Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

‘Sepah’ terrorçu qrup elan olunacaq – Qərb mediası


İİKK üzvləri
İİKK üzvləri

Trump administrasiyası İranın İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK, qısa adı Sepah) “xarici terrorçu təşkilat” adlandırmağa hazırlaşır. “The Associated Press” agentliyi yazır ki, başqa bir ölkənin silahlı qüvvələrinə qarşı belə bir görünməmiş addım ABŞ-ın Yaxın Şərqdə və başqa yerlərdə hərbi heyəti və siyasətinə genişmiqyaslı təsir göstərə bilər.

Bu tədbirdən xəbərdar rəsmilər onun bu gün – aprelin 8-də açıqlanacağını deyirlər. Son aylar administrasiya İrana, onun Suriya, Livan, İraq və Yəməndə silahlı qruplaşmalarına, eləcə də regiondakı anti-İsrail qruplarına ritorikanı gücləndirib.

Ancaq gözlənən addım Amerika administrasiyasının bütöv bir xarici hökumət qurumuna qarşı ilk belə tədbir olar. İndiyədək korpusun ayrı-ayrı hissələri, məsələn, Qüds qüvvələri Birləşmiş Ştatların hədəfinə tuş gəlib.

Arxiv fotosu
Arxiv fotosu

İranın Xarici işlər naziri Mohammad Javad Zarif bazar günü yazdığı tvitində qeyd edib ki,Prezident Donald Trump “ABŞ-a daha bir fəlakətə sürükləməsə yaxşı olar”.

Bundan öncə Vaşinqton İİKK-nın ABŞ yurisdiksiyasında aktivlərini dondurub, amerikalıların bu qurumla əməkdaşlığına, yaxud onun fəaliyyətinə maddi dəstək verməsini yasaqlayıb.

İİKK-nın İran iqtisadiyyatı üzərində nüfuzu böyükdür, amma ABŞ-ın atdığı addımın məhdud da olsa təsiri gözlənir. Agentlik yazır ki, gözlənən təsnifat ABŞ-ın özünün hərbi və diplomatik fəaliyyətini çətinləşdirə bilər. Bu, özəlliklə İraqda özünü büruzə verər, buradakı şiə döyüşçülər, ölkənin siyasi partiyalarının İİKK ilə sıx əlaqələri var.

Rusiya Belarusa göz qoyur

Dünyanın fikri-zikri Ukraynada olduğu bir məqamda Rusiya başqa bir ölkəni qarışdıra bilər. “Newsweek” dərgisində Maria Snegovaya bunun Belarus ola biləcəyini yazır. Hələ ötən ilin ortasından Kreml Belarusla fəal işləməyə başlayıb. 10 milyon əhalisi olan bu ölkəni 25 ildir müşahidəçilərin Avropanın sonuncu diktatoru adlandırdığı Alexander Lukashenko idarə edir. Belarusla Rusiya 1999-cu ildə iki dövlətin ittifaqı üzrə saziş imzalasa da, proses ləng gedib.

Alexander Lukashenko (solda) rusiyalı həmkarı Vladimir Putin-lə
Alexander Lukashenko (solda) rusiyalı həmkarı Vladimir Putin-lə

Ötən ilin dekabrında Rusiyanın Baş naziri Dmitry Medvedev Lukashenko-ya de-fakto ultimatum verdi, iki ölkənin vahid valyuta ilə sürətli inteqrasiyasını tələb etdi. O vaxtda Rusiya rəsmiləri bu məqamı önə çəkirlər.

“Kremlin Belarusa təzyiqinin başqa əlamətləri də güclənməkdədir. 2018-ci ilin ortasında Moskva keçmiş KGB və FSB zabiti, vaxtilə Putinin Çeçenistanda iradəsini təmsil etmiş Mikhail Babich-i yeni səfir təyin edir. Belarusa çatan kimi yeni səfir eyni maliyyə məsələlərini qaldırmağa başlayır... Rusiya telekanalları son zamanlar belaruslularla ukraynalıları müqayisə edir, Belarusun Rusiyayla inteqrasiya olmadan yaşaya bilməyəcəyini vurğulayır”, – müəllif yazır.

Belarus üzrə ekspert Pavel Usovun fikrincə, Belarus Moskvaya Qərblə gərginliyin artdığı bir məqamda Qərbdə strateji baza kimi gərəkdir. Rusiyanın Polşa və Litva arasındakı hərbləşdirilmiş Kalininqrad eksklavından fərqli olaraq, Belarusun Rusiyayla birbaşa sərhədi var və bu da ərazisində təkcə raket deyil, ağır hərbi texniki və silahlar yerləşdirməyə imkan verir.

Amma Lukashenko Belarusu Ukrayna yoluyla gedəcəyindən getdikcə daha çox əndişələnir. O, Kremlin Belarusda hərbi mövcudiyyətini gücləndirmək cəhdlərinə qarşı çıxır, Moskvaya itaətsizlik sərgiləyir. 2015-ci ildə Lukashenko Rusiyanın Belarusda hava qüvvələri bazası yerləşdirməsinə açıq qarşı çıxdı. Əvəzində o, Qərblə yaxınlaşma siyasəti yürütməyə başlayıb.

Kubadan gələn miqrantlar Meksikada
Kubadan gələn miqrantlar Meksikada

Havanada ilk müstəqil yürüş

Dünən – aprelin 7-də yüzlərlə kubalı paytaxt Havanada dinc yürüş keçirib, heyvanlara qarşı qəddarlığa son qoyulmasını tələb ediblər. “Reuters” agentliyi təşkilatçılara istinadla bunun birpartiyalı dövlətdə ilk icazəli müstəqil yürüş olduğunu yazır.

Yürüşə sevimli heyvanları ilə çıxan fəallar plakatlarda heyvanları qoruyan qanunun qəbuluna çağırıb, “heyvanlardan sui-istifadəyə son qoyulmasını” tələb ediblər.

Agentlik yazır ki, sıravi vətəndaşlara belə bir yürüş keçirməyə verilən icazə kommunist hökumətinin ölkə sakinlərinin baxışlarına dözümlü yanaşmasını əlaməti ola bilər. Ancaq hakimiyyət eyni zamanda müxalifətin nümayişlər keçirmək cəhdlərini önləyir, dissidentləri saxlayır, onların ABŞ tərəfindən maliyyələşən təxribatçılar olduğunu deyir.

İlk icazəli müstəqil yürüşün insan hüquqları deyil, heyvanlara dəstəklə bağlı keçirilməsi ironik görünsə də, daha böyük azadlıqlar üçün bir pilot sınağa da çevrilə bilər, yürüş təşkilatçıları belə düşünür.

“Bu, yeni Kuba ola bilər”, – təşkilatçılardan 21 yaşlı tələbə Beatriz Batista deyib. Amma digərləri bu fikrə daha skeptik yanaşıblar.

XS
SM
MD
LG