Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir-Media icmalı


İ.Məmmədov
İ.Məmmədov

Azərbaycanda islahatlar, «Diqlas» Ticarət Mərkəzindəki yanğının üzə çıxartdığı nəticələr, REAL Partiyasının sədrinin qarşıdakı 5 ildə seçkilərə qatılmaq imkanı əldə etməməsi və başqa məsələlər medianın diqqət ayırdığı mövzularındandır...

İlqar Məmmədov 5 il...

Modern.az saytında «İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, dünən, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin REAL Partiyasının sədri İlqar Məmmədov haqqındakı cəzasını dəyişdirib. Dəyişikliyə əsasən, İ.Məmmədovun şərti cəzası başa çatıb: «Başqa sözlə, onun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib. İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən ölkədən çıxış qadağası da aradan qaldırılıb».

Amma sayt xəbər verir ki, REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli İ.Məmmədovla bağlı yeni açıqlama verib. O bildirib ki, Ali Məhkəmə İ.Məmmədovun kassasiya şikayətini qismən təmin edib: «Üzərindən şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı ləğv etdi. Amma cinayət işinə xitam vermədi. Bu isə o deməkdir ki, İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd kimi iştirak edə bilməyəcək».

E.Qədirli məsələ ilə bağlı yenidən məhkəməyə müraciət olunacağını istisna etməyib.

O.Gündüz
O.Gündüz

«Günahkar məmurlar»

YeniSabah.az saytında «Azərbaycanda günahkar məmurlar niyə cəzalandırılmır?» sualı gündəmə daşınır.

Sayt martın 26-da Bakının Nizami rayonunda yerləşən «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın və bundan irəli gələn məsələlərə dair Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün düşüncələrinə yer verib. «Belə bir zamanda prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, prezident iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi, doğru yanaşmadır», - deyə mərkəz rəhbəri bu yanğınla bağlı martın 28-də dövlət başçısının yanında keçirilən müşavirəni dəyərləndirir. Həmin müşavirədə prezident vurğulayıb ki, dövlət mərkəzdə mağazaları yanan sahibkarlara dəstək göstərəcək.

Amma O.Gündüz belə halların ənənəyə çevrilməsini istəmir: «Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdır. Sığorta sistemi işə salınmalıdır. Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır».

Ekspert hesab edir ki, bu hadisə dövlət qurumunun da qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır olmadığını ortaya qoyub: «Nə üçün? Vəsait ayrılmayıb, yoxsa məsuliyyətsizlik, yaxud rüşvət, korrupsiya var? Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir».

Ekspertə görə, dövlət qurumlarına qarşı tələblər sərtləşdirilməlir. Üstəlik, o hesab edir ki, rəsmi qurumların fəaliyyətinə ictimai nəzarət imkanları genişləndirilməlidir.

O.Gündüz vurğulayıb ki, bəzən prezidentin yanındakı müşavirələrdə hansısa nazir və ya rəhbər şəxsə verilən tapşırıqları icra etmədiyi üzə çıxır: «Amma sonradan müşahidə olunur ki, cəza ya olmur, ya sadəcə danlanır, ya yumşaq olur, ya da vəzifədən çıxmaqla canını qurtarır».

O.Gündüzün fikrincə, prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilər.

İ.Əliyev Sumqayıtda
İ.Əliyev Sumqayıtda

«İslahatların 3 ili»

«Azərbaycan» qəzetində «Azərbaycanın yeni rekordları» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 3 il əvvəl başlanmış islahatların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yenidən artım nümayiş etdirir: «Hər rübün və ilin iqtisadi yekunları görülən işlərin və yeni təşəbbüslərin hədər getmədiyini göstərir. Bu mərhələdə qarşıya qoyulan əsas məqsəd isə qeyri-neft sektorunun inkişafıdır. 2015-ci ilin sonu və 2016-cı ilin əvvəllərindən Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar məhz bu məqsədə xidmət edib».

Müəllifin fikrincə, iqtisadiyyatın neftdən asılı olmayaraq inkişafı, sənayeləşmə, bundan irəli gələrək əhalinin sosial rifahının yüksəldilməsi Azərbaycan dövlətinin inkişaf strategiyasının hədəfləridir: «Məhz bu strategiyanın uğurla həyata keçirilməsi son 3 ildə Azərbaycanda iqtisadi inkişafı yeni mərhələyə qaldırıb, o cümlədən sənayeləşməni gücləndirib. Aparılan islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qısa müddətdə bu sahədə nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib».

Yazıda vurğulanır ki, bu ilin 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulda (ÜDM) 3 faiz artım müşahidə edilib. Yazıda daha sonra da oxuyuruq: «Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir. 2019-cu il isə daha sürətli iqtisadi artım və sosial yüksəliş dövrü kimi yadda qalacaq...».

XS
SM
MD
LG