Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

İran sanksiyalardan 10 milyard dollar itirib


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar İrana qarşı “maksimum təzyiq kampaniyası”nın nəticələrini açıqlayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Trump ötən ilin mayında sənəddən çıxdığını açıqlayıb və Tehrana sanksiyaları bərpa edib.

2015-ci il nüvə sazişinin məqsədi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirmək idi.

Ötən maydan “1,5 milyon barrel İran nefti bazardan yığışdırılıb, İrandan neft alışı tezliklə sıfıra enəcək”, – Dövlət Departamentinin dünən – aprelin 4-də açıqladığı sənəddə deyilir.

20-dən artıq ölkə idxalı sıfıra endirib

“Ümumilikdə, bizim sanksiyalar rejimin 2018-ci ilin mayından 10 milyard dollarlıq neft gəlirinə birbaşa çıxışını əngəlləyib. Vaxtilə İran neftinin daimi alıcısı olan 20-dən artıq ölkə idxalı sıfıra endirib. Noyabrda möhlət verilmiş üç yurisdiksiya artıq alışı sıfıra salıb”, – sənəddə vurğulanır.

Bu ilin yanvarında İrandan neft ixracı
Bu ilin yanvarında İrandan neft ixracı

Dövlət Departamenti onu da vurğulayır ki, Trump “26-dan artıq sanksiya vasitəsilə 970-dən çox İran qurumunu və fərdini hədəfə alıb”, buraya “İrana bağlı 70 maliyyə qurumu da daxildir”. Departament “rialın dəyərinin üçdə ikisini itirdiyini”, bunun böhran yaratdığını, inflyasiyanın “rekord 40 faizə çatdığını” vurğulayır.

Nüvə sazişinin digər tərəfləri – Çin, AB, Fransa, Almaniya, Rusiya və Britaniya onu qorumağa çalışırlar. Avropa ölkələri onlara ABŞ sanksiyalarından yan keçməyə imkan verəcək “xüsusi mexanizm” hazırlayıblar. Amma İran bu planı skeptik qarşılayıb.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif bu həftə rəsmi vebsayta müsahibəsində deyib ki, AB, Fransa, Almaniya və Britaniya “ABŞ sanksiyalarına hazır olmayıblar və onlara dirəniş göstərməyə gücləri çatmayıb”.

“Avropalıların öhdəliklərinə əməl etmələri üçün onlara təzyiqi davam etdirəcəyik. Avropa bilməlidir ki, bəzi şərhlər verməklə, yaxud heç vaxt gerçəkləşməyən bəzi layihələr hazırlamaqla öhdəliklərindən yayına bilməz... Biz yenə də onlara heç vaxt ümid etməməliyik”, – o deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə Tehranın nüvə sazişinə əməl etdiyini təsdiqləyib. Qurumun rəhbəri Yukiya Amano bu həftə həmin mövqeyi bir daha təsdiqləyib. “İranın nüvə sazişinə zidd hansısa fəaliyyətini görmürəm”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG