Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

'Dollarlaşma hələ də yüksəkdir'-Media icmalı


Dollar
Dollar

İqtidar-müxalifət dialoqu, Azərbaycan banklarında dollarlaşmanın səviyyəsi, talassemiya xəstəliyi ilə mübarizə sahəsində görülən işlər və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Əmanətlərdə xarici valyutanın payı 82 faizdən...»

Marja.az saytında ««Fitch» Azərbaycanın bank sisteminə qiymət verdi – Dollarlaşma hələ də yüksəkdir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, beynəlxalq kredit reytinqi agentliyi «Fitch Ratings» Azərbaycanın bank sisteminin sabitləşdiyini, amma ölkədə dollarlaşmanın hələ də yüksək səviyyədə qaldığını bildirib.

«Azərbaycanın bank sektorunun sabitləşdiyi görünür. Amma hələ də yüksək səviyyədəki dollarlaşma (yerli pul vahidi əvəzinə ABŞ dollarının başlıca olaraq istifadə edilməsi) bankları yerli valyutadakı dəyər itkisi qarşısında həssas vəziyyətdə qoyur», - saytın bildirməsinə görə, agentlik vurğulayıb.

Açıqlamada bank sektorundakı kreditlərdə və əmanətlərdə yerli pul vahidindən xarici pul vahidlərinə doğru meylin son illərdə daha az olduğu, lakin dollarlaşmanın azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qaldığı yazılıb: «2015-ci ilin sonunda bankların cəmi kreditlərində xarici valyutadakı kreditlərin payının 49 faiz səviyyəsində olduğu, bunun ötən ilin sonunda 38 faiz səviyyəsinə gerilədiyi vurğulanıb. Yenə eyni dövrdə yerli valyutada tətbiq edilən yüksək faiz səbəbi ilə banklardakı cəmi əmanətlərdə xarici valyutanın payının isə 82 faizdən 65 faiz səviyyəsinə gerilədiyi qeyd edilib».

A.Mirzəzadə
A.Mirzəzadə

Müxalifət-iqtidar dialoqundan danışırlar

«Yeni Müsavat» qəzetində «Partiya sədrləri müxalifət-iqtidar dialoqundan danışdılar» sərlövhəli yazı yer alıb.

Yazıda qeyd edilir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, deputat Aydın Mirzəzadə təmsil etdiyi partiyanın müxalifət-iqtidar dialoquna hazır olduğunu deyib. O söyləyib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək. A.Mirzəzadənin sözlərinə görə, qapıları həmişə açıqdır: «Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzvü olduğum partiya hər zaman Azərbaycanda demokratiyanın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır».

Müxalif düşərgədə bu açıqlamaya ehtiyatla yanaşıblar. Milliyyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov deyib ki, A.Mirzəzadəyə hörməti var: «Ancaq dialoq məsələsindən narazıyam və iştirak etməyəcəm. Çünki o insanlar Yeni Azərbaycan Partiyasında heç nəyi həll etməyib, qərar vermirlər. Sadəcə olaraq, boş-boş vədlər havada qalacaq. Ona görə də özüm haqqımda deyirəm ki, iştirak etməyəcəm. İdarə heyəti müzakirə edər, kiminsə iştirak etmək istəyi olarsa, dialoqa qatıla bilər».

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu isə səslənən təkliflə bağlı buları bildirib: «Cəmiyyətdə hər zaman dialoqa ehtiyac, gərək var. Dialoq vacib məsələdir, lakin gərək dialoqun da nəticələri olsun, ciddi mövzulara bəs edilsin ki, cəmiyyətin bu yolla dəyişiklik olacağına ümidlər artsın. Yoxsa nəticəsi olmayan dialoq keçiriləndə, xalqın dialoqa olan münasibəti də pisləşir. Son nəticədə isə ciddi siyasi düşüncə sıradan çıxır. Ona görə də, təbii ki, dialoqa hazır olmağın özü yaxşı bir məsələdir. Ancaq dialoq real və gerçək nəticəyə gətirməyəcəksə, əks effekt verəcək...».

Nikah müayinəsində aşkarlandı: 1456 nəfərdə sifilis...
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Talassemiyasız həyat

«Azərbaycan» qəzetində «Talassemiyasız həyata doğru» sərlövhəli yazı dərc edilib.

Yazıda mövzu ilə bağlı Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun dəyərləndirməsi təqdim edilir.

Müəllif yazıb ki, bu xəstəlikdən əzab çəkənlərin arasında uşaqlar da, yeniyetmələr də, gənclər də var. Yazıda iddia edildiyinə görə, 2005-ci ildən ölkədə bu xəstəliklə ciddi mübarizə başlayıb.

Müəllif vurğulayıb ki, bu sahədə 2009-cu ildə istifadəyə verilən 5 mərtəbəli Talassemiya Mərkəzinin açılması da görülən işlərin nümunəsidir.

Mərkəzin icraçı direktoru V.Hüseynov söyləyib ki, talassemiya genetik problem olduğundan aktuallıq kəsb edir, problemin digər tərəflərindən biri də bu genin daşıyıcısının həddindən çox olmasıdır: «Ölkəmizdə son illər aparılan hesablamalara görə, əhalinin 5-7 faizində talassemiya geninin daşıyıcılığı mövcuddur. Bu isə o deməkdir ki, genin daşıyıcıları bir-biri ilə ailə qurduqda bu cütlüklərdə talassemiya xəstələrinin doğulma ehtimalı yüksək olur».

İcraçı direktor deyib ki, hazırda mərkəzdə 3 min 500-ə yaxın qeydiyyatda olan xəstə var. Onların içərisində təxminən 1200-ü qan ehtiyacı olanlardı.

V.Hüseynov vurğulayıb ki, həmin pasiyentlər mərkəzdə, yaxud ölkənin digər bölgələrində iki-dörd həftədən bir qan transfuziyası alırlar: «Talassemiyanın əsas problemi qan azlığıdır. Bununla əlaqədar orqanizmdə müəyyən dəyişikliklər yaranır. Xüsusən, qısa zamanda bunu uşaqlarda müşahidə edə bilmiriksə, 4-5 yaşa çatanda onların sümüklərində müəyyən dəyişikliklər özünü göstərir».

V.Hüseynov habelə deyib ki, talassemiya xəstəliyinin radikal müalicəsi sümük iliyinin transplantasiyasıdır. Onun vurğulamasına görə, 2013-cü ildən etibarən mərkəzdə transplantasiya aparılır və hazırda bu əməliyyatın sayı 75-i keçib...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG