Trump administrasiyası beş ölkənin İrandan neft idxalını davam etdirəcəkləri halda ABŞ sanksiyalarından azad olunmayacaqlarını bildirəcək. Bu haqda “The Associated Press” agentliyi yazır. Həmin ölkələr sırasında Yaponiya, Cənubi Koreya və Türkiyə də var.
Agentlik Birləşmiş Ştatların adı çəkilməyən üç rəsmisinə istinadla yazır ki, Dövlət katibi Mike Pompeo aprelin 22-də belə bir bəyanatla çıxış edəcək. O, mayın 2-də beş ölkə üçün sanksiyalardan möhlət bitincə prezidentin onu təzələməyəcəyini bildirəcək.
Digər iki ölkə Çinlə Hindistandır.
Alışı bitirməyə vaxt veriləcəkmi
Pompeo aprelin 10-da deyirdi ki, Prezident Donald Trump İranın “davranışını dəyişməsindən ötrü” ona təzyiqi artıracaq.
Neft ixracı Tehranın əsl gəlir mənbəyidir. Birləşmiş Ştatlar ötən il nüvə sazişindən çıxdığını və sanksiyaları bərpa etdiyini açıqlayıb. Bu, ölkə iqtisadiyyatına ciddi təsir göstərib, bəzi şəhərlərdə iğtişaşlar baş verib.
AP yazır ki, sözügedən beş ölkəyə alışları bitirmək üçün əlavə vaxt veriləcəyi, yaxud mayın 3-dən İrandan idxalı dayandırmayacaqları halda sanksiyalara məruz qalacaqları bəlli deyil.
Eyni xəbəri bazar günü “The Washington Post” da yazıb.
Dövlət Departamentinin iki rəsmisi qəzetin köşə yazarı, CNN-in siyasi təhlilçisi Josh Rogin-ə bu haqda danışıb.
“Bu siyasətin məqsədi İranın ziyanlı davranışının bədəlini artırmaq, onların rejiminin sülhə və təhlükəsizliyə yaratdığı təhdidləri daha güclü şəkildə yoluna qoymaqdır”, – rəsmi deyib.
Aprelin 2-də Pompeo-nun baş siyasi müşaviri Brian Hook brifinqdə deyirdi ki, Birləşmiş Ştatlar “İran neftinin satışını sıfıra salınmasını sürətləndirir”.