Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:57

Rosneft Reuters agentliyindən polisə şikayət edəcəyini deyir


Rosneft rəhbəri Igor Sechin ( solda), Venesuelanın neft naziri, PDVSA rəhbəri Manuel Quevedo, Prezident Nicolas Maduro-nun iştirakıyla sənəd imzalayır, arxiv fotosu
Rosneft rəhbəri Igor Sechin ( solda), Venesuelanın neft naziri, PDVSA rəhbəri Manuel Quevedo, Prezident Nicolas Maduro-nun iştirakıyla sənəd imzalayır, arxiv fotosu

Rusiyanın Rosneft şirkət bildirir ki, Reuters xəbər agentliyindən polisə şikayət etmək niyyətindədir.

Bundan əvvəl Reuters agentliyi Rosneftin Venesuelaya ABŞ sanksiyalarından yayınmaqda kömək etdiyini yazmışdı.

Agentliyin xəbərində deyilirdi ki, Venesuela neft satışından gələn pulu Rosneft vasitəsilə alır.

Rosneft Reuters agentliyinin hərəkətini “informasiya təxribatı” adlandırıb:

"Biz bu qondarma agentliyin Rusiya Federasiyası ərazisindəki qanunsuz fəaliyyətini dayandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi lazım bilirik”.

***

Venesuelanın hakimiyyətini saxlamağa çalışan Prezidenti Nicolas Maduro neft satışından pulları Rusiyanın Rosneft dövlət enerji nəhəngi vasitəsilə əldə edir və beləliklə də ABŞ sanksiyalarından yayınır. Bunu “Reuters” agentliyi mənbələrə və gördüyü sənədlərə istinadla yazır.

Birləşmiş Ştatlar Maduronu diktator adlandıraraq onu maliyyə məngənəsinə salıb. Son informasiya isə Venesuela hökumətinin Rusiyadan necə asılı bir hala gəldiyini göstərir.

Vaşinqton yanvarda PDVSA dövlət neft şirkətinə sanksiyalar tətbiq edib. Neft bu OPEC ölkəsindən ixracın 90 faizindən də artığını tutur, hökumətin gəlirlərində nəhəng paya malikdir. Maduro ABŞ Prezidenti Donald Trump-ı Venesuelaya qarşı iqtisadi müharibə aparmaqda suçlayır.

PDVSA-nın Karakasda ofisi
PDVSA-nın Karakasda ofisi

Rosneft pulu dərhal ödəyir, sonra...

Mənbələrin bildirməsinə görə, yanvardan Maduro administrasiyası Moskvadakı müttəfiqləri ilə danışıqlar aparıb, PDVSA-ya dollarla ödəniş edən müştəriləri sanksiyalardan qorumağın yollarını müzakirə edib. Rusiya açıq şəkildə ABŞ sanksiyalarını qanunsuz adlandırmış, onlara sinə gərmək üçün Venesuela ilə işləyəcəyini bildirmişdi.

“Reuters”in üzə çıxardığı sxemə görə, PDVSA neft satışının invoyslarını Rosneftə ötürür. Rosneft ona dərhal güzəştli qiymətlə ödəniş edir, yəni neft tranzaksiyası üçün 30-90 günlük müddət gözlənilmir, daha sonra tam məbləği alıcıdan alır. Agentlik bunu sənədlərə və mənbələrə istinadla yazır.

Sənədlərə görə, Hindistanın Reliance Industries Ltd kimi nəhəng enerji şirkətlərindən bu sxemdə iştirak etmək, yəni Venesuela nefti üçün Rosneftə ödəniş etmək istənilib.

Prezident Vladimir Putin dövründə Venesuelaya böyük yatırımlar etmiş Rosneft hələlik, məsələyə münasibət açıqlamayıb.

Venesuelanın neft nazirliyi, informasiya nazirliyi, PDVSA da sualları cavablandırmayıb.

Rusiya 2006-cı ildən bəri Venesuelaya 16 milyard dollara yaxın borc verib, bu borc əsasən neftlə ödənilir. Bundan başqa Rusiya Cənubi Amerika ölkəsinin neft layihələrində də ciddi paylar əldə edib.

“Reuters” yazır ki, bu sxem Vaşinqton rəsmilərini dilxor edib. Onları son günlər bir sual düşündürürdü – niyə sanksiyalar Venesuelanın maliyyə mənbələrinə ciddi təsir göstərməyib.

Nicolas Maduro (solda) və Rosneft rəhbəri Igor Sechin, 2017-ci ilin dekabrı
Nicolas Maduro (solda) və Rosneft rəhbəri Igor Sechin, 2017-ci ilin dekabrı

İxracın 40 faizi

Mənbələr pulun Rusiya-Venesuela bankı olan Evrofinance Mosnarbank vasitəsilə dövr etdiyini deyiblər. Ötən ay ABŞ həmin banka sanksiyalar tətbiq edib. Ancaq bank sözçüsü informasiyanı təkzib edib.

Venesuela günə 900 min barel neft ixrac edir, bu ixracın nə qədəri üçün ödənişin PDVSA hesabları vasitəsilə edildiyi bəlli deyil. Çünki sövdələşmələr hər bir hala görə ayrılıqda hazırlanır, mənbələr belə deyir.

PDVSA-nın daxili sənədinə görə, apreldə Reliance şirkətinə göndərişlər Rosneft vasitəsilə həll olunacaq. “Reuters” həmin sənədi görüb.

Reliance martda Venesueladan 390 min 500 barrel neft idxal edib ki, bu da Venesuelanın ixracının 40 faizi deməkdir. Bunu da agentlik rəqəmləri bir yerə toplamaqla üzə çıxarıb.

Reliance şirkətinin baş maliyyə rəsmisi Srikanth Venkatachari jurnalistlərə Venesueladan nefti Rusiya və Çin şirkətləri vasitəsilə aldığını təsdiqləyib, ancaq detallar varmayıb.

Venesuelada müxalifət lideri Juan Guaido özünü aralıq dövr prezidenti elan edib. Onu əsasən Qərb dəstəkləyir. Rusiya, Türkiyə, Çin, Kuba, Boliviya Maduronu qanuni prezident sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG