Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

'Prezidentin apardığı islahatlara kölgə salmaq istəyirlər'-deputat (Media icmalı)


Q.İbadoğlu
Q.İbadoğlu

«Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğının doğurduğu nəticələr, islahatlara maneələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Uduzan xalq, talanan büdcə»

Azadliq.info saytında «400 milyard pul gələn ölkədə bu qədər problem niyə olsun?» sualı gündəmə daşınır.

Sayt iqtisadçı Qubad İbadoğlunun martın 26-da «Diqlas-1» Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) baş vermiş yanğının üzə çıxardığı məsələlərə dair şərhinə yer verib.

İqtisadçı iddia edir ki, «Diqlas-1» MMC 5 manat nizamnamə kapitalı ilə qeydə alınıb. O, əlavə edir ki, dövlət başçısı ticarət mərkəzində baş verən yanğınla bağlı yaranan ziyana görə 3 milyon manat kompensasiya ayırıb. İqtisadçı vurğulayır ki, devalvasiyadan sonra qaytarılmayan 1 milyard manatdan çox vaxtı keçmiş borc da yenə 2019-cu il dövlət büdcəsindən 682 milyon manatlıq kredit xətti açmaqla restrukturizasiya ediləcək.

İqtisadçı hesab edir ki, amma illərlə yüksək kredit faizləri ilə milyardlar qazanan banklar və hər ay artırılan icarə haqları ilə milyonlar qazanan ticarət mərkəzi məsuliyyətdən kənarda qalır: «...Belə olanda da bir neçə epizodda birdəfəlik kompensasiya alan vətəndaşlar və ya sahibkarlar həmişəlik uduzurlar. Uduzan xalq, talanan büdcə, yanan ticarətçi, humanistlik adını qazanan isə hakim ailə olur».

İqtisadçıya görə, son 15 ildə ölkəyə böyük pullar gəlsə də, sığorta münasibətlərini, uçot-qeydiyyat sistemini tənzimləyən mühasibatlıq qaydaları belə yaradılmayıb. Onun fikrincə, buna isə səbəb odur ki, Azərbaycanda hakimiyyət mənsublarının ailə üzvləri sahibkarlıqla məşğul olur. «Məmurlar büdcənı talayır, deputatlar biznes və qrant dərdi çəkir...», - yazıda oxuyuruq.

Müşavirə
Müşavirə

«Vətəndaşın güvənci»

«Azərbaycan» qəzetində dərc edilən «Vətəndaşın güvənc yeri dövlətdir» sərlövhəli yazıda da «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğının doğurduğu məsələlər dəyərləndirilir. Amma burada müəllif mövzuya Qubad İbadoğludan fərqli yanaşır.

Yazıda qeyd edilir ki, bu yanğınla bağlı martın 28-də prezidentin sədrliyi ilə keçirilən müşavirədə bir daha dövlət çətin məqamda vətəndaşların yanında olmaq, onlara maddi və mənəvi dəstək vermək missiyasını ortaya qoyub.

Müəllif müşavirədə dövlət başçısının ticarət mərkəzində çalışanlara dəyən ziyanın ödənilməsi ilə bağlı sözlərinə diqqət çəkir. «Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik», - prezident müşavirədə deyib.

Müəllifin yazmasına görə, müasir dünyada, inkişaf etmiş ölkələrin özündə belə məsələlər fərqli qaydada həll olunur: «Hətta ABŞ kimi ölkədə belə hadisələrdə ziyan çəkənlərə dövlət səviyyəsində yardım edilmir. Bu cür hadisələr baş verəndə bütün maliyyə yükü sığorta şirkətlərinin boynuna düşür. Qərb təfəkkürü ona hesablanıb ki, hər bir sahibkar daşınan və daşınmaz əmlaklarını sığortalamalıdır. Çünki əmlakın sığortalanması hər bir sahibkar, yaxud adi vətəndaş üçün vacib məsələdir».

Yazının sonunda da prezidentin məlum müşavirədəki çıxışından yenə sitat verilir: «...ilk növbədə biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik».

V.Əhmədov
V.Əhmədov

«İslahatları həyata keçirmək asan deyil»

YeniSabah.az saytında «Var-dövlət yığanlar prezidentə mane olmaq istəyirlər-deputatdan şok açıqlama» sərlövhəli yazı oxumaq olar.

Sayt islahatlar mövzusu ətrafında deputat Vahid Əhmədovun fikirlərinə yer verib: «Ölkədə sabitlik olmalı, insanların həyat şəraiti yaxşılaşdırılmalıdır. Bütün bunları nəzərə alan prezident İlham Əliyev 6 aydır ki, çox ciddi siyasi, iqtisadi, institusional islahatlara, o cümlədən kadr islahatlarına start verib».

Yazıda qeyd edilir ki, bunu deputat V.Əhmədov bu günlər keçirilən tədbirlərin birində bildirib.

V.Əhmədov vurğulayıb ki, islahatların əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi, rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasıdır. Amma yazıda bildirildiyinə görə, V.Əhmədov iddia edib ki, bu islahatları həyata keçirmək o qədər də asan deyil: «Biz bunu hiss edirik. Çox təəssüf edirəm ki, Azərbaycanda bəzi qüvvələr prezidentin apardığı islahatların üzərinə kölgə salmaq, hətta mane olmaq istəyirlər. Mən o insanları da başa düşürəm. Çünki uzun müddətdir ki, kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər».

Deputatın fikrincə, prezident kifayət qədər iradəli bir siyasətçidir və qarşısına qoyduğu məqsədlərə çatacaq.

V.Əhmədov sonda da iddia edib ki, əgər Qarabağ münaqişəsinin də həlli istənilirsə, güclü dövlət qurulmalıdır.

XS
SM
MD
LG