Keçid linkləri

Təcili xəbərlər
2019, 24 May, Cümə, Bakı vaxtı 19:39

Zelenskiy: ‘Poroshenko-ya minnətdaram’


Volodymyr Zelensky

Artıq seçki bülletenlərinin 95 faizindən çoxu sayılıb. Zelenskiy səslərin 73,2, Poroshenko isə 24,5 faizini yığıb.

***

Komediya ustası, siyasətdə yeni olan Volodymyr Zelenskiy Ukraynanın hazırkı Prezidenti Petro Poroshenko-nu seçkidə böyük səs fərqilə məğlub edərək qələbə qazanıb.

Seçkinin ikinci raundunda bülletenlərin artıq 73,2 faizi sayılıb. Zelenskiy səslərin 73,1, Poroshenko isə 24,6 faizini yığıb. Bu, ekzit-polun nəticələri ilə demək olar eynidir.

Zelenskiy özünü “sistemi dağıtmağa gəlmiş sadə adam” kimi təqdim edirdi. Poroshenko isə Rusiyanın təcavüzünə qarşı dayanacaq namizəd olduğunu deyirdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.

***Buna da bax: Zelenski Ukrayna prezidenti seçilir (Video)

“İşimiz məhbuslarımızı azad etməkdir”

Ukrayna Prezidenti Petro Poroshenko-ya çox minnətdaram, indicə məni qələbəm münasibətilə təbrik elədi. Ona təşəkkür edirəm. Dedi ki, istənilən vaxt onun köməyimə bel bağlaya bilərəm. O mənim və komandamın qələbəsini etiraf elədi”, – Zelenskiy məntəqələr bağlanandan az sonra deyib.

Volodymyr Zelenskiy (ortada sağda) və həyat yoldaşı Olena Zelenska (ortada solda)
Volodymyr Zelenskiy (ortada sağda) və həyat yoldaşı Olena Zelenska (ortada solda)

Avropa Şurasının Prezidenti Donald Tusk Zelenskiy-ni gözlənən qələbəsi münasibətilə təbrik edib. Fransa Prezidenti Emmanuel Macron, Britaniyanın Xarici işlər naziri Jeremy Hunt da ona təbriklərini çatdırıblar.

Ukrainska Pravda-nın xəbərinə görə, ABŞ Prezidenti Donald Trump Zelenskiy ilə telefonla danışıb və onu təbrik edib.

Zelenskiy deyib ki, niyyəti Ukrayna siyasətinə “yeni adamlar” gətirməkdir. O, “ehtiyacı olarsa” Poroshenko-ya məsləhət üçün müraciət edəcəyini söyləyib. O, “yaxın gələcəkdə” şəxsi açıqlamalar verəcəyini də sözlərinə əlavə edib.

Onun sözlərinə görə, prezident kimi prioriteti Rusiyadakı bütün ukraynalı hərbi əsirlərin və digər məhbusların azad olunmasına nail olmaqdır. O, Ukraynanın şərqindəki münaqişənin həllindən ötrü Minsk prosesinə yenidən təkan verəcəyini sözlərinə əlavə edib.

“İşimiz məhbuslarımızı azad etməkdir. Oğlanlarımızı evlərinə qaytarmaq üçün hər şeyi edəcəyəm. İstisnasız bütün məhbuslarımızı”, – o söyləyib.

Petro Poroshenko
Petro Poroshenko

Revanşizmi üstələmək

Poroshenko isə məğlubiyyət niqtində siyasətdə qalacağını deyib.

“İstənilən siyasi rolda revanşizmi üstələmək, Ukraynanın kursunu dəyişməməsi üçün əlimdən gələni edəcəyəm. Ancaq seçkinin nəticəsi bizi qeyri-müəyyənlik, gözlənilməzlik, Ukraynanın Avropa İttifaqı və NATO-ya doğru strateji kursu, demokratik islahatların davamlılığına dair böyük sual işarəsi ilə üz-üzə qoyur”, – o vurğulayıb.

O, beynəlxalq ictimaiyyəti “Ukraynanın son uğurlarını, Aİ və NATO-ya inteqrasiyanı hədəfləyən strateji kursunu qoruyub saxlamasına kömək etməyə” çağırıb.

Poroshenko rəsmi tvitində “hər şey yaxşı olacaq” sözlərini yazıb.

Beş il öncə rusiyapərəst prezident Viktor Yanukovych devrildi və seçkini Poroshenko uddu. İndi müşahidəçilər ölkədə sabitliyin qorunub saxlanacağına ümid edirlər. Ukrayna Avropada əsas tranzit marşrutudur, Qərbin Rusiya ilə qarşıdurmasının da ön cəbhəsində yer tutur.

Həm Poroshenko, həm də Zelenskiy qərbyönümlü hesab olunur.

Zelenskiy deyir ki, Ukraynanın NATO-ya qoşulmasını dəstəkləyir, ancaq bir halda ki bu, referendumda təsdiqlənsin. O, Rusiyanın ilhaq etdiyi Krım regionunun qaytarmalı olduğunu deyir.

Zelenskiy ölkənin şərqindəki münaqişə üzrə Rusiyayla birbaşa danışıqlara çağırır. Bu münaqişədə 13 mindən çox adam ölüb. Moskva əvvəllər belə təklifləri rədd edib, münaqişəni Ukraynanın daxili məsələsi adlandırıb, Kiyevi separatçı qurumlarla danışıqlar aparmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG