Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:06

'Azərbaycanda sənət adamlarına yaltaqlıq səviyyəsinə görə qiymət verilir'-Media icmalı


'Seçkiyə yolasalma'. Karikatura
'Seçkiyə yolasalma'. Karikatura

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına hazırlıq, exchange-lərin açılmamasının səbəbləri, Azərbaycanda incəsənət adamlarına verilən qiymətin meyarları və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Yaltaqlanmalı və rüşvət verməlisən»

Azadliq.info saytında «Hakimiyyəti tənqid edən sənətçilərə Azərbaycanda yer yoxdur» sərlövhəli yazı oxumaq olar.

Müəllif Almaniyada mühacir həyatı yaşayan Vüsalə Musayeva ilə Azərbaycanda sənətə və sənətkara olan münasibəti dəyərləndirməyə çalışıb.

Yazıda qeyd edilir ki, V.Musayeva muğam ifaçısı olub, «Leyli və Məcnun» operasında Leylini ifa edib.

V.Musayeva da, öz növbəsində, sayta bildirib ki, son vaxtlar istedadlı sənətkarlar xarici ölkələrə üz tutdurlar. O iddia edib ki, Azərbaycanda incəsənət xadimlərinin qiymətləndirilməsi sahəsində dəyərlər mövcud deyil: «Sənət adamlarına hansı dəyərlərə görə qiymət verilməsini müəyyən etmək imkansızdır. Bu da birmənalı olaraq bu sahəyə aid bəzi qurumların günahıdır. Bu qurumda çalışanlar sənəti, sənətkarı doğru qiymətləndirməyi bacarmır...».

V.Musayeva iddia edib ki, efirə çıxmaq, dövlət tədbirlərində çıxış etmək, qastrollara getməkdən ötrü ya pulun, ya da adamın olmalıdır.

Muğam ifaçısı vurğulayıb ki, mühacirətə getməyinin səbəblərindən biri də sənətinə verilməyən dəyər olub: «Azərbaycanda incəsənətə, mənəvi və mədəni dəyərlərin qorunmasına diqqət ayrılmır, bununla bağlı dövlət proqramının mahiyyəti bilinmir».

V.Musayeva daha sonra da deyib: «Azərbaycanda sənət adamlarına da yaltaqlıq səviyyəsinə görə qiymət verilir. Siyasət elə qurulub ki, mütləq yaltaqlanmalı və rüşvət verməlisən. Bu isə mənim həyat prinsipimə uyğun deyil. Azərbaycanda qalsam, daha yaxşı yaşaya bilərdim...».

Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

Exchange-lərə maneə varmı?

«Yeni Müsavat» qəzetində «Azərbaycanda exchange-lər tarixə qovuşdu?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasından ötrü qanunverici aktlar qəbul olunub, müvafiq qərarlar verilib. Son olaraq parlament «Valyuta tənzimi haqqında» Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Müəllifin vurğulamasına görə, bu dəyişikliklə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşib.

Yazıda bütün bunlarla belə qeyd edilib ki, hələ də valyutadəyişmə məntəqələri (VDM) gözə dəymir. «Bəs, görəsən, VDM-lərin bərpa edilməməsinin səbəbi nədir», - müəllif sual edib.

«Yeni Müsavat»a açıqlamasında bu sualı cavablandıran Mili Məclisin deputatı Tahir Mirkişili bildirib ki, valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı qanunvericilikdə hər hansı maneə yoxdur. «Ancaq VDM-lərin açılması ilə bağlı qərarı birbaşa Maliyyə Bazarlarına Nəzarət Palatası verməlidir», - T.Mirkişili qeyd edib.

Deputatın sözlərinə görə, belə fikir də var ki, exchange açan sahibkarlardan 50 min manat depozit tələb olunması da onları bu işdən çəkindirir: «Ancaq bu yalnız icra orqanlarının təhlili nəticəsində ortaya çıxa bilər ki, exchange-lərin açılıb-açılmaması ilə bağlı hansı baryerlər var».

Hüquqşünas, iqtisadçı Əkrəm Həsənov da bildirib ki, bu məsələ tələbatla bağlıdır: «İndi istənilən bank və bank filialı bu xidməti göstərir, valyutadəyişmə əməliyyatı aparırlar. Digər bir səbəb exchange açılması ilə bağlı tələbin yüksək olmasıdır. Bunu etmək istəyən sahibkar ilk növbədə 50 min manat depozit qoymalıdır, bu pul daim bankda qalmalıdır».

Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti 2015-ci ildə (fevral və dekabr) baş verən devalvasiyalardan sonra dayandırılmışdı.

BTQ-nin açılışı
BTQ-nin açılışı

Bakı-Tbilisi-Qars dəmir yolu

«Azərbaycan» qəzetində «Türkiyəyə gedən qatara minik başlanır» sərlövhəli yazıda dəmir yolu dəyərləndirir.

Müəllif yazıb ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox beynəlxalq əhəmiyyətli layihələrin icrasında söz sahibi olub. Yazıda qeyd edildiyinə görə, haqqında danışılan və artıq istifadəyə verilmiş (2017-ci ildə istifadəyə verilib-A.R) dəmir yolu da bunlardan biridir.

Müəllifin qeyd etməsinə görə, beynəlxalq maliyyə institutları bu layihəni maliyyələşdirməkdən imtina etdikdə dəmir yolunun Gürcüstandan keçən hissəsini də Azərbaycan özü maliyyələşdirib. Yazıda vurğulanıb ki, bu, ilk növbədə, Azərbaycandan ötrü siyasi və iqtisadi dividentlər demək idi.

Müəllif bu layihənin əhəmiyyətini prezident İlham Əliyevin BTQ-nin açılış mərasimindəki çıxışından sitat gətirməklə çatdırmağa çalışır: «Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk».

Müəllif bildirir ki, bu nəqliyyat dəhlizi ilə yük daşınması ilə birgə, artıq sərnişin daşımaq da mümkün olacaq: «Artıq...10 vaqondan ibarət sərnişin qatarının xəttə buraxılması hazırdır. Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 3-də Bakı Dəmir Yolu Vağzalında gətirilən həmin qatarlarla tanış olmuşdur».

XS
SM
MD
LG