Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 15:17

Runet-in təcridi layihəsi Federasiya Şurasından keçdi


Moskvada internetə azadlıq tələb olunan yürüş, 10 mart, 2019-cu il
Moskvada internetə azadlıq tələb olunan yürüş, 10 mart, 2019-cu il

Rusiyanın Federasiya Şurası ölkə internetinin dünyadan təcrid olunmasına texniki imkanlar yaradan “suveren internet” qanun layihəsini təsdiqləyib.

Plenar iclasın əvvəlində zalda elektrik kəsilib və internet itib. 10 dəqiqədən sonra elektrik verilişi bərpa olunub, amma bir sıra sistemlərin işində problem yaranıb, monitorlar və mikrofonlar işləməyib.

Rusiyada internetin “təhlükəsiz və davamlı işləməsinin təminatı”na dair qanun layihəsini Dövlət Duması aprelin 16-da qəbul edib. Plana görə, qanun bu ilin noyabrından qüvvəyə minməlidir. İnformasiyanın kriptoqrafik müdafiəsi, eləcə də domen adlarının milli sistemi maddələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanunun icrasını Roskomnadzor koordinasiya edəcək. Şəbəkədə müdafiə qurğularının quraşdırılması və istifadəsini isə Rusiya hökuməti təsdiqləyəcək.

Dövlət Duması bildirir ki, qanun layihəsi “ABŞ-ın 2018-ci ilin sentyabrında qəbul etdiyi Milli kibertəhlükəsizlik strategiyasının təcavüzkar xarakterinə uyğun” hazırlanıb.

Tənqidçilərin fikrincə, avtonom internet total senzuraya yol açar. İndiyədək Rusiyanın bir neçə şəhərində internet azadlığı uğrunda aksiyalar keçirilib.

Qanun layihəsini bəzi internet şirkətləri də tənqid edib. Onların fikrincə, qanunun icrası üçün hazırlanan texnologiya “xidmətlərin işini pisləşdirəcək”, bütün trafiki təhlil etmək cibə uyğun deyil və sonucda layihə “kosmik” həddə bahalanacaq.

XS
SM
MD
LG