ABŞ Prezidenti Donald Trump cənub sərhədini bağlamaq təhdidlərini azaldıb. Belə ki, administrasiya rəsmiləri prezidenti təmin edəcək bəzi tədbirləri nəzərdən keçiriblər, məsələn, müəyyən keçidlərdən piyadaların keçməsini dayandırmaq kimi. Bu haqda “The Associated Press” agentliyi yazır.
Trump ötən həftə belə bir təhdid səsləndirmişdi ki, Meksika ABŞ-a qanunsuz miqrasiyanın qarşısını dərhal kəsməsə, sərhədi bağlayacaq. Belə bir addım sərhədin hər iki tərəfindən böyük iqtisadi fəsadlar törədə bilərdi.
Trump dünən – aprelin 2-də deyib ki, son günlər Meksikanın atdığı addımlardan məmnundur. O, Konqresi problemi həll edəcəyini düşündüyü bəzi dəyişiklikləri gerçəkləşdirməyə səsləyib.
“Görək bu işi davam etdirəcəklərmi?” – o, Meksikayla bağlı deyib. “Əgər etməsələr, yaxud Konqreslə razılığa gəlməsək, sərhədlər 100% bağlanacaq”, – prezident vurğulayıb.
5-Cİ KATEQORİYALI QASIRĞA
O, həmçinin sərhədin “bütünlükdə deyil”, “böyük hissələrinin” bağlana biləcəyini sözlərinə əlavə edib.
Dünən axşam daxili təhlükəsizlik katibi Kirstjen Nielsen kabinet üzvlərinə və Ağ evdəki köməkçilərə fövqəladə zəng edib. “Bununla 5-ci kateqoriyalı qasırğayla davranacağımız kimi davranmalıyıq”, – zəng olunmuş şəxslərdən biri söyləyib. O, agentliyə anonimlik şərtilə danışıb.
Nielsen fövqəladə əməliyyatlar mərkəzi yaradıb və ABŞ Sərhəd Mühafizəçisinin rəsmisi Manny Padilla-nı əməliyyat-böhran koordinatoru təyin edib.
Sərhədin bağlanması təchizat xətlərini, avokadodan tutmuş maşınlara qədər bir çox məhsulların axınını pozar, “potensial fəlakətli iqtisadi təsiri” olar. Senatda çoxluğun lideri, respublikaçı senator Mitch McConnell belə düşünür.
Administrasiyada bəziləri isə bu addımın qanunsuz immiqrasiyanı daha da gücləndirəcəyindən narahatdırlar.
Hökumət başqa yollar axtarır. Ağ evin iqtisadi müşaviri Larry Kudlow CNBC-yə müsahibəsində deyib ki, yük maşınları keçidlərinin açıq saxlanması variantını nəzərdən keçirir.
“Yüzminlərlə turist, sərhədi qanunsuz keçən işçilər üçün bu, çox çətin ola bilər”, – Kudlow deyib.
Ağ evin sözçüsü Hogan Gidley isə MSNBC-yə demişdi ki, müəyyən liman girişlərinin, yaxud hamısının bəzi hissələrinin bağlanması sərhədin bütünlükdə bağlanması əvəzində atıla biləcək addımlardır.