Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

‘Gülüş ustasından da prezident olar?’ – Qərb mediası


Volodymyr Zelenskyy
Volodymyr Zelenskyy

Ukraynada 31 mart prezident seçkisində ən çox səs toplamış iki namizəd ikinci turda mübarizə aparacaq. Onlar komediya ustası Volodymyr Zelenskyy və hazırkı Prezident Petro Poroshenko-dur. Zelenskyy 30 faiz, Poroshenko isə 17 faizdən az səs yığıb. “Bloomberg”in saytında Leonid Bershidsky aprelin 21-də ikinci turun “əlbəyaxa döyüşə” bənzər keçə biləcəyini yazır.

Artıq bazar günü axşam Poroshenko rəqibini “yumşaq, savadsız, zəif, ideoloji baxımdan amorf, siyasi yöndən qətiyyətsiz”, oliqarx Igor Kolomoisky-nin oyuncağı adlandırıb.

Zelenskyy də söz altında qalmayıb, bu yaxınlarda hərbi təchizat sektorunda yaranmış, Poroshenko-nun səs itirməsinə səbəb olmuş qalmaqala eyham vurub. O sual edib ki, qalmaqalda prezidentin biznes tərəfdaşı kimi adıçəkilən şəxs Poroshenko-nun kuklasıdırmı.

Petro Poroshenko
Petro Poroshenko

Müəllif yazır ki, Zelenskyy-nin prezidentliyinin necə keçəcəyində Kolomoisky faktoru vacib sayılır. “Əgər o, doğrundan da çoxlarının təxmin etdiyi kimi milyarderdən asılıdırsa, prezidentliyi əvvəlki dönəmdən çox fərqlənməyəcək. Yəni liberal və antikorrupsiya islahatları vitrinə çıxarılacaq, arxasında isə dövlət başçısının dostları və tərəfdaşları üçün xəzinə gizlədiləcək. Zelenskiy isə istisnadır, çünki Poroshenko-dan fərqli olaraq ölkənin “canavar” xislətli siyasi mühitində təcrübəsi azdır, yəni indiki prezidentdən fərqi olaraq hakimiyyətini möhkəmləndirə bilməyəcək”, – yazan müəllif bu halda Ukraynanın geriyə qayıdacağını, ölkə iqtisadiyyatına sərmayənin əngəllənəciyini qeyd edir. Amma onun fikrincə, Zelenskyy maqnatın nüfuzundan çıxa bilsə, Ukrayna irəliyə doğru addım ata bilər.

Müəllif yeni, təcrübəsiz, isteblişmentə qarşı çıxan namizədin istənilən halda qeyri-müəyyənlik yaratdığını qeyd edir. “1 aprel gülüş günündə komediya ustasının uğuru bunun mütləq yaxşı əlamət olması anlamına gəlmir”, – məqalədə deyilir.

Zuckerberg Facebook-a canlı yayını məhdudlaşdıracaqmı

İki həftə öncə Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə 50 nəfəri öldürən şəxs hücumu Facebook-da canlı yayınlamışdı. Bundan sonra sosial şəbəkəyə Facebook Live-da yayınla bağlı “məhdudlaşdırma” tətbiq etmək üçün təzyiq olundu. Amma Facebook rəhbəri Mark Zuckerberg bu günlərdə “Washington Post”da dərc olunmuş məqaləsində internetin tənzimlənməsi barədə ümumi danışıb, konkret bu məsələyə toxunmayıb.

İllüstrativ foto
İllüstrativ foto

Texnologiya həyatımızın böyük hissəsidir və Facebook kimi şirkətlərin böyük məsuliyyəti var”, – Zuckerberg yazıb. Bir həftə öncə isə onun şirkəti Facebook Live-ı idarə edə bilmədiyini boynuna almışdı. “Forbes” dərgisi qeyd edir ki, ictimaiyyətin marağına oxunan məhdudiyyətsiz canlı video striminqə haqq qazandırmaq olmaz, özəlliklə də platformada zorakılıq, özünə əsarət yetirmək, hətta qətl və intiharlar yayınlanıbsa.

Ötən şənbə günü Facebook rəsmisi Sheryl Sandberg “New Zealand Herald” qəzetinə açıq məktubunda şübhəli terrorçunun Facebook və Instagram hesablarının, hücumun videosunu sildiklərini yazıb. “Biz süni intellektdən istifadə edərək əlaqədar videoların tapılaraq yayımının önlənməsinə nail olduq”, – o vurğulayıb.

Amma “Forbes” bütün bu addımların yetərli olmadığını, Sandberg-in məktubunda da detalların aydın verilmədiyini vurğulayır.

“Avstraliyada deputatlar sosial media rəsmilərini tədbir görməyəcəkləri halda həbslə hədələdi... Facebook hətta Kraystçerç hücumlarından sonra belə ağ millətçi və ekstremist kontentə icazə verirmiş, bu haqda məlumat yayılınca onu yığışdırdı”, – məqalədə vurğulanır.

Fransada Nasrin Sotoudeh-nin portreti
Fransada Nasrin Sotoudeh-nin portreti

Nasrin Sotoudeh və Nelson Mandela

“The Independent” qəzetində Peyvand Khorsandi İranda 55 yaşlı hüquq müdafiəçisi Nasrin Sotoudeh-nin həbsindən yazır. O, bir neçə ittiham üzrə üst-üstə 38 il həbsə və 148 qamçıya məhkum edilib. Ötən il küçə etirazlarında hicablarını açan qadınları müdafiə edirdi.

Müəllif yada salır ki, 1979-cu ildə hakimiyyəti ələ alan ruhanilər monarx Mohammad Reza Shah Pahlavi-ni həbsxanaları siyasi məhbuslarla doldurduğuna görə lağa qoyurdular. Hakimiyyət illərində isə özləri narazıları əzməklə məşğul olublar.

“İndi Sotoudeh, Narges Mohammadi və Arash Sadeghi kimilərin adlarını vurğulamaq Amnesty International və Human Rights Watch qeyri-hökumət təşkilatlarının öhdəsinə qalıb”, – yazan müəllif qeyd edir ki, xarici işlər naziri Jeremy Hunt ötən dekabrda İrana gedərək bir müddətdir ölkənin quruluşunu devirmək ittihamıyla həbsdə olan Nazanin Zaghari-Ratcliffe-ni buraxdırmağa çalışıb, amma heç ona baş çəkməyə də icazə ala bilməyib. “Amma nazir ona bir hədiyyə aparıb: Nelson Mandela-nın Azadlığa doğru uzun yol kitabını... Mandela 27 il həbsdə qalmışdı”, – məqalədə vurğulanır.

Sotoudeh sentyabrda Ludovic Trarieux beynəlxalq insan haqları mükafatı almışdı, Mandela həmin mükafata 1985-ci ildə həbsdə olanda layiq görülmüşdü. “Avropa Sotoudeh-nin mücadiləsindən xəbərdardır, amma heç kəs İran hökumətini dilxor eləmək istəmir”, – yazan müəllif beynəlxalq ictimaiyyətin İranda insan haqlarının durumuna daha çox diqqət ayırmalı olduğunu vurğulayır.

XS
SM
MD
LG