Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

'Problemlərdən biri islahatın kiminlə həyata keçirilməsidir'-deputat (Media icmalı)


F.Mustafa
F.Mustafa

«Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında» Fərman, sosial sahədə atılan addımlar, Rusiyaya sanksiyaların genişlənməsinin Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Məhkəmələr vətəndaşı dövlətdən narazı salır»

Modern.az saytında «Məhkəmələr vətəndaşı prezidentdən, dövlətdən narazı salır - deputatlar fərmanı dəyərləndirdilər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, dövlət başçısı aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında» Fərman imzalayıb.

Deputat Fazil Mustafa fərmanı məhkəmə-hüquq sisteminə aid çox ciddi islahat layihəsi adlandırır: «Bu fərman vətəndaşın xilası sənədi kimi anlaşılmalıdır. Çünki vətəndaşı ölkə prezidentindən, dövlətdən narazı salan əsas qurum məhkəmələrdir. Məhkəmələrdə qəbul olunan qərarlar ölkənin imicinə kifayət qədər zərbə vurur və müəyyən problemlər yaradır. O baxımdan da, məsələnin mahiyyəti hamını düşündürür».

F.Mustafaya görə, burada əsas problemlərdən biri bu islahatın kiminlə həyata keçirilməsidir: «Tövsiyə olunan qurumların əksəriyyəti bilavasitə bu vəziyyətin yaranmasında məsuliyyət daşıyan orqanlardır. Onlar təkmilləşmə istiqamətində hansı rasional layihələr hazırlayıb təqdim edə bilərlər?!».

Deputat narahatlığını belə əsaslandırır: «Diqqət etmisizsə, bir neçə dəfə ölkə prezidenti tərəfindən mühüm, inqilabi əhəmiyyətli qərarlar verilib. Alternativ cəzaların tətbiqi, müəyyən dərəcədə bəraət hökmünün verilməsi və sairə məsələlərə dair... Bunların heç biri ciddi şəkildə icra olunmadı».

Deputat Fəzail Ağamalı isə bildirib ki, artıq prezidentin iradəsi ortadadır: «Fərmanda şəffaflıq, qanunun aliliyi, ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu sənədlər hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik».

V.Bayramov
V.Bayramov

Azərbaycana mesaj

Moderator.az saytında «Rusiyaya yönəlik sanksiya xəbəri Azərbaycan üçün də bir mesajdır – xəbərdarlıq!» sərlövhəli yazı diqqət çəkir.

Müəllif vurğulayır ki, Birləşmiş Ştatların (ABŞ) Rusiyaya tətbiq etdiyi sanksiyaların yaxın gələcəkdə daha irimiqyaslı xarakter alacağı ilə bağlı informasiyalar yayılır. Yazıda qeyd edildiyinə görə, bu da Rusiyanın başda bank sektoru olmaqla, iqtisadiyyatın digər mühüm sahələrinə ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Müəllif gözlənilən sanksiyaların Azərbaycana birbaşa və eləcə də dolayı ilə mümkün təsirlərini iqtisadçı-ekspert Vüqar Bayramovla dəyərləndirib.

V.Bayramov da deyib ki, Rusiya Azərbaycandan ötrü vacib ticarət tərəfdaşlarından biridir: «Eyni zamanda, qeyri-neft ixracatında Rusiya Azərbaycanın ən böyük tərəfdaşıdır. Azərbaycanın 1.7 milyard dollarlıq qeyri-neft ixracatının təxminən 35 faizindən çoxu Rusiyanın payına düşür. Bu da aqrar məhsullarımızı Rusiya bazarına birbaşa ixrac etməyimizlə bağlıdır... Bu baxımdan, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi qeydə alınarsa, bu, Azərbaycan üçün arzuedilən olmaz».

İqtisadçının fikrincə, Azərbaycan iqtisadiyyatı Rusiyaya tətbiq edilən sanksiyalardan sonra müəyyən qədər bu prosesin tətbiqinə adaptasiya olunub.

V.Bayramova görə, indiki məqamda qeyri-neft sektorunda əsas məqsədlərdən biri Azərbaycan məhsullarının digər bazarlara ixracını təmin etməkdir. Bununla belə o hesab edir ki, Rusiyaya sanksiyaların genişlənməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. «Əvvəlki sanksiyaların tətbiqindən xeyli müddət keçib və bu müddət ərzində Azərbaycanın iş adamları sanksiyalara uyğun olaraq öz işlərini qurmağa çalışırlar», - ekspert bildirir.

İqtisadçının fikrincə, bu, Azərbaycana gələn valyuta axınının həcminə təsir göstərə bilər: «Yeni sanksiyalar Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı coğrafiyasının dəyişdirilməsi baxımından bir mesaj hesab edilə bilər».

İ.Əliyev
İ.Əliyev

Sosial islahatlar paketi

«Azərbaycan» qəzetində «İlham Əliyev daha 600 min insanı sevindirdi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, prezident İlham Əliyevin son 3 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sənədlər və bu sahədə atılan addımlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır: «Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatlar, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür».

Yazıda iddia olunduğuna görə, son 3 ayda elə bir sahə yoxdur ki, maaşlarda, eləcə də sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin: «İlk növbədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin durumunu diqqətdə saxlayan prezident İlham Əliyev bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərir. Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun əyani təzahürüdür...».

Müəllif daha sonra da başqa kateqoriyalardan olan insanların müavinətlərinin artımına toxunur. Yazının sonlarına doğru isə oxuyuruq: «Göründüyü kimi, son 3 ayda prezidentin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənədlərdir...».

XS
SM
MD
LG