Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

İdxalın 43 faiz artmasının səbəbi-Media icmalı


İdxal
İdxal

Azərbaycanda rəqəmsallaşma, Bakının Baş planı ətrafında gözləntilər, idxalın kəskin artmasının səbəbləri və başqa məsələlər medianın yer ayırdığı mövzulardandır...

«İndiyədək Azərbaycanın aylıq idxalı 1 mlrd. dolları ötməyib»

Azadliq.info saytında «Rövşən Ağayev: Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Rövşən Ağayev Gömrük Komitəsinin 3 aylıq xarici ticarət statistikasına istinadən öz düşüncələrini bölüşür. Onun gəldiyi nəticəyə görə, Azərbaycanda son illər idxal çox artıb: «İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd. dolları ötdüyünü də xatırlamıram».

Ekspert vurğulayıb ki, bu ilin 3 ayı ərzində xaricdən məhsul idxalı 3.135 mlrd. dollara çatıb və əgər bu temp davam edərsə, illik idxal 13 mlrd. dollara yaxınlaşacaq. İqtisadçının iddiasına görə, idxalı artıran əsas səbəb isə dövlət sektorudur: «2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln. dollar (43 faiz) artıb. Bu artımın təxminən 800 mln. dolları (bütün artımın 85 faizi) dövlət sektoru hesabına təmin edilib. Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı».

R.Ağayevin açıqlamasına görə, bu ilin 3 ayında bu sahə üzrə göstəricinin 38 faizini dövlət idxalı təşkil edib, 2018-ci ildə isə həmin göstərici cəmi 17.8 faiz olub.

Bunun səbəbinə gəldikdə isə, ekspert bunları deyib: «Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır».

R.Ağayev vurğulayıb ki, üstəlik, qeyri-neft ixracında da elə nəzərəçarpan artım yoxdur.

Bakı
Bakı

Bakının Baş planı...

Trend.az saytında «Bakının Baş planı nə vaxt hazır olacaq?» sualı gündəmə daşınıb.

«Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq».

Yazıda bildirildiyinə görə, bunu Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib. O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək: «Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq».

Yazıda bildirilir ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlamalıdır. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub:​«Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur».

Bakı şəhərinin Baş planı bundan öncə də bir neçə dəfə gündəmdə olub. Sonuncu belə müzakirələr 2016-cı ilin sonunda baş vermişdi. Dövlət Layihə İnstitutu «Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı»nı (Baş plan) təqdim etmişdi. Sonradan həmin planın qəbul olunmadığı açıqlandı.

İnformasiya paneli
İnformasiya paneli

Qlobal rəqəmsallaşma prosesləri

«Azərbaycan» qəzetində «Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, dünya sürətlə rəqəmsallaşır, müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyasından ötrü proqramlar hazırlayaraq tətbiq edir: «Böyük korporasiyalar rəqabətdən geri qalmamaq üçün yüksək texnologiyalar vasitəsilə irihəcmli məlumatları emal edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər».

Yazıda vurğulanır ki, qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycandan ötrü də geniş imkanlar açır: «Sənaye 4.0 (Dördüncü Sənaye İnqilabı) şəraitində Azərbaycan özünün yerləşdiyi əlverişli coğrafi mövqe, zəngin təbii sərvətləri və insan resurslarından istifadə etməklə qısa zamanda yeni sıçrayışla inkişaf edə və dünya üzrə İKT sahəsində yeni trendlərin ölkədə tətbiqinə nail ola bilər. Rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğu ölkənin dayanıqlı inkişafı üçün yeni pəncərə aça bilər».

Yazıda iddia edilir ki, Azərbaycanda İKT (informasiya-kommunikasiya texnologiyaları) sektorunun inkişaf etdirilməsindən ötrü son illər həm dövlət, həm də özəl sektorda mühüm addımlar atılıb. Müəllifin gəldiyi nəticəyə görə, ölkə rəhbəri İlham Əliyev də bu sektorun davamlı inkişafına istiqamətlənən mühüm addımlar atıb.

XS
SM
MD
LG