Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:58

Avropada müəllif hüququ qaydaları sərtləşdirilir – Qərb mediası


Google şirkətinin qərargahı
Google şirkətinin qərargahı

Google xəbər paylaşımlarına görə naşirlərə ödəniş etməli, Facebook isə yeni qaydalarla qorunan kontenti süzgəcdən keçirməli olacaq. Məqsəd Avropa İttifaqındakı 1 trilyon dollarlıq yaradıcı industriyalara ədalətli kompensasiya ödənişini təmin etməkdir.

Aİ hökumətləri dünən – aprelin 15-də Avropa Komissiyasının iki il öncə başlatdığı addımı dəstəkləyiblər. Komissiya məqsədinin blokda 11,7 milyon nəfərin çalışdığı kreativ industriyaları qorumaq olduğunu bildirir.

“Avropanın vahid rəqəmsal bazarında müəlliflik hüququ islahatı pazlın çatışmayan hissəsi idi”, – Komissiya Prezidenti Jean-Claude Juncker bəyanatında deyib.

Avropa Parlamentində səsvermə
Avropa Parlamentində səsvermə

Yeni qaydalara görə, Google və digər onlayn platformalar musiqiçilər, ifaçılar, müəlliflər, xəbər naşirləri və jurnalistlərin işindən istifadə etmək üçün onlarla lisenziya razılaşması imzalamalıdır.

Ötən ay Avropa Parlamenti bu təklifə yaşıl işıq yandırdı. Təklif Avropanın yaradıcı industriyalarını texnologiya şirkətləri, internet fəallarını və istehlakçı qrupları qarşı-qarşıya gətirmişdi.

Wikipedia etiraz olaraq ötən ay Avropanın bəzi saytlarını bloklayıb. Finlandiya, İtaliya, Luksemburq, Niderland, Polşa və İsveç isə bu dəyişikliyə qarşı çıxırdı.

Yeni rejimə uyğun olaraq, Google-a məxsus YouTube, Facebook-un Instagram və digər paylaşım platformaları istifadəçilərin müəlliflik hüququyla qorunan materialları yükləməməsi üçün süzgəclər quraşdırmalıdır.

Google bildirir ki, yeni qaydalar Avropanın yaradıcı və rəqəmsal iqtisadiyyatlarına ziyan vuracaq. Tənqidçilərin fikrincə, bundan texnologiya şirkətlərindən çox, maliyyə çətinlikləri yaşayan daha kiçik şirkətlər əziyyət çəkəcək.

İllüstrativ foto
İllüstrativ foto

Səhər yeməyi harada ucuz başa gəlir

Ən ucuz səhər yeməyini İsveçrədə yemək olur, ən bahası isə Afrikadadır. “Bloomberg” agentliyi Bloomberg Qlobal Şəhər Səhər Yeməyi İndeksini açıqlayıb. San Fransisko kimi texnologiya mərkəzləri, eləcə də İsveçrənin maliyyə paytaxtlarında səhər yeməyinin daha çatımlı olduğu üzə çıxıb. Ancaq məsələn, Misirdə adamlar günlərini yaxşı yeməklə başlamaq üçün daha çox pul ödəməli olurlar.

Bu indeks bir stəkan süd, bir yumurta, iki dilim çörək və bir hissə meyvəni əldə etməyə nə qədər pul və zaman gərəkdiyini hesablayır. Hesablama yerli bazar qiymətlərinə uyğun aparılıb.

Cəmi dörd şəhərdə – Cenevrə, Dubay, Luksemburq və Berndə standart səhər yeməyinin gündəlik gəlirin 1 faizinin də azına başa gəldiyi bəlli olub. Ancaq Akkra və Laqosda sakinlər belə bir yeməyə gündəlik gəlirin 25 faizindən çoxunu xərcləməlidirlər.

Ötənilki indekslə müqayisədə İsveçrə sakinləri indi daha yaxşı dolanırlar, çünki gəlirləri əsas ərzaqların qiymətindən daha sürətli artıb. Səhər yeməyinin ən əlçatımlı olduğu ilk 20 ölkədən beşi İsveçrə, beşi Avstraliyada yerləşir.

Bu tısbağadan cəmi 3-ü qaldı

Dünyada ən nadir növə aid dişi tısbağa Çinin cənubunda zooparkda dünyasını dəyişib.

Dişi Yangtze tısbağası
Dişi Yangtze tısbağası

“The Associated Press” agentliyi nəhəng Yangtze tısbağasından dünyada artıq 3 ədədinin qaldığını yazır. Dişi tısbağanın yaşadığı Suzhou zooparkında bir erkək tısbağa da var. Qalan ikisi Vyetnamdadır, ancaq onların cinsiyyəti bəlli deyil

Rəsmilər tısbağanın şənbə günü günortadan sonra öldüyünü bildiriblər. Ekspertlər texnologiyadan istifadə edərək gələcək tədqiqatlar üçün tısbağanın yumurtalığından toxumalar götürüblər.

Çinin dövlətə məxsus Xalq qəzeti tısbağanın 90 yaşı olduğunu, ölümündən az öncə beşinci dəfə süni dölləndirmə əməliyyatı keçdiyini yazır.

Tibbi müayinə tısbağanın səhhətinin prosedurdan öncə yaxşı olduğunu göstərib və əməliyyat problemsiz keçib. Ancaq o, ertəsi gün ölüb.

Rəsmiləri nadir heyvanın ölüm səbəbinin araşdırıldığını bildirir.

XS
SM
MD
LG