb: saxtakarlıq. 2015-ci ildə bir araşdırma 27 kürü növündən yalnız 10-na düzgün etiket vurulduğunu üzə çıxarıb. Bir çox məhsulların üstündə nərə balığına aid olduğu yazılsa da, əslində başqa növə aid olublar, bəzilərində heç heyvan DNT-si olmayıb...

Boraksdan istifadə edirlər

Christopher Cogan adlı bir şirkət rəhbəri kürü saxtakarlığını üzə çıxarmağa çalışanlardandır. “Adamların bizim etiketdən istifadə etdiyini, ancaq məhsulun bizim kürü olmadığını aşkarladıq. Məhsulu götürdük, yoxladıq, sübut elədik ki, bizim kürü deyil. Gözəl otellər, restoranlar belə prinsipsiz distributorlar tərəfindən aldadılır”, – Cogan deyir.

Son illər qanunsuz kürü brakonyerliyi, qanunsuz idxalı, qara bazarda satışı, qanunsuz əvəzlənməsinə görə həbslər də aparılıb.

Burada istehlakçını əndişələndirən bir məqam da var. Birləşmiş Ştatlarda, Çində və digər ölkələrdə qadağan olunmasına baxmayaraq Çində bir çox şirkətlər hələ də ərzağın qorunması üçün boraksdan (borat turşusunun natrium duzu) istifadə edirlər. Bunu Akvamədəniyyət Konsaltinq Xidmətləri şirkətinin rəhbəri Jim Michaels deyir. O, boraksın ərzağın saxlama müddətini fantastik şəkildə uzatdığını və adətən, idxal məhsullarında aşkarlanmadığını deyir.

Vəhşi təbiətdə ağ balıq cinsi yetişkənliyə 20 ildən sonra çatır və 100 ilədək yaşaya, çəkisi iki tonadək gələ bilər. Kürü isə balığın çəkisinin 10 faizə qədərini təşkil edir. Belə kürünün kilosunun ortalama qiyməti 5 min dollar civarındadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG