Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Putinin təmizləmə incəsənəti – Qərb mediası


Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinin sovet xiffəti sonsuzdur, ancaq hazırda keçmiş ittifaqın ən məşhur xüsusiyyəti olan təmizləməni dirçəldir. Son həbslər, rejimin tanınmış fiqurlarının saxlanması Stalin erasını yada salır, ölkə elitasında qorxu hissini gücləndirir. Bunu “Project Syndicate” portalında Andrei Kolesnikov yazır.

Martın sonunda keçmiş nazir Mikhail Abyzov, ondan iki gün sonra Rusiyanın Xabarovsk diyarının keçmiş qubernatoru Viktor Ishayev həbs olunub. Artıq ölkədə üç keçmiş nazir, bir sıra region rəsmiləri həbsdədir, əsasən də korrupsiya və dələduzluq ittihamları ilə.

Mikhail Abyzov
Mikhail Abyzov

Müəllif 1953-cü ildə Joseph Stalinin ölümündən sonra Sovet İttifaqında yüksək rütbəlilərin həbsinin nadir halda baş verdiyini vurğulayır. Bir neçə il öncəyədək postsovet Rusiyasında da durum beləydi… Siyasi təhlilçi Nikolai Petrov deyir ki, hakimiyyət hər il qubernatorlar, onların müavinləri, merlər barəsində 18-20 cinayət işi açır.

Müəllifin fikrincə, son həbslər hakimiyyəti gözdən salan kimi görünə bilər. Yəni, ölkə başçısının Kremlin yüksək rütbəli rəsmisinin biznesindən xəbəri yox idimi? Di gəl, ictimai fikir fərqli görünür.

Rusiyalıların çoxu aparıcı fiqurların təqibi ilə hakimiyyətin etibarlılığı arasında əlaqə görmürlər. Əksinə, adamlar isteblişmentin axır ki korrupsiyayla mübarizə aparmasına dair Putinin mesajını qəbul etmiş kimi görünürlər. Ancaq bu prosesin Rusiyanın silkələnmiş elitasına mesajı fərqli və birbaşadır: heç kim təqibdən sığortalanmayıb, hətta Abyzov və Ishayev kimi dövlət qulluğundan uzaqlaşıb, daha nüfuzları olmayanlar belə”, – məqalədə deyilir.

Ukraynada Poroshenko (solda) və Putinin portretləri olan seçki plakatı
Ukraynada Poroshenko (solda) və Putinin portretləri olan seçki plakatı

Ukrayna elitası Poroshenko-nun məğlubiyyətinə hazırlaşır

Rəy sorğuları Ukrayna Prezidenti Petro Poroshenko-nun seçkinin ikinci raundunda komediya ustası Volodymyr Zelenskiy-yə uduzacağını göstərir. Artıq qubernatorlar, nazirlər seçkinin potensial qalibi və onun komandasıyla əlaqələr yaratmağa çalışırlar. Prezident bəzi qubernatorları işdən çıxarmaqla qalanlara xəbərdarlıq etmək istəyir. “Karnegi” fondunun saytında Konstantin Skorkin bu mesajın gecikdiyini, inandırıcı olmadığını yazır.

Poroshenko üçün daim başağrısı olan Odessa regionunun üç qubernatorunu işdən çıxarması digər region liderlərinə xəbərdarlıq məqsədi güdsə də, həm çox gec idi, həm bu addımlar inandırıcı görünmürdü.

“Onlar Poroshenko-nun üstündən xətt çəkiblər. Bəziləri tamamilə, ancaq bəziləri sadəcə seçkinin sonunu gözləyir”, – ukraynalı siyasi ekspert Mykhailo Pogrebinsky deyir.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ancaq Zelenskiy seçilərsə, köhnə qvardiyanın təmsilçilərini istəməyə, administrasiyanı təmizləyə də bilər.

Bundan başqa, hökumətin içində ciddi münaqişələr yaşanır. Daxili işlər naziri Avakov vaxtilə Poroshenko-nun koalisiya tərəfdaşları adından təyin olunmuşdu, onlar prezidentin təhlükəsizlik agentliklərini nəzarətə almasını önləmək istəyirdilər. Avakov prezident seçkisi zamanı deyib ki, saxtalaşdırmanı əngəlləmək istəyir. Ancaq nazirin özünü getdikcə daha çox zəifləyən prezidentdən uzaq tutmağa çalışması açıq-aşkar ortada idi, müəllif vurğulayır.

İndi isə Avakov Zelenskiy-yə yaltaqlanır. Siyasi ekspert Volodymyr Fesenko-nun fikrincə, o, yeni prezidentin müşaviri ola bilər. “Avakov üçün ən vacibi Poroshenko-nun prezident postunda qalmamasıdır. Prezidentin Tymoshenko, yaxud Zelenskiy olması elə də vacib deyil”, – o vurğulayır.

Polşa Huawei-nin 5G məhsullarını tam qadağan etməyəcək

Polşa çox güman ki, Çinin Huawei şirkətinin bütün avadanlığını növbəti nəsil mobil şəbəkələrindən çıxarmayacaq. Məqsəd mobil operatorların xərclərini azaltmaqdır. Bunu hökumət təmsilçisi “Reuters” agentliyinə deyib.

İllüstrativ foto
İllüstrativ foto

Dünyanın ən böyük mobil şəbəkə avadanlığı istehsalçısı olan Huawei Çin hökuməti ilə münasibətlərinə görə Qərbin təzyiqi altındadır. ABŞ iddia edir ki, onun 5G avadanlığından casusluqda istifadə oluna bilər.

Polşa rəsmiləri yanvarda agentliyə demişdilər ki, Huawei-ni 5G şəbəkəsindən çıxarmağa hazırdırlar. O zaman şirkətin bir əməkdaşı və Polşanın keçmiş təhlükəsizlik rəsmisi casusluq ittihamıyla saxlanmışdı.

Ancaq Polşanın kibertəhlükəsizliyə cavabdeh, rəqəmsal məsələlər üzrə nazir müavini Karol Okonski deyir ki, Varşava təhlükəsizlik standartlarını yüksəltməyi, 5G şəbəkələrinə məhdudiyyətlər qoymağı nəzərdən keçirir. Qərar bir neçə həftəyə veriləcək.

Agentlik yazır ki, bu halda Polşa Avropa Komissiyasının yanaşmasına uyğun hərəkət etmiş olar. Komissiya ötən ay ABŞ-ın Huawei-ni 5G şəbəkələrindən uzaqlaşırmaq çağırışlarını rədd elədi, qaydaları sərtləşdirməyə çağırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG