Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 05:27

Türkiyədə bələdiyyə seçkisi niyə savaşa çevrilir


Recep Tayyip Erdoğan-ın seçki plakatı
Recep Tayyip Erdoğan-ın seçki plakatı

Bazar günü – martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçiriləcək. “Euronews” bu seçkinin qütbləşmiş bir siyasi mühitdə baş tutduğunu, Prezident Recep Tayyip Erdogan-ın ölkə boyunca seçki marafonları keçirərək hökumətinin zərbə almamasına çalışdığını yazır.

Erdogan 2018-ci ilin iyununda yenidən prezident seçilib və bu seçki ona dəstəyin göstəricisi sayılacaq. Ötənilki seçkidə Erdogan parlament və ədliyyə sistemi üzərində səlahiyyətini genişləndirdi.

YENİ DÜZƏN

Bu seçkinin nəticəsi həm Türkiyənin daxili siyasətinə, həm də ABŞ-la münasibətlərinə yeni düzən verə bilər. Erdogan-ın Ədalət və İnkişaf Partiyası (AKP) ilə Millətçi Partiyanın (MHP) alyansı Suriyadakı kürdlərə qarşı daha kəskin mövqe ortaya qoya bilər. Kürdlər Qərbin dəstəklədiyi, İslam Dövləti qruplaşmasına qarşı koalisiyanın əsas qüvvəsidir.

Recep Tayyip Erdogan seçki marafonunda
Recep Tayyip Erdogan seçki marafonunda

İqtisadi geriləmə hakim partiyanın İstanbul və Ankara kimi əsas şəhərlərdəki mövqeyinə təsir göstərən daha bir faktordur.

İnflyasiya 20 faizə qalxıb, işsizlik səviyyəsi 11%-dir. Hər 5 gəncdən biri işsizdir. Rəy sorğuları seçicilərin ən böyük narahatlığının iqtisadiyyat və işsizlik sarıdan olduğunu göstərir.

Son bir ildə Türkiyədə ərzağın qiyməti 30 faizədək yüksəlib. Sonucda Erdogan ərzaq sahəsində inflyasiya ilə mübarizəyə başlayıb, qiymətləri kəsmə yoluna əl atıb.

Çərşənbə günü Türkiyənin əsas səhmlərinin indeksləri 5 faizdən də çox düşüb. Bundan öncə hökumət Türkiyə banklarına göstəriş verib ki, seçkidən öncə milli valyutanı qorumaq üçün lirənin likvidliyini qoruyub saxlasınlar.

81 bələdiyyənin sədri seçilməlidir. Hazırda 81 bələdiyyədən 49-nu Erdogan-ın AKP partiyası idarə edir.

Ölkədə 57 milyon qeydiyyata alınmış seçici var.

ERDOGAN-IN SINAĞI

Bu seçki Prezident Erdoganın yeni prezidentlik sistemi ilə idarəçiliyi dönəmində ilk səsvermədir, yəni bir növ onun prezidentliyi ilə bağlı referendumdur.

Arxiv fotosu
Arxiv fotosu

İzmir, Adana, Bursa, Ankara və İstanbul kimi böyük şəhərlərdə AKP ilə müxalifət partiyalarının alyansının mübarizəsi kəskin olacaq. İstanbul və Ankarada üstünlüyü saxlamaq hakim partiya üçün vacibdir.

Seçkidə əsas iki alyans yarışacaq. “Cumhur İttifakı” AKP və MHP-dən ibarətdir. Əsas müxalifət partiyası CHP və mühafizəkar İyi Parti isə “Millət İttifakı” yaradıblar.

Müxalifətin alyansını dəstəkləmək niyyətilə kürdpərəst HDP İstanbul, Ankara və İzmirdə namizəd irəli sürməyib. HDP hazırda parlamentdə üçüncü böyük fraksiyadır.

Kürd seçicilər seçkinin nəticəsinin formalaşmasında vacib rol oynayacaqlar.

Son rəy sorğuları AKP-nin paytaxt Ankarada seçkini uduzacağını, bu şəhərdəki 25 illik hakimiyyətinə son qoyulacağını göstərir.

Erdoganın doğma şəhəri İstanbulda AKP namizədi üstünlüyünü saxlayır. Rəy sorğuları Bursa, Adana, Antalya kimi şəhərlərin də müxalifətin idarəçiliyinə keçə biləcəyini göstərir.

XS
SM
MD
LG