Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:14

800 milyon qadın uşaq ikən ərə verilib


Erkən nikahlara etiraz
Erkən nikahlara etiraz

Hər 10 qadından azı dördü tərəfdaşının seksual tələblərinə imtina etməkdən qorxur. Bunu BMT-nin seksual və reproduktiv sağlamlıq agentliyi olan UNFPA 51 ölkədə keçirdiyi sorğu əsasında üzə çıxarıb.

Qurum bildirir ki, həmin qadınlar hamilə qalmaq, tibbi xidmətə çıxışla bağlı özləri qərar vermək iqtidarında deyillər.

UNFPA- nın Cenevrə bölməsinin direktoru Monica Ferro rəqəmləri “narahatedici” adlandırıb, dünyada milyonlarla qadın üçün bu sahələrdə durumun düzəlməsinin vacibliyini vurğulayıb. “Unutmayın ki, bu rəqəmlərin hər biri bir insandır”, – o deyib.

15-49 yaşlı qadınları əhatələyən bu göstəricilər ilk dəfə dərc olunur.

UNFPA Dünya Əhalisinin Vəziyyəti 2019 hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, dünyada 214 milyon qadın mədəni və iqtisadi əngəllər ucbatından kontraseptivləri asanlıqla əldə edə bilmir. Üstəlik, hər gün dünyada 800-dən çox qadın hamiləlik və doğuş zamanı, önlənməsi mümkün səbəblərdən dünyasını dəyişir.

UŞAQ GƏLİNLƏR

Araşdırmaya görə, reproduktiv və seksual hüquqların yoxluğu qadınların təhsilinə, gəlirinə, təhlükəsizliyinə təsirini göstərir, onlar “öz gələcəklərini formalaşdıra bilmirlər”.

Gürcüstanda erkən nikahlara etiraz posteri
Gürcüstanda erkən nikahlara etiraz posteri

Bu qadınlar və qızlar “adətən yoxsul, kənd yerlərində yaşayanlar, az təhsillilərdir”, – deyən xanım Ferro onu da əlavə edib ki, “bu gün ana ölümlərinin üçdə ikisi Saharaltı Afrikada baş verir”.

UNFPA-nın hesabatına görə, erkən nikahlar qadınların səlahiyyət sahibi olmasına, daha yaxşı reproduktiv hüquqlar əldə etməsinə ən böyük mədəni əngəl olaraq qalır.

“10 yaşında ərə gedən qız məktəbdən çıxacaq, ona gərəkən bacarıqları əldə edə bilməyəcək. Belə bacarıqlar onun gələcəkdə yaxşı maaşla işdə çalışmasını təmin edə bilərdi”, – Ferro vurğulayıb.

Bu gün həyatda olan 800 milyon qadın uşaq ikən ərə verildiyini deyib.

Hesabatda bir sıra müsbət dəyişikliklər sadalanır. Məsələn, 1969-cu ildə hər qadına ortalama 4,8 doğuş düşürdüsə, 1994-cü ildə 2,9 olub, bu gün isə 2,5-dir.

1969-cu ildə qadınların 24 faizi müasir kontraseptivlərdən yararlanırdısa, 1994-cü ildə bu göstərici 52 faizə, 2019-cu ildə 58 faizə qalxıb.

Ancaq bu gün 200 milyon qadın hamiləliyinin qarşısını almaq istəyir, di gəl, müasir kontraseptivlərlə bağlı informasiyaya, xidmətə çıxışı yoxdur.

1994-cü ildə doğuş zamanı hər 100 min qadından 369-u dünyasını dəyişirdi, 2015-ci ildə bu rəqəm 216 olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG