ABŞ-da Xüsusi prokuror Robert Mueller Rusiyanın Birləşmiş Ştatlarda seçkiyə müdaxiləsinə dəlil tapmadığını “boynuna alıb”. Rusiyanın Xarici İşlər Nazirliyi aprelin 19-da belə bir yalan iddia irəli sürüb.
Mueller Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxilə iddialarını, Trump-ın seçki kampaniyası ilə Moskvanın mümkün əlbirliyini araşdırırdı.
***Buna da bax: Demokratlar Mueller hesabatında Trump-a qarşı faktlar olduğunu deyirlər
Hesabatın redaktəli versiyası aprelin 18-də Konqresə göndərilib və onlayn yayılıb. Sənəddə Rusiyanın seçkiyə müdaxiləsinə dair dəlillər göstərilir, ABŞ vətəndaş cameəsinin daha öncəki tapıntıları təsdiqlənir. Rusiyanın “email”lərin ələ keçirilməsi və dezinformasiya kampaniyası vasitəsilə ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı bildirilir.
“Rusiya hökuməti 2016-cı ildə prezident seçkisinə irimiqyaslı və sistematik tərzdə müdaxilə edib”, – Muellerin hesabatında vurğulanır.
“İki ilədək çəkən istintaq, minlərlə dindirmə, şahid ifadələri nəticəsində xüsusi prokuror təsdiqləyib ki, Rusiya hökuməti 2016-cı ildə prezident seçkisinə qanunsuz müdaxilə cəhdlərinə sponsorluq edib. Ancaq prokuror Trump-ın seçki kampaniyasının və digər amerikalıların həmin cəhdlərlə sövdələşməyə getməsini aşkarlamayıb”, – Baş prokuror William Barr aprelin 18-də bildirib.
“Bircə dəlil də yoxdur”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi isə Moskvada jurnalistlərə deyib ki, Mueller Rusiyanın müdaxiləsinə “dəlil tapmadığını etiraf edib”.
“Orada diqqətəlayiq bir şey yoxdur. Faktiki olaraq, Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsini sübut edəcək arqumentlərin olmadığı təsdiqləyib”, – XİN-in Şimali Amerika departamentinin rəhbəri Georgy Borisenko deyib.
“Bircə dəlil də yoxdur. Faktiki olaraq, hesabat müəllifləri dəlilin tapılmadığını etiraf ediblər”, – Borisenko iddia edib.
Bu hesabat açıqlanandan öncə isə Mueller 10-dan artıq rusiyalı hərbi kəşfiyyat zabitinə ittiham irəli sürmüşdü. Onların Demokratlar partiyasının elektron yazışmalarının ələ keçirilməsinin arxasında durduğu bildirilirdi. Həmin yazışmalar prezident seçkisinin qızğın vaxtında açıqlanmışdı.
Mueller-in hesabatı Trump-ın, yaxud kampaniya üzvlərinin Rusiyayla sövdələşməsinə yetərincə dəlil tapılmadığı qənaətinə gəlib. Ancaq sənəddə o da vurğulanıb ki, Trump və komandasının azı 17 üzvü, yaxud müşavirləri 2016-cı ilin seçki kampaniyası dövründə rusiyalılarla 100 dəfədən artıq əlaqə yaradıb.