Qeyri-rəsmi ilkin nəticələrə görə, Joko rəqibi Prabowo-nu təxminən 10 faiz səs fərqilə qabaqlayır. Ən son rəy sorğuları Joko-nun yenidən seçiləcəyini göstərirdi.
***
Aprelin 17-də İndoneziya arxipelaqında prezident və parlament seçkisi keçirilib. Qərb və şərq ucqarları arasında 4 min km məsafə olan arxipelaqda seçki səkkiz saat çəkib.
Ekspertlər İndoneziya seçkisini dünyada bir gündə keçirilən ən böyük səsvermə adlandırırlar. Bu il ilk dəfədir ki, parlament və prezident seçkisi eyni gündə keçirilir.
Seçkidə əsas rəqiblər Prezident Joko Widodo və keçmiş general Prabowo Subianto-dur. Widodo 2014-cü ildəSubianto-ya azacıq fərqlə qalib gəlib.
Widodo mebel biznesmenidir, 14 il öncə siyasətə gəlib. Bir çox rəy sorğuları onun öndə getdiyini göstərsə də, müxalifət iki namizəd arasında fərqin cüzi olduğunu deyir.
İlkin nəticələr bu gün axşama, yekun rəsmi nəticələr isə mayda bilinəcək.
10 mindən artıq könüllü seçki məntəqələrində nəticələrin saxtalaşdırılmamasına nəzarət edir. Ancaq müxalifət artıq qanunsuzluqların baş verdiyini iddia edib, narahatlıqları gözardı olunarsa, hüquqi, yaxud “xalq qüvvəsi”nə əl atılacağını bildirir.
Joko seçki kampaniyasını ölkə infrastrukturunda etdiyi dəyişikliklər – yeni yollar, limanlar, aeroportlar və bəndlərin tərifi üzərində qurub. İnsan haqları fəalları isə onun insan haqları pozuntularını araşdırmadığını bildirirlər.
Prezidentin qeyri-rüşvətxor imicinə baxmayaraq, hökumətdə korrupsiya geniş yayılıb.
Prabowo isə bütün vətəndaşlarla etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər davranılacağını vəd edib.
193 milyon seçici
Milli, vilayət və bələdiyyə məclislərində 20 mindən artıq yerə 16 partiya 250 min nəfərin namizədliyini verib.
İndoneziyanın 263 milyon nəfər əhalisi var, 229 milyonu müsəlmandır. Səsvermə hüququ olanlar 193 milyon nəfərdir, 80 milyon nəfəri 1980-ci ildən sonra doğulub.
Ölkədə 800 min seçki məntəqəsi, altı milyonadək seçki işçisi var.
“Frans Pres” Sumatra adasında bülletenlərin fillərlə daşındığını yazır. Sumatranın Aceh vilayətində bülletenlər məntəqələrə fillər, Cava adasında ucqar yerlərə isə atlarla daşınıb. Seçki rəsmiləri bunu yolların palçıqlı olması ilə izah edib.
“Reuters” agentliyi paytaxt Cakartada bəzi seçicilərin səsvermə zamanı çətinlik yaşadığını yazır.
“Üstündə fotolar olan bülletenlər çaşdırıcı idi. O biri bülletendə isə o qədər ad vardı ki, heç onları tanımırdım”, – ilk dəfə səs verən 19 yaşlı Orlando Yudistira deyib.
Papua vilayətində səsvermə həftənin sonuna ertələnib, çünki 64 dairənin “gərəkən seçki təchizatı”nı almadığı açıqlanıb.
Sumatra adasında isə qəfil daşqınlar üç səsvermə məntəqəsini dağıdıb, seçki prosesini pozub.
Agentlik bəzi seçicilər üçün əsas məsələnin yağ-çörəkdən ibarət olduğunu yazır.
“Ümid edirəm, gələcəkdə bəzi əsas məhsullar ucuzlaşacaq, özəlliklə də Ramazan və Qurban bayramı ərəfəsində”, – üç uşaq anası, 41 yaşlı Nurani söyləyib.