Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:09

'Rektorlar universitetə şəxsi mülkləri kimi baxırlar'-Media icmalı


V.Əhmədov
V.Əhmədov

Ölkədə sosial-iqtisadi vəziyyət, sığorta bazarında problemlər, ali təhsil müəssisələrində idarəçilik və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Sığorta bazarı zəifdir»

Oxu.az saytında «Vahid Əhmədov: Ölkədə sığorta bazarı həddindən artıq zəifdir» sərlövhəli yazı oxumaq olar.

Müəllif sığorta bazarındakı vəziyyəti deputat Vahid Əhmədovla gündəmin müzakirəsinə daşıyıb.

Deputatın sayta bildirməsinə görə, ölkədə sığorta bazarının fəaliyyəti baxımından yetərli qanunvericilik bazası var, problem isə adamların buna maraq göstərməməsindədir: «Azərbaycanda sığorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Yəni, istənilən obyektin - evdir, maşındır, əmlakdır və s. - sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır. Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər».

Deputat hesab edir ki, iş adamlarının sahib olduqları obyektləri sığortaya cəlb etdirməmələrinin əsas səbəbi sığortaya böyük pulların ödənişi ilə bağlıdır: «Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə təxminən 100-150 manat edir. Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, «Diqlas»la bağlı məsələdə məsuliyyəti dövlət öz üzərinə götürdü. Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür. Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?! Ona görə də bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır».

V.Əhmədov bununla belə, «Kənd təsərrüfatı əmlakının sığortalanması haqqında» Qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyulduğunu söyləyib: «Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət böyükdür. Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığorta olunmur və nəticə etibarilə də insanlar əziyyət çəkirlər».

K.Əsədov
K.Əsədov

«Azərbaycanın təhsil müəssisələri geri qalır»

YeniSabah.az saytında «Azərbaycanda rektorlar universitetə şəxsi mülkləri kimi baxırlar» sərlövhəli yazı yer alır.

Müəllif ölkə universitetlərində hazırkı idarəçilik forması və təhsilin vəziyyəti ilə bağlı bu sahə üzrə ekspertlərdən Kamran Əsədovla söhbətləşib.

K.Əsədov sayta deyib ki, indi dünyanın bir çox ölkələrində ali təhsilin kütləviləşməsi, cəmiyyətin qloballaşması, İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqi, biliklərin müxtəlif formalarda mübadilə imkanlarının artması və başqa qabaqcıl proseslər baş verir.

Amma ekspertin iddiasına görə, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri bu tendensiyadan geri qalır: «Təəssüflər olsun ki, ölkədə fəaliyyət göstərən bir çox universitetlərin rəhbərləri 10-15 il rektor kimi otururlar və işlədikləri müəssisəyə öz şəxsi mülkləri kimi baxırlar. Rəhbərlik etdikləri dövrdə ali təhsil müəssisəsinin inkişafı üçün ciddi addım atmırlar. Yeni təyin olunan bəzi rektorlar isə işləməyə başladıqları yerdə əvvəlki kollektivlə problem yaşamağa başlayırlar. Bu, yaxşı hal deyil».

Ekspertə görə, Azərbaycanda rektorlar universitetlərin beynəlxalq əlaqələri, hədəf və strategiyaları ilə məşğul olmalıdırlar. Onun fikrincə, ölkə universitetləri dünya universitetləri ilə rəqabət apara bilmir: «Əgər universitetlər inkişaf etmək və qlobal rəqabətdə qalib gəlmək istəyirlərsə, təhsilin keyfiyyətini daha da yüksəltməlidirlər. Çünki təhsilin keyfiyyəti universitetlərin qlobal səviyyədə rəqabətədavamlılığının əsas indikatorudur».

Ekspert hesab edir ki, ali təhsildə daha bir zəif nöqtə Azərbaycan universitetlərinin zəngin kitabxanaya malik olmaması, bu istiqamətə ayrılan vəsaitlərin mənimsənilməsidir.

Prezident İ.Əliyev Sumqayıtda yüksəksıxlıqlı polietilen zavodunun açılışında.
Prezident İ.Əliyev Sumqayıtda yüksəksıxlıqlı polietilen zavodunun açılışında.

İqtisadi inkişaf

«Azərbaycan» qəzetində «Sosial rifahın tək mənbəyi - iqtisadi inkişaf» sərlövhəli yazı dərc edilib.

Müəllif iddia edib ki, son dövr ölkədə iqtisadi və sosial sahələrdə aparılan islahatların nəticələri uğurlu olub, bunun sayəsində bir sıra rekordlara imza atılıb: «Dünyanın müxtəlif maliyyə qurumları da ölkəmizin bugünkü inkişafını yüksək qiymətləndirir. Asiya İnkişaf Bankının son hesabatına görə, cari ildə Azərbaycan iqtisadiyyatı 2.5, gələn il isə 2.7 faiz artacaq. Bank həmçinin, manatın məzənnəsinin sabitliyi sayəsində inflyasiya dərəcəsinin sabitləşəcəyini proqnozlaşdırır».

Yazıda qeyd edilir ki, 2019-cu ilin ilk 2 ayı da uğurlu olub. Müəllifin vurğuladığına görə, bu müddətdə ümumi daxili məhsulun (ÜDM) artımı 3 faizə çatıb: «Prezident İlham Əliyev cari ili də sosial sahənin inkişafını prioritet istiqamət elan edib. İlin ilk ayında dövlət başçısı tərəfindən imzalanan sərəncamlar bunu təsdiqləyir. Bu sərəncamlar 3 milyon ölkə vətəndaşının sosial rifahının yaxşılaşmasına xidmət edir. Həmin məqsədlə dövlət büdcəsindən 1.5 milyard manat vəsait xərclənəcək».

Yazıda daha sonra ölkədə aqrar sektorun vəziyyətindən də bəhs edilir, aqroparkların yaradılmasına toxunulur. Müəllif yazının sonunda prezident İlham Əliyevdən belə bir sitat da gətirir: «Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir».

XS
SM
MD
LG