Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 23:52

Notr-Damın təmirinə 1 milyard dollar yığılıb


Kilsə yanğından sonra
Kilsə yanğından sonra

Parisin mərkəzindəki Notr-Dam kilsəsinin yanğından sonrakı təmiri üçün 1 milyard dollara yaxın vəsait yığılıb. “The Associated Press” agentliyi Fransa prezidentinin təmir üçün beş illik müddət qoymasının birmənalı qarşılanmadığını yazır.

Tikinti briqadaları çərşənbə günü səhər əraziyə nəhəng kran, taxta gətiriblər. Yanğınsöndürənlər isə hələ də dəyən ziyanın miqyasını öyrənir.

Fransa Prezidenti Emmanuel Macron 12-ci əsr incisinin təmiri üçün beşillik müddət qoyub. O bu gün Notr-Dam faciəsinə həsr olunmuş xüsusi hökumət iclası keçirir. Təhqiqatçılar yanğının kilsədə gedən təmir işləri ilə bağlı olduğunu güman edir.

Bu gün Fransa boyunca bu kilsənin şərəfinə digər kilsələrin zəngləri çalınacaq.

Yanğında ölən olmayıb, yanğınsöndürənlər və kilsə rəsmiləri kilsədə ibadət edənləri sürətlə buradan çıxara biliblər.

Yanğınsöndürənlərin işi davam edir
Yanğınsöndürənlərin işi davam edir

Günyarıma 995 milyon dollar

Prezidentin mədəniyyət irsi üzrə elçisi Stephane Bern France-Info televiziyasına deyib ki, yanğından sonrakı günyarım ərzində 880 milyon avro (995 milyon dollar) yığılıb. İanə verənlər içində yoxsulu da var, zəngini də.

Fransız milyarder Bernard Arnault-un ailəsi və LVMH şirkəti 200 milyon avro verəcəyini deyib.

Kering şirkətinin rəhbəri Francois Henri Pinault 100 milyon avro, L’Oreal kosmetika şirkəti Bettencourt Meyer ailəsi və Bettencourt Schueller fondu ilə birlikdə 200 milyon avro, Total neft şirkəti 100 milyon avro boyun olub.

İanələri Fransa hökuməti yığır.

Artıq Fransanın özündə bu məsələyə tənqidi yanaşanlar var. Onlar bu pulun başqa yerlərə, daha kiçik kilsələrə, yaxud fəhlələrə xərclənməsini daha məqsədəuyğun sayırlar.

Kilsədən çıxarılmış incilər
Kilsədən çıxarılmış incilər

Digər tərəfdən, Macron-un 5 il deməsi də bəzilərinə qeyri-real gəlir. 2024-cü ildə Parisdə Olimpiya Oyunları keçiriləcək və görünür, hökumət bunu böyük şouya çevirmək istəyir.

Nant şəhərində Müqəddəs Donatian kilsəsinin təmsilçisi Pierluigi Pericolo deyib ki, Notr-Damın ölçüsünü nəzərə alanda onun yalnız möhkəmləndirilməsi 2 ildən beş ilədək çəkə bilər.

Onun sözlərinə görə, yanğının söndürülməsi binanın tamamilə xilas olunması demək deyil. Yüksək temperatur altında daşların durumu pisləşə, mineral tərkibi dəyişə, içəridən dağıla bilər.

Artıq yanğınla əlaqədar 30-dək adam dindirilib. Parisin prokuroru prosesin uzun və mürəkkəb olacağını deyib. Dindirilənlər içində kilsənin təmirinə cəlb olunmuş beş tikinti şirkətinin əməkdaşları var.

XS
SM
MD
LG