Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

'Sovet dövründə olduğu kimi, qanunun qəbul olunması...'-Media icmalı


Dollar
Dollar

Hesablama Palatasının fəaliyyəti, bu ilin ilk rübünün sosial-iqtisadi yekunları, vahid məktəbli geyimi ətrafında görülən tədbirlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Ekspert: «Manat üzərində böyük təzyiqlər formalaşmaqdadır»

«Yeni Müsavat» qəzetində «İlin ilk rübünün əsas yekunu-iqtisadçı ekspertin şərhi» sərlövhəli yazı oxumaq olar.

Müəllif 2019-cu ilin ilk üç ayının sosial-iqtisadi yekunlarını iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Müəllifin vurğulamasına görə, bu dövrü iqtisadi və sosial sahədə verilən qərarlar, aparılan islahatlar baxımından çox məhsuldar saymaq olar. Yazıda qeyd edilir ki, bu üç ayda minimum əməkhaqqı, müxtəlif sosial müavinət və təqaüdlər artırılıb: «Bundan başqa, son 3-4 ilin ən ciddi problemi olan problemli kreditlərlə bağlı müsbət qərar verildi».

Müəllif xatırladıb ki, martın 26-da «Diqlas» Ticarət Mərkəzində yanğın baş verib. Yazıda vurğulandığına görə, dövlət xalqın və sahibkarın yanında olduğunu göstərib.

İqtisadçı-ekspert R.Həsənov da bildirib ki, hələlik, rəsmi rəqəmlər 2019-cu ilin ilk rübündə iqtisadi inkişaf tempin son 3 illə müqayisədə daha dinamik olduğunu deməyə əsas verir: «Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik olmadı, yenə də məzənnənin Mərkəzi Bank tərəfindən diktə edilməsi siyasəti davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, manat üzərində böyük təzyiqlər formalaşmaqdadır. Xüsusilə də idxal istiqamətindən, turizm gəlirləri istiqamətindən. İdxal statistikasının təhlili göstərir ki, həm dövlət, həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin idxalında ciddi artımlar var. Bu artımlar 49 faiz ətrafındadır. Dövlət sektorunda bu daha yüksəkdir, ötən illə müqayisədə qısamüddətli dövrdə idxalda 2.2 dəfə artım olub».

Məktəbli forması
Məktəbli forması

Vahid məktəbli forması: olsun, olmasın?

Azedu.az saytında «Bütün məktəblər üçün vahid formanın qəbulu düzgün deyil, çünki…-etiraz» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vahid geyim formasının tətbiqi məsələsini müzakirəyə daşıyıb.

Yazıda bildirildiyinə görə, bu məsələ Mili Məclisin sonuncu plenar iclasında müzakirə olunan «Ümumi təhsil haqqında» Qanun layihəsində əksini tapıb.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü bu məsələnin doğru olmadığı qənaətindədir: «Bu, şagirdin, valideynin seçim hüququnun pozulmasıdır. Sovet dövründə olduğu kimi, müstəqil dövlətimizdə də, belə qanunun qəbul olunması ürəkaçan deyil. Məktəbin pedaqoji kollektivi də şagirdlərlə bərabər, vahid forma seçsələr, daha yaxşı olar».

M.Mürşüdlü hesab edir ki, qeyd edilən hal müsbət hesab oluna bilməz: «Məktəblər öz formalarını özləri seçsələr, bu, demokratik tələblərə uyğun davranış sayılar. Şagirdə azadlıq verilməlidir ki, o, gələcəkdə də düzgün şəkildə qərar qəbul etsin».

Ekspert hesab edir ki, fərqli formaları görmək insanın göz zövqünü oxşayır, həm də belə olduqda məktəblər bir-birindən seçilir.

M.Mürşüdlü bununla belə deyib ki, forma vacibdir. Onun fikrincə, bu zaman şagird özünü evdə deyil, daha ciddi müəssisədə hesab edir: «Çünki bu sosial fərqləri aradan qaldırır. Kasıb və varlı məfhumu aradan götürülür, iqtisadi fərqlər görünmür. Əgər vahid forma olmasa, bu, şagirdin psixologiyasına da təsir edər».

Deputat Asim Mollazadə isə bildirib ki, vahid geyim forması sisteminin tətbiqi aztəminatlı ailələrin xərclərinin azalmasına səbəb olacaq: «Yaxşı olardı ki, müvafiq aztəminatlı ailələrin xərcləri Təhsil Nazirliyi tərəfindən qarşılansın. Əgər belə bir vahid forma qəbul olunsa, bu, sosial gərginlikləri aradan qaldırar...».

Hesablama Palatası
Hesablama Palatası

Palata sədri: «Satınalmalarda olan nöqsanlar...»

«Azərbaycan» qəzetində «Büdcə vəsaitləri ölkənin inkişafına və xalqın rifahına xidmət etməlidir» sərlövhəli yazıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Müəllif yazıb ki, prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə ölkənin sosial-iqtisadi sahələrində son dövrlər ardıcıl islahatlar həyata keçirilir və bu hesaba bir çox uğurlara nail olunur.

Yazıda daha sonra Hesablama Palatasının sədri ilə söhbət təqdim edilir. Söhbətdə V.Gülməmmədov 2018-ci ili Hesablama Palatasından ötrü əlamətdar dövr hesab edib: «Ötən il kənar dövlət maliyyə nəzarəti orqanının fəaliyyətini tənzimləyən, beynəlxalq təcrübə və standartlara daha da yaxın olan yeni qanun qəbul edilmişdir. Bu, bizə artıq 2019-cu ilin İş Planının müəyyən olunmasında yeni yanaşma tətbiq etmək imkanı vermişdir. Həmçinin, yeni qanunvericiliyə uyğun daxili metodoloji sənədlərin də yenilənməsinə ehtiyac yaranmışdır ki, bu istiqamətdə də işlər gücləndirilmişdir».

Palata sədri deyib ki, son dövrlər xüsusilə güclənən islahatlar, idarəetmə sisteminin və normativ-hüquqi aktların təkmilləşdirilməsi maliyyə inzibatçılığına da öz təsirini göstərib: «Təkcə ötən il 53 audit nəticələri üzrə 714, 2017-ci ildə isə 49 auditlə 689 nöqsan müəyyən edilmişdir. Dövlət satınalmaları ilə bağlı Prezidentin təşəbbüsü ilə inzibati xətalar və cinayət məcəllələrinə edilən əlavələr də, təbii ki, bu istiqamətdə məsuliyyətin daha da artmasına səbəb olmuşdur...».

XS
SM
MD
LG