Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

'Əgər İran qadağanı daimi olaraq saxlasa,...'-Media icmalı


İranda kartof yığımı
İranda kartof yığımı

Çoxuşaqlı ailələrə münasibət, təhsilin vəziyyəti, İranın bəzi kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyması haqqında məlumatlar və bunun Azərbaycana mümkün təsirləri medianın toxunduğu mövzular sırasındadır...

«İran embarqoda yaşayan bir ölkədir»

«Yeni Müsavat» qəzetində «İranın kartof-soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?» sərlövhəli yazı oxumaq olar.

Müəllif bildirir ki, aprelin 4-dən İranda kartof-soğan məhsullarının ixracına qadağa qüvvəyə minir. Yazıda bu qərarın qonşu dövlət kimi Azərbaycanın ərzaq bazarına mümkün təsirləri iqtisadçı-ekspert Nicat Nəsirli ilə müzakirə edilib.

N.Nəsirli İranı Azərbaycanın kənd təsərrüfatı bazarını il ərzində formalaşdıran əsas ölkələrdən biri adlandırır: «Xüsusən, kartof məsələsində İran əsas rol oynayır. İl ərzində bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. İlkin yaz dövründə İranın belə bir qərar verməsi qiymətlərə ciddi təsir göstərməyəcək. Təxminən iki həftədən sonra faraş soğan və kartofun istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək».

Amma ekspert bu qadağanın ilin sonuna kimi davam edəcəyi halda payız-qış mövsümündə Azərbaycana təsirlərini istisna etmir: «Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın».

N.Nəsirlinin bildirməsinə görə, qonşu ölkə indi faraş kartof və soğanın çıxdığı bir dövrdə daxili bazarı qorumağa çalışır: «Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır...».

K.Əsədov
K.Əsədov

«Müəllimlər köhnə qaydadan istifadə edirlər»

Yenisabah.az saytında «Müəllimlərin kurikulum problemi - MİQ üçün mövzu əzbərləməklə öyrənmək olmaz» sərlövhəli yazı yer alır.

Müəllif ölkə təhsili ilə bağlı bir sıra məsələləri ekspert Kamran Əsədovla dəyərləndirib.

Ekspert deyir ki, Azərbaycan orta məktəblərində tədrisin kurikulum standartlarına uyğun tətbiqi 2008-ci ildən başlayıb. Onun iddiasına görə, Dövlət İmtahan Mərkəzinin 2017-ci ildə IX sinif şagirdlərinə keçirdiyi buraxılış imtahanlarının nəticələri göstərdi ki, orta məktəblərdə tədris dövlətin standartlarına uyğun həyata keçirilməyib: «Şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir. Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər təhsil ideyamıza çevrilməyib».

K.Əsədovun bildirməsinə görə, imtahanlardan alınan nəticə göstərdi ki, kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü inkişaf etdirməyib. Ekspertə görə, imtahanlarda aşağı nəticələrin alınmasının səbəbi tədrisin elə köhnə qaydalarla idarə edilməsindədir: «Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və mənimsəyiblərsə, yeni sistemdə də ənənəvi, köhnə qaydadan istifadə edirlər».

K.Əsədov deyir ki, 2017-ci və 2018-ci illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 alıb: «Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə, məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər».

Ailə
Ailə

Çoxuşaqlı ailələr

«Azərbaycan» qəzetində «Dövlətin bir əli də çoxuşaqlı ailələrin üstündədir» sərlövhəli yazı dərc edilib.

Müəllif öncə rəsmi statistik göstəricilərə istinadən ölkədə qadınların sayı, əmək fəaliyyəti haqda rəqəmləri sadalayır. Eyni zamanda, hər bir qadının ana olaraq dünyaya övlad gətirib tərbiyə etməsini onun ali missiyası adlandırır. Yazıda mövzu ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan sitat da gətirilir. «Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir», - M.Əliyeva çıxışlarının birində deyib.

Müəllifə görə, artıq ölkədə çoxuşaqlı ailə formatı dəyişib. Yazıda vurğulanır ki, indi üç uşaqlı ailə çoxuşaqlı ailə sayılır.

Müəllifin iddiasına görə, Azərbaycan dövləti çoxuşaqlı ailələrə xüsusi dəstək göstərir: «Dövlət başçısının son aylarda imzaladığı bir sıra sənədlər buna aydın misaldır. Məsələn, Prezidentin 25 fevral 2019-cu il tarixli «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamında uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırıldığı bildirilib. Sərəncamda çoxuşaqlı analar da unudulmayıb. 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılıb».

XS
SM
MD
LG