Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İrandan neft idxalına möhlət uzadılmayacaq - Reaksiyalar


Mike Pompeo
Mike Pompeo

Pekin ABŞ-ın qərarını kəskin tənqid edib, xəbərdarlıq edib ki, bu, Yaxın Şərqdə və beynəlxalq enerji bazarında qarışıqlıq yaradar.

“Çin ABŞ-ın birtərəfli sanksiyalarına və uzunqollu yurisdiksiyasına qəti qarşı çıxır”, – Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang aprelin 23-də mətbuat üçün keçirdiyi brifinqdə deyib.

İranın regiondakı əsas rəqibi olan Səudiyyə Ərəbistanı ABŞ-ın qərarını alqışlayıb, bu addımı tam dəstəklədiyini bildirib.

Yaponiya qərarının məhdud təsiri olacağını deyib.

“Beynəlxalq neft bazarlarını diqqətlə izləyəcək, xam neft idxalında iştirak edən Yaponiya şirkətləri ilə fikir mübadiləsi aparacağıq, gərəkən tədbirlərin görülməsini nəzərdən keçirə bilərik”, – Yaponiyanın ticarət və sənaye naziri Hiroshige Seko aprelin 23-də deyib.

***

ABŞ Prezidenti Donald Trump may ayından İran neftinin idxalçıları üçün sanksiyalardan möhləti uzatmayacaq. Bunu Ağ ev aprelin 21-də yaydığı bəyanatında deyib.

Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri “İran nefti bazardan çıxarılınca qlobal tələbatın ödənməsini təmin etmək üçün vaxtında tədbir görməyə razılaşıblar”, – Ağ ev bildirib.

“Ayətullaları milyardlardan məhrum etmək”

“Qərarda məqsəd İranın neft ixracını sıfıra endirmək, rejimi əsas gəlir mənbəyindən məhrum etməkdir”, – bəyanatda vurğulanır.

Bu qərar o deməkdir ki, artıq mayın 2-dən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə üçün sanksiyalardan möhlət uzadılmayacaq.

ABŞ Dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton “bu keçidi asanlaşdırmaq və yetərli təchizatı təmin etməkdən ötrü Səudiyyə Ərəbistanı, BƏƏ və digər böyük hasilatçılarla geniş və məhsuldar müzakirələr aparıb”.

İranın neft ixracı
İranın neft ixracı

ABŞ Senatoru Ted Cruz neft idxalçıları üçün sanksiyalardan möhlətin qaldırılmasını alqışlayıb.

“Bu qərar ayətullaları milyardlarla dollardan məhrum edəcək. Onlar həmin pulları Birləşmiş Ştatların və müttəfiqlərimizin təhlükəsizliyini sarsıtmağa, İranın nüvə və ballistik raket proqramlarının inkişafına, qlobal terrorçuluğun maliyyələşdirilməsinə sərf edirlər”, – o deyib.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir. İranın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin neft sektoruna sanksiyalarını “qanunsuz” adlandırıb.

“Sözügedən sanksiyalar prinsipcə qanunsuz olduğundan, İran İslam Respublikası həmin sanksiyalardan möhlətə də dəyər verməyib və vermir”, – nazirlik aprelin 22-də rəsmi vebsaytında bildirib.

İran nə deyir

İran dəfələrlə xəbərdarlıq edib ki, ABŞ ölkənin neft ixracına sanksiyaları sərtləşdirərsə, 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxacaq. Həmin saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu.

Vaşinqtonun açıqlamasından öncə İranın Neft Nazirliyində adı çəkilməyə mənbə yarırəsmi Tasnim agentliyinə demişdi ki, Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirə bilməyəcək.

“…İran hakimiyyəti neft ixracını dayandırmaq qərarı verməyincə ixrac sıfıra enməyəcək… bu isə hazırda müzakirə mövzusu deyil”, – “bilgili mənbə” agentliyə demişdi.

İsrailin Baş naziri Benjamin Netanyahu Trump administrasiyasının qərarını alqışlayıb, bu addımın “İranın terrorçu rejiminə təzyiqi artırmaqdan ötrü böyük əhəmiyyəti olduğunu” söyləyib.

Türkiyə isə qərarı tənqid edib. Xarici işlər naziri Mevlut Cavusoglu aprelin 22-də Twitter-də yazıb: “Türkiyə birtərəfli sanksiyaları, qonşularımızla münasibətlərimizə diktəni rədd edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG