Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:11

Erdogan-ın populizmi tükəndimi – Qərb mediası


AKP tərəfdarları
AKP tərəfdarları

“The New York Times” qəzetində Selim Koru yazır ki, 30 yaşı var və ağlı kəsəndən Türkiyədə belə bir seçki ritualı görüb: seçki ərəfəsi kəskin rəqabət aparılır, seçki günü adamlar məntəqələrə gedib səs verirlər, bülletenlər sayılır və Recep Tayyip Erdogan qalib gəlir.

Amma 31 mart bələdiyyə seçkisindən sonra son 17 ildə təkrarlanmış bu ritual dəyişib. Ankara və İstanbulda ana müxalifət CHP-nin namizədləri qalib gəlib. Erdogan bu dəfə də balkon çıxışı edib, amma... qısa və qaranlıq danışıb.

Müəllif 1990-cı illərin iqtisadi böhranları, zəif hökumət koalisiyaları, mülki iğtişaşlar fonunda siyasətə gələn Erdogan və müttəfiqlərini “yaxşı idarəçilik adaları” adlandırır. 2002-ci ildə AKP ilə hakimiyyətə gələn Erdogan iqtisadiyyatı, idarəçiliyi möhkəmləndirdi. Türkiyə çiçəklənirdi, dünya müsəlman çoxluqlu demokratiyanın “Türkiyə modeli”ndən danışırdı.

Son seçkidə isə hakimiyyətin televiziya üzərində monopoliyaya yaxın sistem qurmasına, dövlət resurslarından gen-bol istifadəsinə baxmayaraq, müxalifət namizədləri böyük şəhərlərdə qalib gəldi.

Erdogan (ortada) seçki məntəqəsində
Erdogan (ortada) seçki məntəqəsində

Bu, Erdogan-ın siyasi strategiyasının tükənməsinin əlaməti ola bilər. Bu seçkidə müxalif siyasətçilər prezidentin adi seçiciləri terrorçu adlandırmasına lağ edirdilər. O özü iddianı rədd edib, onlardan birini məhkəməyə verib. İnternetdə yayılmış bir videoda isə bir yaşlı qadın soruşur: “Türkiyəni idarə edən biri niyə xalqına fərq qoymalıdır? Müxalifət partiyaları şeytandır, sən Erdogan yaxşısan?”

Populist ritorikanı yeni bir sifət səsləndirirsə və bu, oturuşmuş elitaya qarşıdırsa, həqiqətə uyğun görünür. Elita sıxışdırılmış, demoqrafik baxımdan tükənmişsə, artıq gülünc görünməyə başlayır.

Erdogan siyasətinin problemi də bundadır, özüylə səmimi deyil. O, siyasi məkanda dominantlıq etmək, ölkəni dəyişmək istəyir, ancaq repressiyanın miqyasını idarə etməyə həvəsli deyil. Müxalifətin terrorçu obrazını yaradır, həm də onların seçkidə iştirakına icazə verir”

Erdogan-ın siyasi üslubu onu tələb edir ki, ya gərginliyi daha da qızışdırsın, ya da onun ziddiyyətlərinin çəkisi altında əzilsin”, – müəllif yazır.

Rusiyada "saxta xəbər" qanununa etiraz
Rusiyada "saxta xəbər" qanununa etiraz

Dünyanın “saxta xəbər” qanunları

Dünyada bir çox hökumətlər və şirkətlər internetdə saxta informasiyanın yayılmasından getdikcə daha çox əndişələnməyə başlayırlar. İnsan haqları fəalları isə “saxta xəbərlər”lə mübarizə adıyla qəbul olunan qanunların müxalifəti susdurmaq üçün istifadə oluna biləcəyini deyirlər.

“Reuters” agentliyi dünyada qəbul olunmuş bənzər qanunları təhlil edir.

Məsələn, Sinqapurda qəbul olunmuş yeni qanun tələb edir ki, Facebook kimi sosial media saytları hökumətin saxta hesab etdiyi postların üzərində xəbərdarlıq işarəsi yerləşdirsin, “dövlətin marağına” zidd şərhləri silsin. Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 151-ci yeri tutan Sinqapur “dövlət maraqları” deyəndə təhlükəsizliyə, xarici əlaqələrə, seçki bütövlüyünə və sairəyə təhdidləri nəzərdə tutur. Qanunu pozanları 737 min 500 ABŞ dolları cərimə, 10 ilədək həbs gözləyir.

Rusiya da yaxınlarda oxşar qanun qəbul edib, tənqidçilər onun dövlət senzurasına yardım məqsədi güddüyünü deyirlər.

Fransa ötən il saxta xəbərlərə qarşı iki qanun qəbul edib. Məqsəd seçki kampaniyaları zamanı saxta informasiyayla mübarizədir. 2017-ci ilin prezident seçkisinə Rusiyanın müdaxilə etməsinə dair iddialar səslənmişdi. Prezident Emmanuel Macron o zaman vəd elədi ki, sosial mediada “saxta xəbərlərlə” mübarizə üçün media qanunlarında dəyişiklik edəcək. Ancaq bu addımın mülki azadlıqlara risk yaratmasına dair fikirlər səslənirdi.

Suriyalı uşaq
Suriyalı uşaq

Dünyada 113 milyondan çox adam acdır

Ötən il dünyanın 53 ölkəsində 113 milyon nəfər ərzaq çatışmazlığından əziyyət çəkib. 2017-ci ildə bu rəqəm 124 milyon nəfər idi. Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Ərzaq Proqramı birgə hesabat açıqlayıb.

Dünyada ərzaq böhranıyla üzləşənlərin sayı azalsa da, son üç ildə bu rəqəm 100 milyondan yuxarı qalıb. Bundan başqa, daha 42 ölkədə 143 milyon nəfər kəskin aclığın bir addımlığındadır.

Aclıq içində yaşayanların üçdə ikisi cəmi 8 ölkədədir – Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriya, Cənubi Sudan, Sudan, Suriya və Yəməndə. 17 ölkədə kəskin aclıq ya dəyişməz qalıb, ya da artıb.

Ötən il iqlim və təbii fəlakətlər daha 29 milyon nəfəri aclığa sürükləyib.

Şimali Koreya və Venesuela daxil 13 ölkə isə hesabata salınmayıb, çünki onlarla bağlı informasiya qıtlığı var.

XS
SM
MD
LG